"Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır".
“Bakupost” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışında deyib.
O bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasını (UNCAC), BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ Konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.
Məkkə Konvensiyasına qoşulmaq ölkəmizə nə verəcək?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, Məkkə Konvensikyasının üzvləri İslam Əməkdaşlıq Təşkilatının(İƏT) üzvləridir, bu baxımdan həmin konvensiyaya qoşulmaq İƏT ölkələrilə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq:
“Yəni mövcud beynəlxalq mexanizmlərə əlavə əlaqə kanalları, maliyyə araşdırmaları üzrə təcrübə mübadiləsi və s. məsələlərdə müəyyən şərait və imkanlar yarana bilər. Bu konvensiyada bir çox müddəalar nəzərdə tutulur ki, onun da əksəriyyəti BMT-nin müvafiq konvensiyalarında öz əksini tapıb”.
Müsahibimizin sözlərinə görə, Məkkə Konvensiyasına qoşulmağımızın ölkəmiz üçün əsas faydası odur ki, İƏT daxilində hətta beynəlxalq konvensiyanın üzvü olmayan ölkələrlə də əməkdaşlığın səmərəliliyi və genişlənməsinə şərait yaranacaq:
“Habelə burada olmağımızın korrupsiya ilə bağlı Azərbaycandan çıxarılan pulların, əmlakın geri qaytarılması istiqamətində də faydası ola bilər. Bunun üçün operativ əməkdaşlıq imkanları nəzərdə tutulur. Eyni zamanda, dövlət və özəl sektorda korrupsiya cinayətlərilə bağlı vaxtaşırı məlumat mübadiləsinin aparılması, şübhəli şəxslər, şübhəli vəsaitlərin hərəkəti, əmlak və şirkətlərin həqiqi sahibləri barədə məlumatların toplanması baxımından da faydalı olacaq”.
Rüfət Sultan,
BakuPost