Müharibə əlilləri və şəhid ailələri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir.
Buraya aiddir:
daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;
eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının -müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.
Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.