Ru
19:49 / 08 Oktyabr 2021

Orta Asiyanın ilk siyasi mühaciri

5942
Andrey Zaxvatov

Mustafa Şokay (Çokay, Çokayev, Çokay-oğlu) Rusiyada və Vətənində Qazaxıstan ərazisində təntənə ilə elan edilmiş, lakin çox az müddət fəaliyyət göstərmiş Türkistan (Kokand) muxtariyyətinin lideri kimi tanınır. Savadlı və kübar qazax zümrəsindən olan Mustafa Şokay 1918-ci ildə yeni hakimiyyəti qəbul etməyərək, 1921-1941-ci illərdə Fransada emiqrasiyada yaşayıb. Və bununla da sovet dönəmində, 1930-1940-cı ilin başlanğıcında Almaniyada nasist rejimi ilə əməkdaşlıqda və kollaborasionalizmdə ittiham olunub. Son bir neçə ildə Qazaxıstan və Tacikistanda tarixçilərin apardıqları tədqiqatlar nəticəsində sübuta yetirilib ki, Mustafa Şokayın adı ləkələnməyib. Qazaxıstan və Fransada ucaldılan abidələr isə bu şərəfli insanın həyat və fəaliyyətinə verilən yüksək qiymətdir.



Parlaq ömrün səhifələri

1917-1920-ci illərdə Qazaxıstanın dövlət və ictimai xadimi, Türkistan milli şurasının gələcək lideri Mustafa Şokay 25 dekabr, 1890-cı ildə indiki Qazaxıstan Respublikasının Qızıl Orda rayonunun, Sır Dərya sahillərində yerləşən Taranqıl aulunda, tanınmış və savadlı kübar ailəsində anadan olub. İlk təhsilini rus məktəbində aldıqdan sonra, 12 yaşında Daşkənd gimnaziyasında oxuyub. Bu gimnaziyanı qızıl medalla bitirərək, 1910-cu ildə sankt-Peterburq İmperator universitetinin hüquqşünaslıq fakultəsinə daxil olub. Universitet diplomunu aldıqdan sonra Rusiya Dövlət Dumasının müsəlman fraksiyasında 2 il katib işləyib. Gənc siyasətçinin ən nəzərəçarpacaq uğuru Daşkənddə Dövlət Dumasının komissiyasında olub. Nəticədə komissiyanın rəhbəri olan Aleksand Kerenskiy (Müvəqqəti hökumətin gələcək rəhbəri) Çar Rusiyasını sarsıdan Türkistan xalqlarının vəziyyəti və insanların narazılıq səbəbləri ilə bağlı məruzə hazırlayır. Bu işdə gənc hüquqşünas Mustafa Şokayın da əməyi olur. 1917-ci ildə Rusiya imperiyasında inqilabi dəyişikliklər başlayır. Bölşeviklərin hakimiyyətə gəlişindən sonra Mustafa Şokay Türkistan muxtariyyətinin yarandığı Kokandda məskunlaşır və əvvəlcə xarici işlər departamentinin rəhbəri vəzifəsini, sonradan isə bütov muxrtariyyətin rəhbəri vəzifəsini tutur. Qırmızı bolşevik terrorunun başlaması və Türkistan muxtariyyətinin Sovet Rusiyasının tərkibinə daxil olmasından sonra, Mustafa Şokay bolşevik rejimi ilə əməkdaşlıqdan imtina edir və Daşkənddə gizlənir. Elə burada gələcək həyat yoldaşı ilə, peterburqlu zadəgan Mariya Qorina ilə tanış olur. Bolşeviklərdən gizlənərək 1919-cu ilin baharından, 1921-ci ilin fevralına qədər Mustafa Şokay Tiflisdə yaşayır, publisist kimi fəaliyyət göstərir. Qafqazdakı demokratik respublikaların bolşeviklər tərəfindən devrilməsindən sonra isə, siyasətçi üçün ən düzgün çıxış yolu emiqrasiya olur.



Təmiz ada palçıq bulaşmaz

Mustafa Şokayın Fransada miqrasiyada olduğu iki onillik o qədər dolğun keçir ki, KİV-lərdə onun obrazını ləkələyənlər Şokayın iştirakı ilə baş verən hadisələr barədə xəbərlərin məğzini dəyişir. Onlar əsasən Mustafa Şokayın 30-cu illərin sonu, 40-cı illərin əvvəlindəki fəaliyyətini interpretasiya etməyə və baş ayaq çevirməyə çalışırdılar. Saxta tədqiqatçılar hətta Vermaxtın tərkibindəki Türkistan legionu və bu ideyanın praktiki reallaşdırılmasında da Mustafa Şokayın adını çəkirdilər. Qaragüruhçuların siyasi miqranta qarşı hücumları isə sənədlərlə çox asanlıqla təkzib olunur. Belə ki, Türkistan legionunun yaradılması barədə əmri Hitler 1941-ci il, dekabrın 22-də verib. Nasistlərlə əməkdaşlıqdan imtina edən Mustafa Şokay isə 1941-ci il, dekabrın 27-də vəfat edib. (Digər məlumatlara görə zəhlənib). Şokayın Türkistan legionunun yaradılması ilə bağlı nasistlərlə əməkdaşlıq etməsi barədə uydurmaları 2000-ci illərin əvvəlində Qazaxıstan Milli Təhlükəsizlik Departamentinin Qızıl Orda vilayəti üzrə reabelitasiya məsələləri departamentinin rəhbəri, SSRİ DTK-sının polkovniki Amirxan Bakirov da inkar edib. 2004-cü il, aprelin 28-də “AiF-Qazaxıstan”nəşrində o qeyd edirdi:

