Ağdam Rayon Mərkəzi Xəstəxanasında ağır vəziyyətdə olan pasiyentə tibbi yardım göstərilməməsi ilə bağlı görüntülər yayılıb.
"Bakupost" xəbər verir ki, görüntülərdə yaşlı qadının halının pisləşdiyi və öyüdüyü anlar əks olunub.
Anasını xəstəxanaya gətirdiyini deyən şəxs bildirib ki, qadın saatlarla dəhlizdə qalıb və ona lazımi tibbi yardım göstərilməyib. Onun sözlərinə görə, anası təxminən 3-4 saat gözlədikdən sonra vəziyyəti ağır halda evə göndərilib.
“Firuzə həkim deyir ki, o buranın xəstəsi deyil, mən ona baxa bilmərəm”, - pasiyentin qızı bildirib.
Məsələ ilə bağlı
“Bakupost”un sorğusuna cavab verən TƏBİB isə pasiyentə tibbi yardım göstərildiyini açıqlayıb.
Qurumdan bildirilib ki, oktyabrın 24-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində bir neçə ağır vəziyyətli pasiyentə, o cümlədən miokard infarktı keçirən xəstəyə təcili tibbi yardım göstərilib.
"Məmmədova Telli Qara qızı triaj sistemi üzrə sarı kateqoriyaya uyğun, tibbi prioritet ardıcıllığı əsasında müayinə olunub. Onun həyati göstəriciləri qiymətləndirilib, EKQ müayinəsi aparılıb, kardioloqla konsultasiya edilib və ilkin tibbi yardım göstərilib".
Qurumdan o da bildirilib ki, oktyabrın 26-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən həkimdən izahat alınıb, məsələ araşdırılıb və onunla maarifləndirici söhbət aparılıb.
Lalə Novruz, BakuPost