Fiziki şəxs kirayə gəlirlərindən vergi ödəyərkən bu fəaliyyətlə bağlı xərclərini çıxmaqla vergini müstəqil hesablamaq və ödəmək hüququ əldə edir.
Layihəyə əsasən,kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Həmçinin icarəyə (kirayəyə) verən fiziki şəxs bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verməklə, icarə (kirayə) gəlirlərindən bu fəaliyyət üzrə çəkilən xərclər çıxılmaqla, bu Məcəllənin 101.3-cü maddəsində müəyyənləşdirilmiş dərəcə ilə vergi ödəmək hüququna malikdir.
Bu hüquqdan istifadə etmək istəyən fiziki şəxs bu barədə vergi orqanına və icarəçiyə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada məlumat təqdim etməlidir.
Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonra növbəti aydan başlayaraq fiziki şəxsin icarə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.
Vergi ilinin yekunu üzrə gəlir vergisi hesablanarkən fiziki şəxsin həmin təqvim ilinin əvvəlindən etibarən əldə etdiyi gəlirləri və çəkdiyi xərcləri nəzərə alınır. Hesablanmış illik gəlir vergisi həmin il üzrə ödəmə mənbəyində tutulmuş vergilərin məbləği qədər azaldılır.
Vergi məsələləri üzrə ekspert Anar Bayramov
"Bakupost"a bildirib ki, məsələnin iqtisadi mahiyyətini anlamaq üçün əvvəlcə əmlakın kirayəyə verilməsindən əldə olunan gəlirlərin vergiyə cəlb olunması qaydalarına diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, fiziki şəxslərin yaşayış və qeyri-yaşayış sahələrini icarəyə və ya kirayəyə verməsindən əldə etdikləri gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu:
"Tərəflərdən biri vergi ödəyicisi olduqda, yəni icarəyə verən və ya icarəyə götürən vergi uçotunda olduqda, bu məsələ istər-istəməz rəsmiləşdirilirdi. Məsələn, sahibkar hər hansı obyekti icarəyə götürürsə, həmin ünvanı fəaliyyət yeri kimi mütləq rəsmiləşdirməlidir. Əks halda, vergi uçotunda olmayan ünvanda fəaliyyət göstərdiyinə görə məsuliyyətə cəlb oluna bilər".
A.Bayramovun sözlərinə görə, əsas problem həm kirayəyə verənin, həm də kirayə götürənin vergi ödəyicisi olmadığı hallarda yaranırdı:
"Məsələn, bir şəxs öz mənzilini tələbələrə kirayə verir. Bu zaman kirayə götürən tələbələrin vergi orqanlarında uçota alınmaq və bəyannamə təqdim etmək kimi öhdəlikləri yoxdur. Lakin qanunvericiliyə əsasən, kirayə verən şəxs vergi uçotuna alınmalı (33-cü maddə), həmçinin bəyannamə təqdim etməlidir (149-cu maddə). Lakin təəssüf ki, bu cür hallarda kifayət qədər böyük məbləğdə kirayə gəlirləri vergidən kənarda qalırdı. Çünki tərəflərdən heç biri vergi ödəyicisi olmadıqda əməliyyata birbaşa nəzarət etmək çətinləşirdi.14 faizlik vergi yükü mənzilini kirayəyə verən şəxsləri müqaviləni rəsmi qaydada rəsmiləşdirməkdən və əldə etdikləri gəlirləri bəyan etməkdən çəkindirirdi. Digər tərəfdən, yaşayış binalarında hansı mənzilin kirayə verildiyini müəyyənləşdirmək və bütün hallara birbaşa nəzarət etmək də çətin idi. Bu amillər kirayə gəlirlərinin vergidən gizlədilməsinə şərait yaradırdı. Qanunvericiliyin imkan verdiyi çərçivədə bu cür halların müəyyənləşdirilməsində polis orqanlarının, xüsusilə sahə müvəkkillərinin də rolu olurdu. Onlar müvafiq halları aşkar etdikdə şəxslərin məsuliyyətə cəlb olunmasına və kirayə münasibətlərinin rəsmiləşdirilməsinə nail olurdular. Lakin bu zaman da bəzi şəxslər əldə etdikləri gəlirləri real məbləğdən xeyli aşağı göstərirdilər. Digər tərəfdən, qeyri-rəsmi kirayə münasibətləri mülkiyyətçilərin özləri üçün də problemlər yaradırdı. Təcrübədə kirayə götürən şəxsin mənzili boşaltmaqdan imtina etməsi, yaxud əmlaka zərər vuraraq oradan çıxması kimi hallarla rastlaşırıq. Rəsmi müqavilə olmadıqda isə mülkiyyətçinin hüquqlarını qoruması çətinləşirdi".
Ekspertin sözlərinə görə, məhz bu problemlər nəzərə alınaraq vergi dərəcəsinin azaldılması istiqamətində dəyişiklik edilib:
"Artıq 2026-cı ildən yaşayış sahələrini fiziki şəxslərə yaşayış məqsədilə kirayə verən şəxslər üçün vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Məqsəd mülkiyyətçiləri kirayə münasibətlərini rəsmiləşdirməyə, əldə etdikləri gəlirləri bəyan etməyə təşviq etməkdir. İqtisadiyyatda belə bir yanaşma var: vergi dərəcələrinin aşağı salınması hesabına vergi daxilolmalarını artırmaq mümkündür. Çünki vergi dərəcəsinin yüksək olması heç də həmin sahədən büdcəyə daxilolmaların çox olacağı demək deyil. Əksinə, yüksək vergi yükü şəxsləri gəlirlərini gizlətməyə sövq edə bilər. Dərəcələr aşağı salındıqda isə gəlir əldə edən şəxslər həmin gəlirləri bəyan etməkdə və vergini dövlət büdcəsinə ödəməkdə daha maraqlı olurlar. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: 10 faizlik vergi dərəcəsi yalnız yaşayış sahələrinin fiziki şəxslərə məhz yaşayış məqsədilə kirayə verilməsinə aiddir. Əgər şəxs öz mənzilini sahibkarlıq fəaliyyəti məqsədilə, məsələn, ofis və ya digər kommersiya fəaliyyəti üçün icarəyə verirsə, bu zaman 14 faizlik vergi dərəcəsi tətbiq olunur. Eyni qayda qeyri-yaşayış sahələrinin, yəni obyektlərin icarəsinə də aiddir".
Lalə, BakuPost