ABŞ Prezidenti Donald Tramp İranın müxtəlif şəhərlərində davam edən hakimiyyət əleyhinə etirazlarla bağlı sərt bəyanat verib. O bildirib ki, etirazlar zamanı nümayişçilərin öldürülməsi halında ABŞ İranı “çox sərt şəkildə vuracaq”.
Bakupost.az xəbər verir ki, ABŞ-ın mühafizəkar jurnalisti Hyu Hyuittə müsahibə verən Tramp bu mövqeyini daha əvvəl də səsləndirdiyini xatırladıb: “Əgər insanları öldürməyə başlasalar – ki, üsyanlar zamanı buna meylli olurlar – onları çox sərt şəkildə vuracağıq. Bu addımın onlar üçün son dərəcə ağır nəticələri olacağı açıq şəkildə bildirilib”.
ABŞ Prezidenti İranın devrilmiş monarxiyasının varisi kimi təqdim olunan, özünü “vəliəhd şahzadə” adlandıran Rza Pəhləvi ilə görüşməyəcəyini də bəyan edib. Tramp bildirib ki, Vaşinqton İranda mümkün hakimiyyət dəyişikliyi halında konkret bir fiquru dəstəkləməyə hazır deyil.
Tramp devrilmiş şahın oğlu haqqında danışarkən prezident kimi onunla görüşməyin uyğun olmadığını vurğulayıb:
“Düşünürəm ki, hər kəsin ortaya çıxmasına imkan verilməlidir və kimin önə çıxacağını görməliyik. İndi görüşün uyğun olub-olmadığından əmin deyiləm”.
Qeyd edək ki, bəzi mənbələrdə yayılan xəbərlərdə yanvarın 12-də Mar-a-Laqodakı iqamətgahında Rza Pəhləvinin Trampla görüşəcəyi iddia olunmuşdu.
Pəhləvi tərəfdarları İranda etirazların məhz onun çağırışlarından sonra intensivləşdiyini iddia etsələr də, müşahidəçilər ölkədəki proseslərin uzun müddətdir yığılan sosial və iqtisadi narazılıqların nəticəsi olduğunu bildirirlər. Ekspertlər vurğulayır ki, İran müxalifətində hələ də vahid lider yoxdur.
Pəhləvini tənqid edən iranlı ziyalılar isə qeyd edirlər ki, monarxiyanın bərpasını müdafiə edən Rza Pəhləvinin 46 illik fəaliyyəti ərzində rəsmi nizamnaməyə malik güclü monarxist siyasi təşkilat yarada bilməməsi onun təsir imkanlarını ciddi şəkildə zəiflədir.
Cavid, BakuPost