Rusiya məhkəməsi qanunsuz miqrasiya kanalının təşkili ittihamı ilə mühakimə olunan iki azərbaycanlı barəsində hökm çıxarıb.
BakuPost.az Rusiya mediasına istinadən xəbər verir ki, Volqoqrad vilayəti Kirov rayon məhkəməsinin qərarına əsasən, burada yaşayan 55 yaşlı Bəhruz Mürtəzəli oğlu Qasımov və 45 yaşlı Talıb Əlihüseyn oğlu İsayev qeyri-qanuni miqrantların Rusiyada iş patenti və vətəndaşlıq əldə etməsinə şərait yaratmaqda təqsirli biliniblər.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxslər miqrantları saxta qaydada miqrasiya uçotuna salıb, bununla da onlara Rusiyada qanuni əsaslarla qalmaq və əmək fəaliyyəti ilə məşğul olmaq imkanı verən iş patenti əldə etməyə kömək ediblər. Eyni zamanda, onlar miqrantların rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsasları üzrə imtahanlardan uğurla keçməsinə dəstək göstəriblər ki, bu da gələcəkdə Rusiya vətəndaşlığının alınması üçün zəruri sayılır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, qanunsuz fəaliyyət əməliyyat nəticəsində ifşa edilib. Faktla bağlı Volqoqrad vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi tərəfindən cinayət işləri açılıb.
Məhkəmə Baxruz Qasımovu 7 il, Talıba İsayevi isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Hər iki şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkəcək şəxslər hökm oxunduqdan dərhal sonra məhkəmə zalında həbs ediliblər.
Cavid, BakuPost