Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri və müttəfiq “Çernaya iskra” qrupu Xəzər dənizində Rusiya sahillərinə yaxın hərəkət edən iki gəmini məhv etdiyini açıqlayıb.
Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə Kalmıkiya sahilləri yaxınlığında baş verib.
Xüsusi əməliyyatlar nəticəsində “Kompozitor Raxmaninov” və “Askar Sarıdja” adlı iki gəmiyə zərbə endirilib. Ukrayna tərəfi bildirir ki, gəmilər silah və hərbi texnika daşıdığı üçün sanksiyaya məruz qalmışdı. İran ilə Rusiya arasında hərbi yüklərin daşınmasına qatıldıqları üçün ABŞ tərəfindən "qara siyahı"ya daxil ediliblər.
Gəmilərə nə dərəcədə ziyan dəydiyi və itkilər barədə hələlik rəsmi açıqlama yoxdur. Rusiyanın Müdafiə Nazirliyi və digər rəsmi qurumlar bu iddialarla bağlı şərh verməyib.
Bu əməliyyat Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizindəki hərbi hədəflərə qarşı apardığı asimmetrik əməliyyatların yeni mərhələsi hesab olunur.
Xatırladaq ki, Ukrayna qüvvələri dünən Xəzər dənizində “Lukoyl”un neft platformasına hücum etmişdi.
Cavid, BakuPost