Ru
21:55 / 11 Oktyabr 2020

Müharibə Moskvada bitmədi, Moskvada başladı...

Müharibə Moskvada bitmədi, Moskvada başladı...
Eye

30 ildir başlanmasını gözlədiyimiz və bitməsindən qorxduğumuz müharibənin başa çatdığı şübhəsi 11 saatlıq Moskva görüşü ilə yenidən ümidlərimizin önünə keçdi. Haqlıyıq, indiyə qədər lokal toqquşmalarla cücərən ümidlərimiz rusların paytaxtında baltalanıb və nə vaxt Lavrovun eynəyin arxasından baxan gözlərini görsək, üzümüzə “yenə bitdi” təəssüfü çökür.

Savaş Moskvada bitdimi? Kədərli təcrübə fonunda bu sual aktuallaşır. Amma gerçək başqadır: savaş Moskvada başladı.


- Rusiya yenidən döyüşü dayandırmaq istəyirmi?
- Moskva görüşü niyə təşkil edildi?
- Azərbaycan görüşə niyə getdi?
- Ermənistan “humanitar atəşkəs”dən dərhal sonra Gəncəni niyə vurdu?
- Bu hücum rusların oyunudur, yoxsa...?

Əsgər cəbhədə döyüşərkən, gərgin siyasi proseslər davam edir və baş verənlər cavab gözləyən suallar yaradır.

30 ildən sonra regionda şərtlərin dəyişdiyi şübhəsizdir və Türkiyə faktorunun heç olmadığı qədər güclənməsi Rusiyanı Qarabağ münaqişəsinə baxışında korrektə etməyə məcbur edir.

1. Türkiyə və Rusiyanın region üzrə anlaşmasının olduğu müşahidə olunur. Rəsmilərin “Ankara masadadır” və “münaqişənin həllində Rusiya və Türkiyənin həlledici” olacağı açıqlamaları da bunu deməyə əsas verir. Anlaşma olmasaydı, Ermənistan Azərbaycanla təkbətək qalmazdı.

2. Putin anlayır ki, indiki situasiyada Bakının yoluna daş döşəmək Azərbaycanın tamamilə itirilməsi, regionda imicinin daha da pisləşməsi və Türkiyənin önünü daha da açmaq deməkdir, bu baxımdan, münaqişə hərbi yolla həll olunarkən, proseslərin məcrasını öz maraqlarına doğru yönəldir.

3. Prosesin sonunda Paşinyan hakimiyyətinin gedişi mütləq olacaq və Rusiya bununla həm Ermənistanda maraqlarına yaranmış riskləri aradan qaldıracaq, həm də cənub qapısında “rəngli inqilab” ssenarilərinə tamamilə son qoyacaq.

4. Putinin “döyüşlər Ermənistan ərazisində getmir” açıqlamasından sonra rusların İrəvana bu və ya digər formada dəstək verməsi davam etsə belə, müharibəyə qarışmayacağı dəqiqləşdi. Müharibəyə müdaxilə etməməklə Ermənistana təkcə “Baxın, Rusiya olmasa Azərbaycan İrəvana qədər gəlib çıxacaq” mesajını vermir, bunu real olaraq göstərir.

Bu baxımdan, ruslar müharibənin önün kəsmək yox, nəzarətdə saxlamaq istəyirlər. O zaman “Moskva görüşü niyə baş verdi, humanitar atəşkəs” nədir?”.

Rusiya Moskva görüşünü keçirməli idi: bu, regionda rusların “sülhün təminatçısı” rolunu nümayiş etdirmək gedişidir və hərbi əməliyyatlara müdaxilə olmadığı təqdirdə Bakı bunu anlayışla qarşılayır. Lakin Moskva görüşü daha çox Ermənistana “dəstək” nümayişidir. Çünki ruslar bu prosesdən Paşinyan hakimiyyətini yola salmaq üçün istifadə etsələr də, erməni ictimaiyyətində “təhlükəsizliyin zamini” obrazının zədələnməsini istəmir və bununla əlindən gələni etdiyini göstərir.

Bu məqsədlə “humanitar atəşkəs”in razılaşdırılmasında ruslar cari olaraq iki məqsəd güdür: birincisi, “sülhün təminatçısı” rolunu və erməni ictimaiyyətində “dəstəkçi” obrazını gücləndirir; ikincisi, cəsədlərin Ermənistana aparılmasına şərait yaratmaqla Paşinyanı daha çətin vəziyyətə salırlar;

Bakı niyə görüşə getdi?

Azərbaycan Moskva görüşünə getmək və “humanitar atəşkəs”ə razılaşmaqla münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldığını nümayiş etdirdi. Hərçənd, burada Azərbaycan Prezidentinin cəbhədəki vəziyyətə təsir edəcək manevrləri xüsusilə diqqət çəkir:

a) İlham Əliyev danışıqlara gedir, amma hərbi həll variantının gündəmdə olduğu indiki situasiyada danışıqların işğalçıya sərf etdiyini, prosesin uzanmasına şərait yaradacağını da bilir.

Danışıqlara getməklə sülh tərəfdarı olduğunu nümayiş etdirir, buna paralel olaraq, işğalçı baş nazir Nikol Paşinyanı layiq olduğu ən ağır ifadələrlə “vurur”.

Prezidentin xalqa müraciətlərindəki sərt ritorikasında gizlənən detal budur. İlham Əliyev ssenarini belə qurur:

- Paşinyana “gəl üzr istə, “Qarabağ Ermənistan deyil” denən və ərazilərin qaytarılması şərti ilə razılaş” deyir və bilir ki, Paşinyan bu qədər ağır sözlərdən sonra erməni ictimaiyyətinin reaksiyasından çəkinərək, görüşə gəlməyəcək;

- Bu, Bakıya “Ermənistanın danışıqlara gəlməməsi”ni göstərməyə və Azərbaycanın həyata keçirdiyi hərbi həll variantının legitimliyini daha da gücləndirməyə imkan verir. Danışıqlara getmək və “hərbi əməliyyatların birinci mərhələsi bitdi” açıqlaması buna hesablanıb;

b) Ermənistanın “humanitar atəşkəsi” pozacağı ehtimalı böyük idi. Çünki təxmini hesablamalara görə, 5 minə yaxın hərbçisini itirən işğalçı ölkənin cəsədləri daşıyarkən, ictimai narazılığı “qisas aktları” ilə gizlətməkdən başqa yolu qalmır və bu, baş verdi də. Azərbaycan “humanitar atəşkəs”ə əməl edən, işğalçı isə atəşkəsi pozan tərəfə çevrildi və bu fakt Azərbaycan Ordusunun önündəki siyasi maneələri aradan qaldırır.

Və Ermənistanın Gəncədə mülki əhaliyə qarşı törətdiyi terror aktının ana səbəbi də məhz erməni ailələrinə göndərilən cəsədlərin səsini batırmaqdır.

Hərçənd, Moskva razılaşmasından dərhal sonra bu terror aktının həyata keçirilməsi iki fərqli versiyanı gündəmə gətirir və proseslərə baxış bucağını da dəyişdirir.

Birincisi: 11 saatlıq Moskva görüşündə işğalçı ölkənin “rus planı”nın da əsasını təşkil edən baza prinsiplərinə uyğun həll variantına məcbur edilib. Masada “razılaşan” Ermənistan mülki əhalini atəşə tutmaqla bu razılaşmanı alt-üst edir.

İkincisi, Moskva masasında rusların Azərbaycandan istəkləri qəbul edilməyib.

a) Hərbi əməliyyatların dayandırılmasını istəyə bilərdilər, lakin döyüşlərin başlanmasından indiyə qədər Rusiyanın reaksiyası və müharibədən qazancları fonunda bu daha az inandırıcıdır.

b) Hadrutdan çıxmağımızı istəyiblər. Bu, mümkün variantdır. Hadrut Dağlıq Qarabağın inzibati ərazisinə daxildir. Azərbayanın bu ərazini təmizləməsi o deməkdir ki, “artıq ətraf rayonların qaytarılması” məsələsi həll olunub, bundan sonra danışıqlar masasında müzakirə mövzusu Dağlıq Qarabağın özü olacaq.

Prezident İlham Əliyevin Moskva danışıqlarının başlanmasından öncə Hadrutun işğaldan azad edildiyini elan etməsi və “artıq status-kvo yoxdur” deməsinin açıqlaması bu idi;

Türkiyənin danışıqlar başlanmazdan əvvəl “əməliyyatlara üçüncü tərəf müdaxilə edərsə, türk əsgəri prosesə qarışacaq” bəyanatı da ruslara göndərilən mesaj idi;

Belə demək mümkünsə, Moskvada işğalçıya son şansı verən İlham Əliyev münaqişə ətrafında illərdir mövcud olan vəziyyəti dəyişdirdi və Azərbaycanın diktə etdiyi şərtləri masaya gətirdi.

Ordumuzun Dağlıq Qarabağın inzibati ərazisinə daxil olması rusların “həll plan”larına uyğun gəlmir və bu fonda rusların Ermənistana “Gəncəyə hücum icazəsi” verdiyi versiyası önə çıxır. Ruslar hərbi əməliyyatların öz planları məcrasından çıxmasından narahat görünürlər. Bu versiyanın nə qədər real olduğunu cəbhədəki vəziyyət göstərəcək.

Hərçənd, bir-birinə paralel və tərs olan bütün mümkün versiyalar yenə də 30 ildən sonra Azərbaycanın Ermənistanla təkbətək qalması, qısa müddətdə hərbi cəbhədə ciddi nəticələr əldə etməsinin üzərində cəmləşir.

Rəsmi Bakı 30 il gözlədikdən sonra siyasi şərtləri incəliyinə qədər hesablamadan populist müharibəyə getməzdi. 30 ildən sonra vətən müharibəsi başlayırsa və siyasi şərtlər heç olmadığı qədər xeyrimizədirsə, bu, hər şeyin plana uyğun getdiyi versiyasını gücləndirir. Heç vaxt populist çıxış etməyən və illər sonra bu qədər açıq danışan Prezidentin “nəyi nə vaxt etmək lazım olduğunu bilirik” sözləri də burada əsas açarlardan biri kimi anlaşılmalıdır.

Müharibənin başlanması da, Moskva görüşü də, “humanitar atəşkəs” də planın tərkib hissəsidir. Və bu baxımdan, müharibənin Moskvada bitdiyi yox, Moskvada başladığını deyə bilərik.

Asif Nərimanlı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar