Bakıda 3 nömrəli avtobus sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “TikTok”da yayılan videoda sürücünün sərnişinlərlə kobud rəftar etdiyi iddia olunub.
Videonu paylaşan Azadə Həsənxanova bildirib ki, hadisə bu gün səhər radələrinə İnşaatçılar prospektində baş verib: “Avtobusda o qədər sıxlıq var idi ki, ön qapıdan minmək mümkün deyildi. Yaşlı bir qadın arxa qapıdan mindi. Xanıma artıq əyləşmək üçün yer vermişdilər, oturmuşdu. Sürücü dedi ki, aşağıya düş, avtobusu sürmürəm və sürmədi də. Başa düşürəm, arxadan minəndə sürücülər cərimə olunur. Amma o qədər insaflı sürücülər var, düşünürlər ki, hər kəs bu saatda evdən çıxırsa, çörəkpulu qazanmağa gedir. Həmin qadının halı avtobusda pisləşdi, çənəsi əsə-əsə düşdü. Biz getdiyimiz yerə gecikdik, sürmədi. Sürücü 102-yə zəng etdikdən sonra avtobusu sürdü, “Gənclik” metrosuna gəldik. “Mall”un yanından dönüb qayıtmalı idi, sərnişinlər də dedi ki, qayda-qanun var, niyə dönmədin? Bizi metronun qarşsısında saxladı ki, düşün, avtobusda nasazlıq var”.