İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, İslam Respublikasının Hərbi Dəniz Qüvvələri rəqiblərini yenidən məğlub etməyə tam hazırdır.
Bakupost.az xəbər verir ki, müvafiq açıqlama onun rəsmi "Telegram" kanalında yerləşdirilib.
"İran Silahlı Qüvvələri ölkəmizin torpaqlarının və ərazi sularının müdafiəsini qətiyyətlə davam etdirir. İslam Respublikasının pilotsuz təyyarələri Amerika və İsrail cinayətkarlarını ildırım tək vurduğu kimi, cəsur donanması da düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır", - deyə Xameneinin Milli Ordu Günü münasibətilə yayımladığı təbrik mesajında qeyd olunur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.