Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununu keçirəcək.
Bakupost.az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edəcək. Matç saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.
Onu da qeyd edək ki, "Ayaks" hazırda uğursuz dönəmini keçirsə də, klub Çempionlar Liqasının dördqat qalibidir. Amsterdam təmsilçisi eyni zamanda, 1 dəfə Avropa Liqasının, 2 dəfə isə UEFA Superkubokunun qalibi olub.
Ağdam təmsilçisi 1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gəlib, 3-cü turda "Atletik"ə məğlub olub (1:3), 4-cü turda "Çelsi" ilə heç-heçə (2:2) edib, 5-ci turda isə "Napoli"yə uduzub (0:2).
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland)
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)
VAR: Matej Juq (Sloveniya)
AVAR: Alen Borosak (Sloveniya)