Ucarda canavarların kəndə hücum etməsinin bəzi təfərrüatları məlum olub.
Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı zərərçəkən Şəmil Hüseynov bildirib ki, təsərrüfatına soxulan yırtıcı heyvanlar bir baş xırda buynuzlunu öldürüb, 5 başını isə aparıblar.
Təsərrüfat sahibi bildirib ki, əvvəllər belə hallarla yalnız gecə saatlarında rastlaşsalar da, son zamanlar canavarlar gündüz vaxtlarında da kəndə yaxınlaşaraq heyvanlara zərər verir:
“Canavar bir dəfə gəlmişdi, qovduq. Təkrar gələndə altı baş qoyunum vardı, altısını da öldürüb, birini yeyib. Sakitliyə düşüb birini yeyib, beşini ölü vəziyyətdə qoyub çıxıb gedib. Bax belə hadisə ilə üzləşmişik”.
O bildirib ki, ümumiyyətlə, bu zonada canavarlar həddindən çoxdur.
Ev yiyəsinin həyat yoldaşı Afət Hüseynova isə deyib ki, çaqqal, canavar həyətlərdə çoxdur:
“Mən bu həyətdə yaşayıram, bu həyətin sahibiyəm. Canavar düz həyətımızın ağzına kimi gəlmişdi. Gördüm, yoldaşıma xəbər verdim ki, bir vəhşi heyvan var, tanımadım, düşdü gördü ki, canavardır. Bir dəfə qovduq, getdi, yenə qayıtdı. Bizə ziyan vurdu. Biz də xəstə adamlarıq, güclə dolanırıq. Onu da müalicələrimiz üçün saxlamışdıq. Gəldi, bizə 2000 manatdan yuxarı ziyan vurdu, çıxıb getdi. Canavar elə həmin saatlarda – günorta 12 radələrində – gəzir. Cüt-cüt gəlirlər. Ulamaqları da hər gün burda, kolluqda eşidilir. Çaqqal, canavar həyətlərdə çoxdur.
Qorxumuzdan gecə yerə düşə bilmirik, küçəyə çıxa bilmirik. Hər gecə qorxuruq. Toyuqlarımızı da aparırlar, nəyinki heyvanlarımızı. Qapıda olan heyvanımız, nəyimiz var hamısını aparıb, bizi pis günə qoyublar”.
Məsələ ilə bağlı Ucar Rayon İcra hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Maarif Abbasovun Bizim.Media-nın yerli bürosuna bildirib ki, mövcud durumla bağlı rayon icra hakimiyyətinə məlumat verilib, yaxın vaxtlarda bununla bağlı tədbirlər görüləcəyi planlaşdırılır.