“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatının azalması davam edir. Hasilatın aşağı düşməsi fonunda yatağın işlənməsinə yönəldilən investisiyaların artması isə mövcud quyuların məhsuldarlığının qorunması və yeni hasilat imkanlarının yaradılması məsələsini gündəmə gətirir.
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri, ekspert Şaban Nəsirov
“Bakupost”a bildirib ki, AÇG-də hasilatın azalması, ilk növbədə, yataqların uzunillik istismar müddəti və təbii geoloji tükənmə prosesi ilə bağlıdır.
Onun sözlərinə görə, hasilatın azaldığı dövrdə kapital qoyuluşlarının artırılması bir neçə strateji məqsədə xidmət edir. İlk növbədə, investisiyaların artırılması hasilatın kəskin düşməsinin qarşısını almağa və mövcud quyuların məhsuldarlığını optimal səviyyədə saxlamağa imkan verə bilər.
Ekspert qeyd edib ki, digər mühüm istiqamət yeni hasilat texnologiyalarının tətbiqidir. Belə ki, yatırılan kapital dərin quyuların qazılmasını, təzyiqin saxlanılmasını və yeni layihələrin istismara verilməsini dəstəkləyir.
Şaban Nəsirov bildirib ki, Azərbaycanın neft hasilatı 2027-ci ildə də azalacağı təqdirdə bu, dövlət büdcəsinin gəlirlərinə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxilolmalarına və ölkənin ümumi ixrac həcminə birbaşa təzyiq göstərəcək.
Onun fikrincə, fiziki ixrac həcminin azaldığı şəraitdə dövlət gəlirlərinin sabit qalması və ya artması yalnız dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə olması ilə izah edilə bilər. Lakin qlobal qiymətlər kənar geostrateji amillərdən asılı olduğuna görə fiziki həcmdəki azalmanı yalnız qiymət artımı hesabına kompensasiya etmək uzunmüddətli iqtisadi risklər yaradır.
Ekspert Azərbaycanın neft hasilatındakı uzunmüddətli azalmanın mənfi təsirlərini minimuma endirmək üçün bir sıra tədbirləri prioritet hesab edir.
Onun fikrincə, yeni karbohidrogen yataqlarının axtarışını sürətləndirmək və təbii qaz ixracının payını artırmaq vacibdir. Bundan başqa, iqtisadiyyatın şaxələndirilməsini dərinləşdirərək neft gəlirlərindən asılılığı azaltmaq başlıca şərtlərdəndir.
Ekspert deyir ki, daxili enerji istehlakında bərpa olunan mənbələrin payını artırmaqla əlavə karbohidrogen həcmlərini ixraca yönəltmək barədə də düşünməliyik.
Vüsalə Hüseynova,
BakuPost