Ru
15:45 / 06 Sentyabr 2021

Pandemiya və kino sənəti: Yeni filmlər niyə çəkilmir?

Pandemiya və kino sənəti: Yeni filmlər niyə çəkilmir?
Eye

Koronavirus pandemiyasının digər sahələrə vurduğu ziyan incəsənətdən də yan keçmədi. Demək olar ki, bir çox sahələrdə qapanmalar olsa da, müəyyən müddətdən sonra yumşalmalar tətbiq edildi.

Təəssüf ki, bu yumşalmalar film sahəsi ilə bağlı məkanlara şamil olmadı. Belə ki, 2020-ci il martın 14-dən qapılarını tamaşaçılarının üzünə bağlamağa məcbur qalan kinoteatrlar, teatrlar, “Cinema” mərkəzləri hələ də fəaliyyət göstərmir.

Belə olduğu halda, pandemiya dövründə insanlar yalnız internet üzərindən yayımlanan filmlərə baxdılar. Hətta statistik göstəricilərə görə, karantin müddətində “Youtube” şəbəkəsində istifadəçilərin fəallığı əvvəlki illərlə müqayisədə artıb.

Lakin Azərbaycanda yaranan belə şəraitdən rejissorlar, ssenaristlər fürsət kimi istifadə edib yeni film, əsərlər ortaya qoymadılar. Halbuki, daha böyük kütlənin maraq dairəsinə çevrilə bilər, həm də baxış sayında yüksəliş əldə etmək olardı.

Bəs buna səbəb nə oldu? Nəyə görə bu sahədə çalışanlar passivlik nümayiş etdirdi?

Bu barədə Bakupost.az -a danışan sənətşünas Xəyalə Rəis qeyd edib ki, pandemiya hər sahəyə olduğu kimi incəsənətimizə də təsirsiz ötüşməyib:



“Pandemiya dönəmində ən çox izlənilən film Elşən Zeynallının rejissorluq etdiyi “Soyuq günəş” oldu. Filmin ssenarisi real həyatdan götürülmüş ləzgi həyatından bəhs edir ki, sözügedən film ilk bədii ləzgi filmi idi. Filmin Nizami kinoteatrında premyerası nəzərdə tutulsa da, ancaq pandemiya şərtlərinə əsasən bu mümkün olmadı. Rejissor da həmin filmi “Youtube”a yerləşdirdi və hazırda “Soyuq günəş” yerləşdirildiyi 3 ay ərzində izlənmə sayı 2 milyonu keçib. Nəinki Azərbaycanda, Türkiyədə, Cənubi Azərbaycanda böyük müzakirərlərə səbəb olub.

Digər tərəfdən pandemiya dönəmində bir çox filmlər çəkildi, ancaq həmin filmlər kommersiya xarakteri daşıyır. Kommersiya üçün çəkilən filmlər də ilk növbədə kinoteatrda heç olmasa öz xərcini çıxarmağa hesablanıb. Ondan sonra müəllif həmin filmi “Youtube”da yerləşdirib izləyici toplayır”.

X. Rəis pandemiya dönəmində sənətin öldüyünü deyənlərə də səslənib:

“Deyirlər ki, pandemiya dönəmində Azərbaycan kinosu, teatrı öldü, son nəfəsini verir. Tarixə nəzər salsaq istənilən dönəmdə ağzıgöyçəklərin “İncəsənətimiz ölür, son nəfəsini verir” kimi çıxışları olub. O fikri səsləndirənlərin çoxu indi həyatda yoxdur. Ancaq kino, teatr hələ də yaşayır”.

Kinorejissor Ruslan Mollayev isə bildirib ki, istər karantin dövründə, istərsə də normal həyatda rejissorlar yaradıcılıqlarını hər zaman əks etdiriblər:



“Dünya praktikası göstərir ki, tanınmış yazarların əksəriyyəti bu kimi vəziyyətlərdə böyük əsərlər yaradıblar. Yəni rejissorları qınamaq olmaz ki, niyə film çəkmədilər. Fərqi yoxdur, film çəkənlər karantində və ya ondan əvvəl yaradıcılıqlarını əks etdiriblər.

Şəxsən mənə hər zaman insan faktoru maraqlıdır. Məsələlərə insanların dili ilə yanaşıram. İçimdə hansısa söz, fikir varsa, diqqətimi çəkən mövzu olarsa, onun üzərində işləyirəm. Məsələn, görürəm ki, bu fikri yaxın tanıdığım adamın dili, həyata baxışı ilə deyə bilərəm, o zaman həmin adama müraciət edirəm, onu filmə dəvət edib, sənədli filmimizi çəkirik.

Son filmim Qarabağla bağlı çəkdiyim “Sözün zəfəri” olub. Oraya Səlim Babullaoğlunu dəvət etdim. Karantin ərəfəsində sözün qalibiyyətindən film çəkdik. Məsələn, müharibə zamanı fiziki olaraq ondan danışılıb. Amma bu müharibənin kökündə söz dayanır. Əslində hər şey sözdən, ideyadan başlayır. Məhz bizim də fikrimiz poeziyaya, sözə yanaşaraq, öz işimizi, cəmiyyətdə gedən prosesə münasibətimizi bildirmək idi. Bu film həm sosial şəbəkədə, həm də televiziyada yayıldı. Ola bilsin ki, televiziyada yayılan materiallar sosial şəbəkələrdə özünü biruzə vermədi. Çünki televiziyanın özünün də qanunları var. Düşünürəm ki, filmlər festivalda iştirak etdikdən sonra sosial şəbəkələrdə öz yerlərini tutacaqlar. Və kütlə onu daha çox görəcək”.

Aygün Nəbiyeva
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar