Cənubi Qafqazda baş verən son geosiyasi hadisələr, xüsusilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşması regionda maraqları olan güc mərkəzləri arasında ciddi rezonansa səbəb olub. ABŞ-nin vasitəçiliyi ilə imzalanan sənəd, tərəflər arasında uzun illər davam edən münaqişənin aradan qaldırılması baxımından mühüm addım olsa da, bu prosesin Rusiyada narahatlıq doğurduğu açıq şəkildə görünür.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözügedən razılaşmaya münasibəti və son açıqlaması Moskvanın bu məsələdəki mövqeyini bir daha ortaya qoydu. Belə ki, Lavrov Vaşinqtonda əldə olunan razılaşmanın guya Moskvanın 2020–2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını iddia edib. Bundan başqa nazir razılaşmanı şübhə altına alaraq mətndə bütün məsələlərin razılaşdırılmadığını deyib.
Mövzunu
Bakupost.az -a siyasi şərhçi
Elçin Xalidbəyli şərh edib. O, Rusiya tərəfinin bu kimi açıqlamalarla hansı məqsədləri güddüyünü və real geosiyasi mənzərədə Moskvanın yerini geniş təhlil edib.
Politoloqun sözlərinə görə, son açıqlamada Rusiya diplomatiyasının davranış motivləri, həm də Cənubi Qafqazda dəyişən güc balansı aydın şəkildə əksini tapir:
“Sergey Lavrovun açıqlaması Rusiyanın maraqları üzərindən formalaşır, çünki Kreml yalnız Rusiyanın xarici siyasətini deyil, eyni zamanda postsovet respublikalarının, hətta bütün dünyanın siyasi kursunu müəyyənləşdirməyə xüsusi həvəs göstərir, halbuki buna nə haqqı, nə hüququ, nə də indiki dövrdə imkanları var. Bununla belə, Rusiya bu yanaşma tərzini eynilə davam etdirir. Lavrov təbii ki, Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış sənədlərdən ciddi şəkildə narahatdır, bu, Rusiyanın narahatlığının ifadəsidir.
Qlobal superdövlət statusunda olan ABŞ-nin Cənubi Qafqazda geosiyasi oyunçuya çevrilməsi Rusiya üçün olduqca ağır bir zərbədir. İndi Rusiya Cənubi Qafqazı ABŞ-yə güzəştə gedib-getməyəcəyi ilə bağlı seçim qarşısındadır. Üstəlik, bu seçimin real nəticələri də Kremldən asılı deyil, çünki Rusiya hazırda hansısa qərarı verib onun arxasında duracaq qədər güclü deyil. Ona görə də çox ciddi şəkildə narahatdırlar ki, ABŞ Vaşinqton anlaşması ilə Cənubi Qafqaza yerləşmək üçün hüquqi-siyasi mexanizmlər əldə edib. Bu da o deməkdir ki, əgər ABŞ indiki siyasətini eynilə davam etdirərsə, tezliklə Rusiya Cənubi Qafqazdan uzaqlaşmaq məcburiyyətində qalacaq.
Cənubi Qafqazda yeni yaranmaqda olan əsas geosiyasi, geoiqtisadi və geostrateji mexanizmə, yəni Zəngəzur dəhlizinə məhz yaxın 100 il ərzində ABŞ nəzarət edəcək. Bu da Cənubi Qafqazda Rusiyasız yeni düzənin qurulması deməkdir. Rusiya da bundan çox ciddi şəkildə narahatdır. Ona görə də xarici işlər naziri Sergey Lavrov bəyan edir ki, sənəddə hər şey razılaşdırılmayıb. Əslində isə ABŞ, Azərbaycan və Ermənistan özlərinə nə lazımdırsa, hamısını razılaşdırıblar.
Rusiya Zəngəzur dəhlizində pay sahibi olmaq istəyir. Əslində əsas hədəfi Zəngəzur dəhlizinə təkbaşına nəzarət etməkdir. Ancaq artıq reallıq ondan ibarətdir ki, Rusiya bu şansını tamamilə itirib. İndi əsas çalışdığı məsələ ondan ibarətdir ki, heç olmasa, bu dəhlizdə hansısa paya sahibi olsun. Təbii ki, Ağ Ev də Rusiyaya belə bir şans tanımaq niyyətində deyil. Bu baxımdan da Kreml Lavrovun dili ilə mesaj verir ki, hər şey razılaşdırılmayıb”.
Elçin Xalidbəyli əlavə edib ki, Sergey Lavrovun açıqlaması təhdid xarakteri daşıyır. Ancaq indiki situasiyada Rusiyanın Cənubi Qafqaza, xüsusilə də Zəngəzur dəhlizinə birbaşa pozucu müdaxilə etmək şansı o qədər də yüksək deyil.
Aysel,
BakuPost