Bəzi Avropa ölkələri artıq Ukraynanı cəbhədəki mövcud vəziyyətlə barışmağa səsləməyə başlayıblar.
Bakupost.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukraynanın Rusiya ilə gələcək sülh müqaviləsinin bir hissəsi olaraq ərazisinin müəyyən qisminin Kiyevin nəzarətindən kənarda qala biləcəyini qəbul etməli olacağını bildirib. O hətta bu cür güzəştləri ölkənin Avropa İttifaqına üzvlük perspektivləri ilə də əlaqələndirib.
Almaniya kansleri deyib ki, atəşkəs və sülh müqaviləsi imzalanan zaman bəzi bölgələrin Ukrayna ərazisi olmaqdan çıxması baş verə bilər.
Siyasi şərhçi Mehman Əliyev
Bakupost.az-a bildirib ki, bu Aİ-nin Ukrayna məsələsində də vaxtilə Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan “Bişkek modelinə” uyğun bir modelə getdiklərinə işarədir:
“Həmin ilin mayında Bakı ilə İrəvan “Bişkek protokolu”nu imzalayıblar. Ona əsasən atəşkəs dayandırıldı, təmas xətti formal olaraq sərhəd xətti kimi tanındı. Amma heç bir sülh sazişi imzalanmamışdı”.
Həmsöhbətimizin fikrincə, Moskva da təmas xətti üzrə atəşkəsə razılıq verib:
“Ukrayna məsələsində də sadəcə olaraq mövcud təmas xəttinin tanınmasından söhbət gedir. Rusiya tələb edir ki, müharibə təmas xətti üzrə dayandırılsın. Əvvəllər Moskva tələb edirdi ki, işğal etdikləri əraziləri Kiyev Rusiya ərazisi kimi tanısın. Ukrayna isə buna qarşı çıxır. Belədə ortaq variant kimi təmas xətti məsələsi gündəmə gətirilib ki, Rusiya da prinsipcə bununla razılaşıb”.
M.Əliyev hesab edir ki, buna getməkdə Avropanın əsas məqsədi indiki mərhələdə müharibənin dayandırılması, ardınca Ukraynada quruculuq işlərinə başlamaqla, tədricən ölkənin Avropa İttifaqına inteqrasiyası və onun Rusiyadan uzaqlaşmasına nail olmaqdır:
“Yəni vaxtilə Azərbaycanla olan vəziyyəti indi Ukraynaya müsnasibətdə tətbiq etmək istəyirlər. Bu planda son olaraq, ola bilsin 10-20 ildən sonra isə danışıqlar, bəlkə də yeni müharibə nəticəsində Ukrayna torpaqlarının geri qaytarılması nəzərdə tutulur. Əslində problemdən çıxış yolu məhz budur”.
Rüfət Sultan, BakuPost