Arzu Qazıyeva
Məsud Pezeşkian xalqa müraciət edib. Səsindəki və üzündəki açıq hüzn onun səmimi qəlbdən kədərləndiyini göstərir. Adam necə kədərlənməsin? Ölkəsini şil-küt etdilər, hakimiyyətin birinci şəxsindən tutmuş üst pillənin nümayəndələrinədək hamısı məhv oldu, özü də klassik anlamda bildiyimiz müharibə aparılmadan, sadəcə İsrailin bir neçə bombardmanı ilə. O, isə prezident olaraq ölkəsi üçün heç nə edə bilmədi. Çünki ölkəsinin dövlət olaraq səmasını, hərbi obyektlərini, nə ideoloji simvola çevrilmiş ali, nə də “möhtəşəm” hərbi rəhbərliyini qorumaq immuniteti qalmamışdı.
İranın bir dövlət olaraq siyasi və iqtisadi, hərbi və mənəvi defoltu üzə çıxdı. Amma onilliklər idi ki, İranın güclü dövlət, siyasi və hərbi ağlının 2500 illik tarixi olduğuna aid miflər təbliğ olunurdu. Az qala bir-iki günə nüvə silahına da malik olacağı deyilirdi. Sonda saxta miflər də dağıldı, nüvə layihəsi də dayandırıldı və İranın biabırçı vəziyyətini gördük.
47 il “Amerikaya ölüm”, “İsraili yer üzündən silmək” deyib qışqıran İran rejimi məhz elə həmin dövlətlər tərəfindən də çökdürüldü.
47 ilin ağır iqtisadi sanksiyaları bir tərəfdən, hakimiyyətin qonşu dövlətlərdə proksi qüvvələrinə, ideoloji kursunun geniş yayılmasına milyardlarla pul xərcləməsi, ölkənin malını-mülkünü yüksək çinlilər arasında bölməsi, tayfa monopoliyaları da digər tərəfdən İranı məntiqi nəticəyə gətirməli idi və gətirdi də.
Onun ən yaxın müttəfiqləri Rusiya İrana kömək edə bilmədi, Çin isə ümumiyyətlə, cınqırını çıxarmadı. İndi İran onlar üçün taleyindən ibrət götürüləsi gözü çıxmış qurddur.
Pezeşkian çıxışında Xameneyinin qisasının alınacağına söz verib. O, düşmən hədəflərini məhv edəcəklərini vəd edib. O, xalqın birliyinin vacibliyindən danışıb. O, həmçinin bəyan edib ki, prerzidentdən, ali məhkəmənin sədrindən və yeni seçilmiş ayətullahdan ibarət müvəqqəti şura Xameneyinin siyasi kursunu davam etdirəcək.
Əlbəttə, Pezeşkian bilir ki, onun bu iddialı çıxışının arxasında heç bir güc, qüvvə dayanmır. Heç xalqın birliyi də yoxdur. Xameneyinin ölüm xəbərilə bu xəbərə sevinənlərin küçələrə axışması gözlə-qaş arasında baş verdi. Pezeşkian bilir ki, onlar Xameneyinin siyasi kursunu davam etdirməyəcəklər, çünki İran artıq o İran olmayacaq.
47 ilin tamamında İranın qaldırdığı qara matəm bayrağı əslində ağ bayraqdır.
Xameneyinin bunkerdə gizlənməməsi, halbuki 2025-ci ilin yay bombardmanı zamanı sığınacağa çəkilmişdi, öz iqamətgahında ailə üzvlərilə birlikdə ölməsi, hətta onun bu addıma ölümünü gözaltına alaraq və proseslərin sonrakı gedişinə mənəvi çalarlar qatmaqla xalqın şüuruna şəhidlik, məqamını tərk etməməsi və s. bu kimi təsirlər göstərəcəyi fikirləri diqqəti çəkən və təhlilçilərin araşdıracağı məqam olsa da, yenə də nəticəni dəyişmir, İranın geriyə dönüşü yoxdur.
Amma İran rejimini təslim edən, dövlətin simvolunu öldürən ondan narazı iranlılar deyil, ABŞ-İsrail cütlüyüdür. Bu məqam yaddan çıxmayacaq.
Bu məqam həm də onu göstərir ki, yeni dünya düzəni heç də Rusiyanın və Çinin arzuladıqları və ortaya atdıqları, Türkiyəni də cəlb edən yeni güc mərkəzlərinin, çoxqütblü dünyanın yaranması kimi fikirlər deyil, məhz birqütblü dünyaya doğru gedişdir. Birqütblü dünya, bir qlobal güc varsa, o da ABŞ-dır və Trampın vəd etdiyi “Amerikanın nəhəngliyi” dövürümüzün hesablaşmalı olduğumuz reallığıdır.