Ru
16:33 / 10 Fevral 2026

Moskva-Astana arasında balans və risklər – Rusiyalı bloqer hadisələrə Bakını da qataraq analiz edib

Moskva-Astana arasında balans və risklər – Rusiyalı bloqer hadisələrə Bakını da qataraq analiz edib
Eye

Rusiya–Qazaxıstan münasibətlərində gərginlik artdıqca postsovet məkanında diqqət mərkəzinə düşən əsas müqayisə məhz Azərbaycanla bağlıdır. Müharibənin ilk günlərindən etibarən Ukraynaya ardıcıl və açıq humanitar dəstək göstərən Azərbaycan, Moskvanın təzyiqlərinə baxmayaraq beynəlxalq hüquq xəttindən geri çəkilməyib. Qazaxıstan isə fərqli yol seçərək, təhlükəsizlik və sabitlik naminə daha ehtiyatlı, bəzən isə güzəştli siyasət yürütməyə başlayıb. Bu fərq son aylarda Qazaxıstandan Rusiyaya deportasiyalar, sığınacaqdan imtinalar və Kremlin ritorikasında artan təhdidlərlə daha aydın görünür.

Bakupost.az xəbər verir ki, rusiyalı tanınmış bloqer İlya Varlamov bu kontekstdə “Youtuber” kanalında video yayımlayıb.


Saburov evə, ruslar da ardınca?


Son günlər Qazaxıstan yenidən regional gündəmin mərkəzinə qayıdıb. Rusiyanın ən məşhur “standup” komiklərindən biri olan Nurlan Saburovun ölkədən çıxarılması, eyni zamanda rusiyalı fərarilərə və siyasi təqib olunan şəxslərə sığınacaq verilməməsi bu diqqəti daha da artırıb. Rəsmi Astana açıq bəyanatlar verməsə də, faktiki addımlar Qazaxıstanın əvvəlki “sakit liman” statusundan uzaqlaşdığını göstərir.

Ukraynada müharibə və ardınca elan edilən səfərbərlikdən sonra minlərlə rusiyalı məhz Qazaxıstana üz tutmuşdu. 7 500 kilometrlik quru sərhəd, viza tələbi olmaması və pasportsuz giriş imkanı ölkəni əsas istiqamətə çevirmişdi. Jurnalistlərin hesablamalarına görə, həmin dövrdə Qazaxıstanda azı 80 min Rusiya vətəndaşı məskunlaşmışdı.


Deportasiyalar və sığınacaqdan imtinalar


2026-cı ilin fevralında Qazaxıstan rusiyalı fərari Yevgeni Korobova qaçqın statusu verməkdən imtina etdi. Bu, müharibə başlayandan bəri artıq 11-ci belə hal idi. Korobov Rusiya təbliğatında “qəhrəman” kimi təqdim olunmuş, lakin sonradan müharibədən qaçmışdı. Rusiyada onu 15 ilə qədər həbs cəzası gözləyir. Qazaxıstan isə ona ölkəni tərk etmək üçün cəmi 30 gün vaxt verdi.

Yanvarda 25 yaşlı IT mütəxəssisi Aleksandr Kaçkurkinin deportasiyası isə daha böyük rezonans doğurdu. O, Moskvada dərhal “dövlətə xəyanət” ittihamı ilə həbs edildi. Hüquq müdafiəçiləri bildirirlər ki, Kaçkurkin Qazaxıstandan formal, hətta uydurma inzibati xətalar əsasında çıxarılıb və bu proses qeyri-adi sürətlə həyata keçirilib.


“Qazaxıstan güzəşt yolunu seçir”


Ekspertlərin fikrincə, Qazaxıstan hakimiyyəti bu cür hallarda Moskva ilə açıq qarşıdurmadan qaçmağa üstünlük verir. Jurnalist və postsovet siyasəti üzrə ekspert Kirill Krivoşeyev bildirir ki, əvvəl sığınacaq məsələlərinə ciddi müqavimət göstərilirdisə, indi Astana daha tez geri çəkilir.

Bu tendensiya təkcə Rusiya vətəndaşlarına yox, hətta Ukrayna əsilli şəxslərə də şamil olunur. Hüquqşünaslar bunu Qazaxıstanın hüquqi təhlükəsiz məkan statusunu itirməsi kimi qiymətləndirirlər.


Nurlan Saburov işi


Fevralın əsas xəbərlərindən biri də Nurlan Saburovun Rusiyadan çıxarılması oldu. Jurnalistlərin məlumatına görə, ondan Rusiya vətəndaşlığını qəbul etmək və hətta Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq tələb olunub. Alternativ kimi isə ölkəni tərk etmək təklif edilib. Saburov ikinci yolu seçib.

