Ru
16:00 / 30 Aprel 2026

Tramp kəşfiyyatçıları topladı: Bağlı qapılar arxasında nələr olur?

Tramp kəşfiyyatçıları topladı: Bağlı qapılar arxasında nələr olur?
Eye

Bu gün ABŞ Prezidenti Donald Trampın kəşfiyyat icmasının nümayəndələri ilə Ağ Evdə qapalı brifinqi olacaq.

Bakupost.az xəbər verir ki, bu tədbir ABŞ-nin İrana qarşı növbəti hərbi əməliyyatlar hazırlaması ilə bağlı geniş yayılmış məlumatlar fonunda elan edilib.

Belə ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran hədəflərinə qarşı bir sıra "qısa və güclü" zərbələr endirmək üçün plan hazırladığına dair məlumatlar yayılıb. İddiaya görə, bu ssenari Tehrana təzyiqi artırmaq məqsədi daşıyır.

Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, qapalı Ağ Ev brifinqləri adətən ictimaiyyətə açıqlanmayan, amma strateji baxımdan həssas olan bir neçə əsas istiqamət ətrafında qurulur.

Ekspert deyir ki, kəşfiyyat icması ilə prezident səviyyəsində keçirilən belə görüşlərdə gündəm çox vaxt konkret qərardan daha çox, müxtəlif ssenarilərin qiymətləndirilməsi və risklərin balanslaşdırılması olur:
“Odur ki, Ağ Evdə bu şəkildə keçirilən qapalı brifinqdə konkret nələrin müzakirə olunacağına dair ancaq ehtimallar irəli sürmək olar”.

Belə bir brifinqdə ilk müzakirə edilə biləcək istiqamət müsahibimizə görə, adətən qlobal təhlükəsizlik mühiti olur:
“Buraya Yaxın Şərqdə vəziyyət, İranla bağlı nüvə proqramı, İsrail və region ölkələri ilə əlaqəli gərginliklər, eləcə də Hörmüz boğazı kimi strateji keçidlərdə təhlükəsizlik vəziyyəti daxil ola bilər. Kəşfiyyat orqanlarının prezidentə mümkün eskalasiya xəritəsini təqdim etməsi, yəni, hansı hadisə baş verərsə, hansı reaksiyalar yarada biləcəyinə dair məlumatlar verməsi mümkündür. Məqsəd çoxvariantlı risk analizi aparmaqdır”.

R. Bayramovun fikrincə, görüşdə həmçinin İranın siyasi institutları və qeyri-dövlət aktorlarının fəaliyyəti, mövqeyi də müzakirə mövzusu ola bilər:

“İran kontekstində bu, yalnız dövlət səviyyəli hərbi imkanlar deyil, həm də proksi qüvvələr — Livan, İraq, Yəmən kimi bölgələrdə fəaliyyət göstərən qrupların potensial hərəkətləri deməkdir. Kəşfiyyat icması adətən belə brifinqlərdə cavab addımlarının izahını verir. Yəni, ABŞ və ya müttəfiqlərinin hərəkətlərinin hansı qeyri-simmetrik cavablar doğura biləcəyinə dair məlumatları bölüşürlər.
Digər mühüm istiqamət isə kibertəhlükəsizlik və hibrid müharibə riskləri ilə bağlıdır. Məlumdur ki, müasir qarşıdurmalarda artıq təkcə hərbi əməliyyatlar deyil, enerji şəbəkələrinə, maliyyə sistemlərinə, dəniz logistikasına və kommunikasiya infrastrukturlarına qarşı hücum ssenariləri də qiymətləndirilir. Qapalı brifinqdə bu tip hücum ehtimalına dair addımlar da müzakirə oluna bilər”.

Ekspert sonda qeyd etdi ki, ümumiyyətlə belə qapalı brifinqlər daha çox riskin qiymətləndirilməsi funksiyasını daşıyır:

“Yəni qərar tək bir istiqamətə yönəlmir, müxtəlif ssenarilərin bir-biri ilə necə toqquşacağı və hansı addımın ən az ziyanla strateji üstünlük verə biləcəyi analiz olunur”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar