Qazaxıstanda böyük sərvətə malik şəxslər üçün daha yüksək vergi dərəcələrinin tətbiqi müzakirəyə çıxarılacaq. Ölkə Prezidenti Kasım-Jomart Tokayev iri sərvət sahiblərinin dövlət büdcəsinə daha çox töhfə verməsinin vacibliyini bildirib.
Azərbaycanda da yüksək gəlirli şəxslər və iri sərvət sahibləri üçün daha yüksək vergi dərəcələrinin tətbiqi məqsədəuyğun və mümkündürmü? Bunun nə kimi əhəmiyyəti olacaq?
İqtisadçı ekspert Xalid Kərimli
“Bakupost”a bildirib ki, Azərbaycanda bu məsələ aktual deyil:
“Böyük sərvətə malik şəxslərə daha yüksək vergi dərəcəsinin tətbiqi, onlara münasibətdə vergilərin artırılması məqsədəuyğun sayıla bilməz”.
Ekspert qeyd edir ki, ölkəmizdə əsas məsələ iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində addım atılması və gəlirlərin şəffaf olmasına nail olmaqdır:
“İqtisadiyyat, qeyri-neft sektoru inkişaf etdirilməli, insanların gəlirləri yüksəlməlidir. Əsas məsələ budur. Azərbaycanda varlı insanların sərvətlərinin qeydiyyatı da aparılmır”.
Müsahibimizin fikrincə, bu sahədə öncə şəffaflıq yaradılmalı, gəlir deklarasiyası olmalıdır ki, insanlar gəlirlərinin mənbəyini təqdim etsin:
“Bunlar olsaydı, indiki Vergi Məcəlləsi çərçivəsində kifayət qədər əlavə vergilər toplanardı. Toplanılan vəsaitin qanuni yolla toplanıb-toplanılmadığı məsələsi gündəlikdə olmalı və heç olmasa bundan sonra şəffaflıq yaradılmalıdır ki, insanlar gəlirlərini deklarasiya etsin”.
Rüfət Sultan,
BakuPost