"Süni intellekt texnologiyalarına yönələn böyük investisiyalar yalnız bu sahənin deyil, onunla əlaqəli digər sektorların da inkişafına təkan verə bilər. Bununla belə, investisiya axınının iqtisadiyyatın bütün sahələri üzrə tarazlı şəkildə təmin olunması vacibdir".
Bu sözləri
"Bakupost"a iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda süni intellekt sahəsi hələ yeni formalaşır. Lakin ölkədə iri özəl şirkətlərin yaranması, böyük investisiyalar cəlb etməsi və dünya bazarlarına çıxması ilə bağlı problemlər süni intellekt gündəmə gəlməzdən əvvəl də mövcud olub.
Onun sözlərinə görə, Azərbaycanı beynəlxalq miqyasda tanıdan böyük şirkətlərin əksəriyyəti dövlət sektorunu təmsil edir. SOCAR və digər dövlət şirkətləri buna nümunədir. Ancaq özəl sektorda böyük şirkətlərin formalaşması, iri investisiyalar cəlb etməsi və beynəlxalq səhm bazarlarına çıxması ilə bağlı çətinliklər qalır.
İqtisadçı hesab edir ki, bu problemləri yalnız süni intellektlə əlaqələndirmək düzgün deyil. Çünki süni intellekt yeni istiqamətdir və ölkədə özəl biznesin inkişafı ilə bağlı məsələlər daha geniş iqtisadi mühitlə əlaqəlidir.
Natiq Cəfərli qeyd edib ki, buna baxmayaraq, süni intellekt sahəsinə investisiyaların artması müsbət haldır. Bu yatırımlar öz ətrafında digər iqtisadi sahələrin də inkişafına kömək edə bilər.
O bildirib ki, süni intellekt infrastrukturu dedikdə yalnız məlumat mərkəzləri nəzərdə tutulmur. Bu sahənin inkişafı elektrik enerjisinə, logistikaya, kabel infrastrukturuna və yeni tikinti obyektlərinə ehtiyac yaradır. Süni intellekt sistemlərinin məlumat bazalarının yaradılması da böyük tikinti və infrastruktur layihələrini tələb edir.
İqtisadçının fikrincə, bir sahəyə investisiyaların yönəldilməsi avtomatik olaraq digər sahələrin investisiyadan məhrum qalması demək deyil. Əsas məsələ iqtisadi sistemin elə qurulmasıdır ki, bütün sahələr üzrə investisiya axınını təmin etmək mümkün olsun.
Vüsalə Hüseynova,
BakuPost