Ru
17:48 / 07 Fevral 2026

“Müəllimi güllələyən şagirdin kumiri...”

“Müəllimi güllələyən şagirdin kumiri...”
Eye

“Azyaşlıların, yeniyetmələrin davranışlarında aqressiv hallar artıb. “İdrak” liseyində baş verən hadisə bunun nümayişi idi. Texnologiyanın, rəqəmsallaşmanın inkişaf etdiyi bir dövrdə paralel olaraq uşaqların psixologiyasını pozan çox ağır kompyuter oyunları da yaranıb. Orada şiddət, bıçaqlama və qətl motivləri kifayət qədər çoxdur”.

Bakupost.az xəbər verir ki, bunu Musavata.com-a açıqlamasında təhsil eksperti İlqar Oruc deyib.

O bildirib ki, bu kimi oyunlar şagirdlərin psixologiyasını zədələyir:

“Eyni zamanda ailələrdə tərbiyə məsələsi çox zəifdir. Valideynin borcu təkcə dünyaya uşaq gətirmək deyil, eyni zamanda onu şəxsiyyət olaraq formalaşmasında rol oynamaqdır. Bunun üçün valideyn bilikli və təcrübəli olmalıdır. Çox təəssüf edirəm ki, Azərbaycanda ailə institutu deqradasiyaya uğrayıb. Ağsaqqallar institut artıq sıradan çıxıb. Cəmiyyətimiz savadlanmalıdır. Bir kitab oxumayan valideyn müəllimlə aqressiv, istədiyi formada danışır. Belə valideynin övladı da müəllimlə əlbəttə, o formada danışacaq.

Əvvəllər uşaqlar film qəhrəmanlarına, torpaq uğrunda canından keçən insanlara bənzəmək istəyirdilər. İndiki gənclik isə tamamı ilə yad elementlərlə zəngin olan rəqəmsal qəhrəmanlara özlərini oxşadırlar. Ailə tərbiyəsi yerində olmayanda bu oxşatmanın fəsadı özünü pis göstərir. Ailə faktoru ilə yanaşı məktəblərin tərbiyə mövzusundan kənara çıxması da öz sözünü deyir. Biz məktəbi hazırda yalnız təhsil verən tərəf kimi görürük. Məktəbin funksiyalarından biri də tərbiyə verməkdir. Onun bir nömrəli vəzifəsi şəxsiyyət formalaşdırmaqdır. Cəmiyyətin özündə də kifayət qədər aqressiya var.

İndiki uşaqlar sosial şəbəkələrdən izlədikləri qanuni oğruları özlərinə kumir seçirlər. Onların hər birinin rəftarında bunu ciddi şəkildə görmək mümkündür. Uşaq müəllimə niyə silah tuşlasın?! Çünki müəllimlik institutu artıq ölkəmizdə yoxdur. Əvvəllər müəllim müqəddəs hesab olunardı. Biz “İdrak” liseyində yaşanan hadisəni əvvəllər kinolarda, ABŞ-yə aid xəbərlərdə görərdik. Heç ağlımıza da gəlməzdi ki, bir gün Azərbaycan məktəbinə də belə hadisə transfer olunar”.

Ekspert deyir ki, bu məsələdə mətbuatın, televiziyaların və sosial medianın rolu var:”Televiziyalarda tərbiyə edici verilişlər yoxdur. Uşaqlarımız bayağı proqramların ümidinə qalıb. Bunları yığışdırmağın vaxtıdır. Uşaqlarımızı, gənclərimizi yad elementlərdən qorumalıyıq. Mən hələ “TİkTok” sosial şəbəkəsindən danışmıram. Sosial şəbəkələrin uşaqlarda yaratdığı fəsadları biz gələcəkdə daha ağır formada edəcəyik. Sosial şəbəkələrdə bu gün liseydə yaşanan hadisələri təbliğ edən videolar yayımlanır. Bu mövzuda cəmiyyətimiz üçün daha böyük təhlükələr var. Ailələrin uşaqlarından xəbəri yoxdur. Bu gün baş hadisə bunu bir daha göstərdi. Onun arxasında kifayət qədər fundamental problemlər dayanır. Necə olur ki, müqəddəs hesab etdiyimiz müəllimə bu gün silah açırıq.

Ona görə də hesab edirəm ki, cəmiyyətimizi qlobal təhdidlərdən və yeni texnologiyanın gətirdiyi bəlalardan qorumalıyıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar