2026-cı ilin ilk doqquz ayında məhkəmə icraçıları ölkə qanunlarını pozduqlarına görə Rusiyadan 63.500 miqrantı zorla deportasiya edib.
“Bakupost” xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə özünün Max kanalında məlumat verib.
Volodin Daxili İşlər Nazirliyinin statistikasına istinad edərək onu da qeyd edib ki, cari ilin ilk səkkiz ayında 260.000-dən çox əcnəbinin Rusiya Federasiyasına girişi qadağan edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75,8% çoxdur.
Qeyd edək ki, deportasiya edilən 63.500 miqrant əsasən MDB ölkələrini, eləcə də Asiya və Afrikanın bir sıra dövlətlərini təmsil edir.
Deportasiya edilənlər arasında say etibarilə ən böyük pay Özbəkistan və Tacikistan vətəndaşlarının üzərinə düşür (bu iki ölkə ümumi sayın 40%-dən çoxunu təşkil edir).
Siyahıda növbəti yerləri Türkmənistan, Azərbaycan, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Moldova, Belarus və Ukrayna vətəndaşları bölüşür.
Qanun pozuntularına görə ölkədən çıxarılanlar arasında həmçinin Hindistan, Çin, Vyetnam, Əfqanıstan, Latviya, Kuba, habelə Kamerun, Misir, Nigeriya və Anqola kimi Afrika ölkələrinin təmsilçiləri də var.
Rüfət Sultan,
BakuPost