Rusiya Prezidenti Vladimir Putin ilin sonunadək Donbası tam ələ keçirmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Putin bu barədə ABŞ administrasiyasına və prezident Donald Trampın nümayəndəsi Uitkoffa şəxsən bildirib:
“O, amerikalılara, Ağ Evə və prezident Trampın nümayəndəsinə dedi ki, Donbası iki-üç ay ərzində, maksimum ilin sonuna qədər götürəcək,” – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri məlumatın mənbəyini açıqlamayıb.
"Bloomberg" agentliyi isə may ayında yazıb ki, Kreml Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin tam işğalı ssenarisindən çıxış edir və bu kontekstdə Putin Tramp ilə yeni telefon danışığı planlaşdırır.
Zelenski bu planların Rusiyaya çox baha başa gələcəyini deyib: “Əgər Rusiya Donbasın bir hissəsini tutmaq istəsə, bunun qiyməti illər və bir milyon insan olacaq. Əgər bunu tez etmək istəsə, bu artıq iki-üç milyon insanın ölümü deməkdir. Bax, qiymət budur,” - Ukrayna prezidenti əlavə edib.