“Mustafa Çokay haqqında açıq nəşrlərdə gedən bütün materiallarla yanaşı, Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin arxivindəki, onun Vətənə xəyanətdə və faşistlərlə əlbir olmaqda ittiham edildiyi 40 cildlik cinayət işini də öyrənmək imkanı əldə etdim. İttiham Türkistan legionunun təşkil olunması üzərində qurulub. Mən hesab edirəm ki, xoş anılmayan Türkistan milli komitəsini, Türkistan legionunu o yaratmayıb və Qızıl ordu ilə mübarizəyə yola salmayıb. Onun barəsində nə desələr də, 1941-1944-cü illərdə nə Türkistan legionuna, nə də komitəyə Çokayın heç bir aidiyyatı olmayıb”.



Mustafa Şokay və Rusiya Federasiyası.

Şokayın Sovet dönəmində tarixçilər tərəfindən qələmə alınan həyat və fəaliyyəti bir neçə “müəllif” tərəfindən janrın bütün qanunlarına uyğun sifarişli və böyük maştablı saxtalaşdırmadır. Buna əsas isə arxivlərdə saxlanılan, olmayan hadisələr və ustalıqla uydurulan yalanlarla dolu faktlar idi. Lakin heç bir arxiv sənədində Şokay nasistləri Sovet İttifaqına hücuma səsləmir. Sankt-Peterburqda təhsil alan, rus və bir neçə Avropa dilini gözəl bilən Mustafa Şokay hesab edirdi ki, Qazaxıstanın gələcəyi qonşu Rusiya ilə ittifaqdan asılıdır. Son illərdə Mustafa Şokayın fəaliyyətini tədqiq edən müstəqil Qazaxıstan tarixçiləri bildiriblər ki, 1917-ci il, noyabrın 27-də Türkistan muxtariyyətinin elan olunduğu, Kokandda keçirilən 4-cü fövqəladə Ümummüsəlman toplantısında Mustafa Şokay deyib: “İlk dəfədən sağlam ölkə qurmaq asan deyil. Bunun üçün nə kadrlar var, nə də təcrübə. Və ən əsası muxtariyyətin gələcəyini qoruya biləcək ordu da yoxdur. Rusiya nəqədər zəifləsə də, bizdən qat qat güclüdür. Rusiya ilə biz dostluq və sülh şəraitində yaşamalıyıq. Bunu çoğrafiya özü bizə diktə edir”.



Son dövrlər, SSRİ-nin süqutundan sonrakı dövrlər də göstərdi ki, Qazaxıstanla Rusiya arasında ittifaq və dostluq sarsılmaz olaraq qalır.

Son söz əvəzi

2020-ci ilin oktyabrında Özbəkistanda sovet dövrünün repressiya qurbanlarının həyatları, həmçinin onların xatirələrinin əbədiləşdirilməsi ilə bağlı işçi qrupu yaradılıb. Komissiyanın işi yarım ildən çox davam etdi. 2021-ci il avqust ayının sonunda məlum oldu ki, Özbəkistan Ali məhkəməsi açıq iclasında Orta Asiyada basmaçı hərəkatının başçısı, daha çox kurbaşıİbrahimbəy kimi tanınan İbraqimbek Çakabayevə bəraət verib. Müstəqil Özbəkistanın Ali məhkəməsinin bu qərarına qədər isə sovetlər dönəmində adı çəkilən basmaçı lideri Tacikistan, Özbəkistan və Əfqanıstanda sovet hökumətinin düşməni kimi xatırlanırdı.

Tarixçi Kamoludin Abdullayev yazır: “Bu insanın taleyində Orta Asiya xalqlarının çətin və ziddiyyətli tarixi əks olunur. Tacikistanda, Özbəkistanda, Əfqanıstanda İbragimbek kimin üçünsə nifrət olunası cani, amansız və savadsız vəhşidir. Digərləri isə onun adını heyranlıqla çəkir, onunla milli qəhrəman kimi fəxr edirlər”.

Siyasi repressiyaların qurbanlarının bəraət alması ilə bağlı proses hazırda Qazaxıstanda da aparılır. Qazaxıstanın milli-azadlıq hərəkatının rəhbəri Kamoludin Abdullayevin fikrinə görə, Mustafa Şokayı Orta Asiyanın ilk siyasi mühaciri adlandırmaq olar. Və heç bir şübhə yoxdur ki, müstəqil Qazaxıstanda gələcəkdə çap olunacaq tarix kitablarında onu məhz belə adlandıracaqlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər