“Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yolunu Türkiyəyə və ya Azərbaycana verə bilər”.
Bakupost.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev “Moskva–İrəvan” videokörpüsünün bugünkü yayımında bildirib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan Çin, Qazaxıstan və Oman adlarını çəkərkən, eyni zamanda daha iki iştirakçını da nəzərdə tutur. Söhbət məhz Türkiyə və Azərbaycandan gedir: “Biz çox yaxşı anlayırıq ki, burada Naxçıvanla Ermənistan sərhədinin Yeraskh (Arazdəyən) rayonu istiqamətində, eləcə də erməni–türk sərhədinin Gümrü rayonu istiqamətində açılmasından söhbət gedir. Rusiya Federasiyası, yeri gəlmişkən, buna heç vaxt etiraz etməyib”.
Politoloq ümumilikdə “Tramp marşrutu”nun Ermənistan üzərindən keçməsi məsələsini dəyərləndirərkən qeyd edib ki, bu marşrut ABŞ-nin Çin, İran və digər ölkələrlə qarşıdurma meydanına çevrilə bilər: “TRIPP layihəsi Türkiyəni Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirməyi hədəfləyən “Orta Dəhliz”in tərkib hissəsidir. Amerikalılar isə getdikcə daha çox bu yolun nadir torpaq metalları ixracı və tranziti üçün istifadə oluna biləcəyindən danışırlar”.
Cavid, BakuPost