67 yaşlı amerikalı Tim Endryus dünyada ilk dəfə olaraq iki fərqli mənbədən böyrək transplantasiyası edilən pasiyent kimi tarixə düşüb. Ona əvvəlcə genetik modifikasiya olunmuş donuz böyrəyi, daha sonra isə insan donor böyrəyi köçürülüb.
Bakupost.az xəbər verir ki, ağır şəkərli diabet xəstəsi, böyrək çatışmazlığından əziyyət çəkən Endryus iki il ərzində həftədə üç, hər dəfə altı saat dializ prosedurundan keçib. Zamanla vəziyyəti ağırlaşıb, yeriməkdə çətinlik çəkib, daimi halsızlıq yaşayıb və infarkt keçirib. Xəstə bildirib ki, bir müddət sonra çıxış yolunun olmadığını düşünməyə başlayıb.
Müalicə variantlarını araşdırarkən, o, 2024-cü ildə Bostonda yaşayan Riçard Slayman adlı pasiyent barədə məqalə oxuyub. Həmin şəxsə terminal mərhələli böyrək çatışmazlığı səbəbilə genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülmüşdü. Əməliyyat əvvəlcə uğurlu sayılsa da, iki ay sonra Slayman gözlənilməz ürək tutmasından vəfat etmişdi.
Buna baxmayaraq, Endryus riskə getməyə qərar verib. 2025-ci ilin yanvarında həkimlər ona donuz böyrəyi köçürüblər. Əməliyyatdan sonra orqanizmin orqanı rədd etməməsi üçün 51 adda dərman qəbul edib. Donuz böyrəyi 271 gün fəaliyyət göstərib ki, bu da bu tip transplantasiyalar üçün ən uzun müddətlərdən biri hesab olunur. Lakin 2025-ci ilin payızında fəsadlar yaranıb və orqan çıxarılıb.
Bundan sonra Endryus yenidən dializə qayıdıb və vəziyyətinin ağır olduğunu etiraf edib. 2026-cı ilin yanvarında isə ona vəfat etmiş donordan demək olar ki, tam uyğun insan böyrəyi tapılıb. Əməliyyat uğurla keçib və bir neçə gün sonra o, evə buraxılıb. Hazırda pasiyent bərpa mərhələsindədir və dərman müalicəsini davam etdirir.
Endryusun sözlərinə görə, heyvan orqanlarının transplantasiyası uzun illər donor gözləyən xəstələr üçün müvəqqəti çıxış yolu ola bilər. Mütəxəssislər hesab edirlər ki, bu hadisə transplantologiya sahəsində yeni mərhələnin başlanğıcı sayıla bilər.
Cavid, BakuPost