"Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün heç bir müsbət addım atmayan keçmiş həmsədr dövlətlər - ABŞ, Rusiya, Fransa Azərbaycan Ordusunun qələbəsindən və torpaqların azad edilməsindən sonra da belə təsəvvür yaradırlar ki, bu dövlətlər münaqişənin bitməsini istəmirlər".
Bunu
Bakupost.az -a AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, politoloq, siyasi elmlər doktoru
Ramilə Dadaşova deyib.
O bildirib ki, “Dağlıq Qarabağ” münaqişəsi həll edilib və bu ifadə artıq tarixdə qalıb:
"Buna görə də ATƏT-in yaratdığı "Dağlıq Qarabağ" münaqişəsinin nizama salınması üzrə Minsk qrupu və onun həmsədrlər institutu, eləcə də həmsədrlər tarixdə qalıb. Problem yoxdur, bu qurumların fəaliyyəti avtomatik olaraq dayanıb".
R.Dadaşovanın sözlərinə görə, hələ Vətən Müharibəsi başlamamışdan əvvəl 2020-ci il sentyabrın 24-də BMT Baş Məclisinin 75-ci sessiyasında çıxışında Prezident İlham Əliyev bildirdi ki, "BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının zaman qrafiki tərtib edilməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur”:

"Prezidentin Ermənistanın təcavüzkar siyasəti, yeni işğallara hazırlaşması haqqında məlumatlarına və dünya dövlətlərini təcavüzkarı dayandırmağa çağırışlarına cavab olaraq BMT Təhlükəsizlik Şurası və bu işdə məsul olan keçmiş həmsədr dövlətlər, həm də Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvlərindən olan – ABŞ, Rusiya, Fransa heç bir tədbir görmədi. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının “Dağlıq Qarabağ münaqişəsi haqqında” adı altında qəbul etdiyi qətnamələri həyata keçirməyə məcbur oldu. BMT Nizamnaməsinin 51-ci maddəsində də göstərilir ki, Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün lazımi tədbirləri görənə qədər BMT-yə üzv dövlət özünümüdafiə hüququndan istifadə edə bilər".
R.Dadaşova qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə aparılan Vətən Müharibəsində müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini tez bir zamanda işğal etdiyi ərazilərdən qovub:
"İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi, rəşadətli Azərbaycan Ordusunun qələbələri, Azərbaycan xalqı arasında birlik, bir amal uğrunda mübarizə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi".
Politoloq əlavə edib ki, Vətən müharibəsi zamanı heç bir müdaxilə etməyən ABŞ Qələbədən sonra Ermənistanı müdafiə etdi:

"Co Bayden 2021-ci il yanvarın 20-dən Prezident seçildikdən sonra Türkiyə ilə ABŞ arasında gərgin vəziyyət həmişə Türkiyənin yanında olan Azərbaycanın da ABŞ ilə münasibətlərinə təsir etdi. ABŞ Prezidenti Co Baydenin Ağ Evin rəsmi saytında verilən açıqlamasında 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması erməni seçicilərinin rəğbətini qazanması, Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olması və ABŞ-ın Azərbaycanın qələbələrinə qısqanclıqla yanaşması ilə bağlı idi. Tarixdə qalmış "Dağlıq Qarabağ" münaqişəsi üzrə Minsk qrupunun həmsədr dövlətlərindən olan ABŞ və Fransa Cənubi Qafqazda olan proseslərdən kənarda qalmaq istəmir. Türkiyənin Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etmiş ölkəsi olan Azərbaycanla qardaş münasibətlərini, Türkiyə üçün Mərkəzi Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək Zəngəzur dəhlizinin açılmasını və Rusiya sülməramlılarının Laçın dəhlizində yerləşdirilməsini ABŞ qəbul edə bilmir. Vətən Müharibəsi zamanı Fransa Ermənistanı müdafiə edirdi. Prezident Emmanuel Makron bəyan edirdi ki, “Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib”, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermirik”.
Prezident İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibəsində Makronun bu açıqlamalarına cavab olaraq bildirdi ki, “Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub, bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə yeksan ediblər?!... ”
R.Dadaşova deyib ki, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatında Qarabağ azad edildikdən sonra Fransanın parlamentdə “Qarabağ dövləti” qərarının qəbul etdirməsinə belə cavab verdi:

“...Sən durub Qarabağı öz parlamentində qəbul etdirdiyin bir qərarla “Bura artıq bir dövlətdir və biz buranı bu şəkildə tanıdıq” – demək haqqına sahib deyilsən. Bunu Paşinyan belə, qəbul etmir. Amma Makron olaraq, sən durub belə, bir məsələni gətirib parlamentindən keçirməyə çalışırsan. Deməli, hələ siyasəti öyrənə bilməmiş, dövlət idarəçiliyini anlamamış, öyrənməmişdir, harada, nə, necə olur, bunu da bilmir. Fransa Prezidenti Azərbaycan-Ermənistan sərhədində baş verən delimitasiya prosesi ilə bağlı bildirib ki, delimitasiya yalnız danışıqlar yolu ilə və “güc tətbiq etmədən” həyata keçirilməlidir. Halbuki ermənilərə heç bir güc tətbiq olunmur. Həmin ərazilər Azərbaycanın əzəli əraziləridir. Sovet dövründə Ermənistana verilmişdir. Hətta erməni terrorçuları sərhədi keçməyə cəhd edərkən belə, Azərbaycan Ordusu onlara atəş açmadı, yalnız zərərsizləşdirdi".
Politoloqun sözlərinə görə, ABŞ, Fransa başa düşməlidirlər ki, Qarabağ münaqişəsi həll olunub, başqa dövlətin daxili işlərinə müdaxilə etmək beynəlxalq hüququn on prinsipindən biri olan “hər hansı bir dövlətin daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə edilməməsi” prinsipini pozur:
"Nə vaxta qədər bu dövlətlər ədalətdən danışıb, amma ədalətli olmayacaqlar, özləri görə bilmək istədikləri şəraiti diktə edəcəklər. Ermənistan silahlı qüvvələri işğal edilən ərazilərdən qovulub, Ermənistan kapitulyasiya sənədini imzalayıb, Qarabağda yaşayan 25 000 erməni də Azərbaycan Respublikasının vətəndaşıdır və heç bir statusdan söhbət gedə bilməz. 2021-ci il sentyabrın 23-də BMT-nin 76-cı sessiyasında məruzə edən Prezident İlham Əliyev dünya dövlətlərinə, beynəlxalq qurumların yüksək vəzifəli şəxslərinə, o cümlədən BMT-nin Baş Katibinə bildirdi ki, ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməsinlər. Bu müraciət çox böyük siyasi və hüquqi məna kəsb edir. Prezident bununla bildirdi ki, Azərbaycanda artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və hüquqi cəhtdən mövcud olmayan bir məfhuma istinad edilməsi o deməkdir ki, bundan həmin dövlət, yaxud qurum ancaq siyasi məqsədlər üçün istifadə edir. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb və Dağlıq Qarabağ ifadəsi tarixdə qalıb".
R.Dadaşova bildirib ki, Rusiya Ermənistanı silahlandırmada davam edir, Ermənistanın həmin bölgəyə hərbi texnika gətirməsinə göz yumur:
"Azərbaycan ərazisinə erməni terrorçuları buraxılır. Ermənistanın rəsmi nümayəndələri bölgəyə gəlirlər. Yəni Rusiya Bəyanatdan irəli gələn müddəaya əməl etmir. Rusiya Ermənistanla müttəfiqdir. Buna görə də o, ədalətli vasitəçi ola bilməz. Əksinə mövqeyindən yararlanaraq açıq və gizli yollarla Ermənistana yardım edir. İkinci Qarabağ müharibəsində Rusiyadan Qarabağa göndərilən silahları Gürcüstan öz ərazisindən keçməyə qoymadıqda, silahlar İran üzərindən daşındı. İranın Ermənistana hərbi və digər yardım göndərməsinə qarşı çıxan İranda yaşayan azərbaycanlılar kütləvi cəzaya, işgəncəyə, həbsə məruz qaldılar. Qələbədən sonra qonşu dövlət İran İslam Respublikası Azərbaycanın güclənəcəyindən və desək də, deməsək də hər kəsə məlumdur ki, vahid Azərbaycan yaranacağından çox qorxur, Azərbaycanın qərb rayonlarını Naxçıvanla, oradan Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasını, regionda Türkiyənin nüfuzunun üstünlüyünü həzm edə bilmir. Azərbaycanın qələbəsinə heç də sevinmir. Gorus-Qafan yolunun bağlanması, İrandan Ermənistana gedən yük maşınlarının saxlanması, gömrük rüsumu alınması İranı qane etmir, ən qısa müddətdə Ermənistana bu yola alternativ yol çəkilməsini tövsiyə edir. İrandan Qarabağa qanunsuz olaraq yanacaq dolu yük maşınlarının getməsi, Azərbaycanla sərhəddə təlimlərin keçirilməsi, İranın ali dini lideri ayətullah Xameneyinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi və s. İranın heç də Azərbaycana qarşı səmimi siyasət apardığını göstərmir".
Ayan Əlizadə
Baku Post