Bu hadisə Qazaxıstan–Rusiya münasibətlərində “səssiz razılaşmalar” mövzusunu yenidən gündəmə gətirdi. Hüquq müdafiəçiləri hesab edir ki, Astana ilə Moskva arasında siyasi baxımdan həssas şəxslərin geri qaytarılması ilə bağlı qeyri-rəsmi anlaşma mövcuddur.


Rusiya təbliğatı və təhdid ritorikası


Rusiya mediasında və “Z-bloqer” mühitində Qazaxıstana qarşı təhdid ritorikası da güclənib. Vladimir Solovyov və Aleksandr Duqin kimi fiqurlar postsovet ölkələrinin suverenliyini açıq şəkildə sual altına alıblar. Bu, Qazaxıstanda Ukrayna ssenarisinin mümkünlüyü ilə bağlı qorxuları artırıb.

Xatırladaq ki, Ukrayna ilə bağlı da 2021-ci ilin sonuna qədər rəsmi ritorika nisbətən sakit idi.


Azərbaycanla fərq haradadır?


Məhz bu nöqtədə Azərbaycan faktoru ön plana çıxır. Rusiyanın “Kommersant” qəzetinin xarici siyasət müxbiri və keçmiş SSRİ respublikalarına dair analitik məqalələrini “Karnegi Fondu”nun platformalarında da dərc etmiş ekspert Kirill Krivoşeyev qeyd edib ki, postsovet məkanında Ukraynaya davamlı, açıq və sistemli humanitar yardım göstərən yeganə ölkə Azərbaycandır. Bakı bu siyasəti nə gizlədib, nə də məhdudlaşdırıb. Qazaxıstan isə yardım məsələsində yalnız müharibənin ilk mərhələsində aktiv olub, sonradan isə ehtiyatlı mövqeyə çəkilib. Həmin dövrdə isə hətta Türkmənistan da Kiyevə yardım etmişdi.

Ekspertlərin fikrincə, bu fərq Moskvanın münasibətində də hiss olunur: Azərbaycanla açıq təzyiq dili işə salınmır, Qazaxıstan isə daha “yumuşaq hədəf” kimi qəbul edilir.

Mövcud vəziyyət göstərir ki, Qazaxıstan Rusiya ilə münasibətlərdə təhlükəsizlik və rejim sabitliyi naminə kompromislərə gedir. Bu isə ölkəni nə rusiyalı mühacirlər, nə də siyasi baxımdan həssas şəxslər üçün təhlükəsiz məkana çevirir.

Ən vacib nəticə isə budur: Qazaxıstan artıq zəmanət vermir. Əgər kimsə Rusiyada siyasi təqib riski altındadırsa, Qazaxıstan əvvəlki kimi etibarlı seçim deyil. Azərbaycan nümunəsi isə göstərir ki, prinsipial mövqe və beynəlxalq hüquqa söykənən siyasət həm suverenliyi qorumağa, həm də manevr imkanlarını genişləndirməyə imkan verir.

Ekspertlərin fikrincə, bütün ziddiyyətli ritorikaya baxmayaraq, Moskva ilə Astana arasında münasibətlər hələ də işlək formatdadır. Bu dəqiqə Vladimir Putinin üçün Qasım-Comart Tokayevə daha çox ehtiyacı var, nəinki Tokayevin Putinə. Rusiya Qazaxıstan üzərindən geniş miqyasda sanksiyalardan yayınaraq lazımı idxal əldə edir ki, bu da sanksiyalar fonunda Moskva üçün kritik əhəmiyyət daşıyır. Eyni zamanda, postsovet ölkələrinin Rusiya ilə əməkdaşlığı Kreml üçün beynəlxalq legitimlik elementi rolunu oynayır.


Bizim qeyd


Qazaxıstanın Rusiyaya münasibətdə ehtiyatlı və balanslı xətt seçməsi təsadüfi deyil. Astana açıq şəkildə Ukraynanı dəstəkləmir, humanitar yardımı isə yalnız müharibənin ilk mərhələsində məhdud şəkildə göstərib. Azərbaycan isə postsovet məkanında fərqli mövqe sərgiləyərək Ukraynaya humanitar yardımı müharibə boyu davamlı və açıq şəkildə həyata keçirib. Məhz bu yanaşma Bakı ilə Moskva münasibətlərində ayrıca siyasi kontekst formalaşdırır.

Müşahidəçilər qeyd edirlər ki, Qazaxıstanın Rusiyanın tələblərinə müəyyən hallarda güzəştə getməsi – o cümlədən siyasi motivli şəxslərin ekstradisiyası – Astananın Kremlə “sakitləşdirici siqnallar” göndərməsi kimi də qiymətləndirilə bilər. Buna baxmayaraq, Rusiya–Qazaxıstan münasibətləri tam ittifaq yox, qarşılıqlı asılılıq üzərində qurulmuş praqmatik əməkdaşlıq modeli olaraq qalır.




Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar