Sentyabrın 2-də ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən kateri vurdu. Bu barədə yayılan xəbərlərdə deyilirdi ki, gəminin qalıqlarından yapışan 2 nəfər sağ qalmağa çalışıb. Lakin hərbçilərə onları da öldürmək barədə əmr verilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Vaşınqton Post” bildirib.
Xəbərə görə, xüsusi əməliyyat qüvvələrinin komandanı, admiral Frenk Bredli suda qalan şəxsləri öldürən ikinci zərbənin endirilməsi barədə əmr verib.
Mənbələr iddia edir ki, Bredli bu addımı Pentaqon rəhbəri Pit Heqsetin qeyri-rəsmi şifahi göstərişi əsasında atıb: “Əmr belə idi: hamısını öldürün”.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, sağ qalanların öldürülməsi üçün ikinci zərbənin endirilməsini istəməzdi, lakin Heqset ona “belə bir hadisənin baş vermədiyini” deyib.
“Mən ona çox güvənirəm”, – deyən Tramp “Vaşinqton Post”un məlumatını yoxlayacağını vəd edib.
Heqset isə ittihamlara cavab olaraq bildirib ki, yayılan məlumat yanlışdır və Karib dənizində “hazırkı əməliyyatlar qanunidir”. Nazir birinci zərbəni canlı yayımla izlədiyini təsdiqləyib, lakin daha sonra otağı tərk etdiyini və bir neçə saatdan sonra admiral Bredlinin katerin batırılması barədə göstəriş verdiyini öyrəndiyini deyib. Heqsetin sözlərinə görə, birinci zərbədən sonra sağ qalanları görməyib. O, admiralı “Amerika qəhrəmanı, əsl peşəkar” adlandırıb:
“Onu və onun istər sentyabrın 2-dakı missiya, istərsə də sonrakı əməliyyatlar zamanı döyüş əməliyyatlarında qəbul etdiyi bütün qərarları dəstəkləyirəm”.
“Financial Times” isə yazıb ki, demokrat senatorlar Tim Keyn və Mark Kelli, həmçinin respublikaçı konqresmen Mayk Törner Heqsetin mümkün əmrlərini “hərbi cinayət” kimi qiymətləndiriblər. Konqresin hər iki palatasında əməliyyatın bütün detalları və əmrlərin qanuniliyinin araşdırılması üçün istintaq başladılıb.
Cavid, BakuPost