Ru
16:50 / 06 Noyabr 2026

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?
Eye

"Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq istəyən sahibkarların investisiya layihələrinin böyük hissəsinin ticarət və xidmət sektorunu əhatə etməsinin bir neçə səbəbi var. Bu sahələrdə mənfəət marjasının daha yüksək, risklərin isə nisbətən aşağı olması sahibkarların seçimlərinə təsir göstərir".

Bu sözləri "Bakupost"a iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ticarət və xidmət sektorunda mənfəət marjasının yüksək, risklərin az olması sahibkarları bu istiqamətlərə yönəldir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə dəstəklər göstərilir, infrastruktur yaradılır. Bununla belə, regionda logistika imkanları, məhsulların ixraca yönəldilməsi, işçi qüvvəsinin ərazidə saxlanılması və burada işləmək istəyən şəxslərin daha yüksək əməkhaqqı tələbləri ilə bağlı çətinliklər mövcuddur.

İqtisadçı qeyd edib ki, bütün bu amillər ticarət və xidmət sektorunu digər sahələrlə, xüsusilə istehsal və emal istiqamətləri ilə müqayisədə daha cəlbedici edir. İnvestisiya layihələrinin böyük hissəsinin həmin sahələrə yönəlməsi də bununla bağlıdır.

Eldəniz Əmirov hesab edir ki, dövlət işğaldan azad edilmiş ərazilərdə biznesin inkişafı üçün mümkün olan dəstəyi göstərir. Onun sözlərinə görə, bu ərazilər sözün həqiqi mənasında güzəştlər zonasına çevrilib. Sahibkarlar üçün vergi, gömrük, kommunal xidmətlər və əməkhaqqı ilə bağlı güzəştlər tətbiq olunur.

İqtisadçı bildirib ki, bundan əlavə, müəyyən proqramlar və dövlət təşəbbüsləri də həyata keçirilə bilər və belə təşəbbüslər artıq mövcuddur. Lakin burada əsas məsələ iqtisadi əsaslandırmadır. Belə ki, investisiya layihəsinin yarada biləcəyi fayda ona tətbiq edilən güzəştlərdən daha yüksək olmalıdır. Başqa sözlə, sahibkar üçün həmin layihənin iqtisadi baxımdan məntiqli və gəlirli olması vacibdir.

Eldəniz Əmirovun fikrincə, zaman keçdikcə, xüsusilə 2027, 2028 və 2029-cu illərdə regionun digər iqtisadi fəaliyyət sahələrində də artım dinamikası müşahidə oluna bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar