Ru
15:39 / 26 Fevral 2021

Xocalını tanımırdım – Tələbə yazısı

4603



- Bilirsənmi, bir insanı həqiqətən sevdiyini nə vaxt anlayırsan?
- Yox…
- Onu itirəndə…
Joel Dikker
“Harri Kvebertin cinayət işi haqqında
həqiqət” romanından

1992-ci ilin fevral ayında günəşli və aydın bir gündə 7 aylıq körpə oğlumu qucağıma alıb həyətə düşmüşdüm. Ölkədə gərgin vəziyyət davam edirdi. Birdən səmada təyyarələr göründü: manevr edirdilər. Amma, deyəsən, çox alçaqdan uçurdular. Çünki səsləri vahiməli idi. Oğlum qorxub ağladı. Onu qucağıma bərk-bərk sıxıb öpdüm. Elə bil kimsə əlimdən alacaqdı körpəmi. Təyyarələrin buraxdığı izlərə baxdım. Göz yaşlarımı silə bilmirdim. Ürəyimdə dedim ki, qoy heç vaxt müharibə olmasın. Uşaqlar silah səsindən qorxub ağlamasın. Mən hələ nələr olduğundan xəbərsiz idim…
Axşam Moskvada yaşayan qohumum bizə zəng elədi:

– Necəsiniz? Xəbərlərdə dedilər ki, Xocalıda qırığın törədilib.
– Yox… heç eşitməmişəm… televizorda demədilər ki heç…

Televizorda dedilər… Amma bir az gec dedilər. Düzü, utanıram deməyə… mən Xocalını tanımırdım. Adını belə eşitməmişdim. Tanıdım… Çingizin öz hıçqırtıları ilə müşayiət etdiyi o əfsanəvi reportajdan.

Həmin gecə vətənimin bir parçasını itirdim. “Tanımadığım” Xocalımı… O torpağın, o insanların mənim üçün nə qədər dəyərli olduğunu anladım. Hislərimi istədiyim kimi ifadə edə bilmirəm. Heminquey kimi, Remark kimi söz ustası deyiləm axı. Pikasso deyiləm ki, bu dəhşəti bir tabloya sığışdırım, qəlbləri riqqətə gətirəcək bir rekviyem yazmaq qüdrətim yoxdur. Hər il fevralın 26-da bu faciənin rekvieminə - qəlbimin səsinə özüm qulaq asıram. Mən Xocalı haqqında hazırlanmış verilişlərə, çəkilmiş filmlərə baxa bilmirəm. Xocalı faciəsi vətənimə qarşı törədilmiş xəyanətdir, cəzasız qalmış cinayətdir. O gün insanlığın öldüyü, havanın qan qoxuduğu, bu vəhşiliyi görən dünyanın gözlərinin kor olduğu, vicdanını itirdiyi bir gündür. Ümidlərini, sevdiklərini, keçmiş xatirələrini, əzəli torpağını bir gecə də itirmiş minlərlə günahsız insanın gözyaşı heç dinərmiydi?!

Bu günü yenə də eyni yanğı ilə anırıq. Ancaq bir Zəfər sevinci var içimizdə. Bununla təsəlli, təskinlik tapırıq. Deyirəm necə bir qüdsiyyətdir ki, Vətən dedikdə tək bir “Dəmir yumruğun” altında birləşə bilən, canından keçən bir xalqa sahibik. Elə bir xalq ki, əsrlərlə çətin sınaqlardan keçsə də, xor baxsalar da, zəncirləri qırararaq yenidən ayağı qalxan, günəş kimi parlayan, öz varlığını isbat edən, çiyinləri Millət və Vətən sevgisi ilə taclanmış, düşmənlərinə göz dağı verən...

Mən pasifistəm. Hər cür təzyiqə və şiddətə qarşıyam. Lakin Xocalıdan söhbət düşəndə öz-özümə deyirəm: “Ey Xocalıda bu vəhşiliyi törədənlər! Mən sizin analarınıza, övladlarınıza, xəstə və qocalarınıza buna bənzər bir şey arzulamıram. Sizin özünüzə arzulayıram. Qoy Xocalının ah-naləsi heç qulaqlarınızdan getməsin. Hər an sizə əzab versin. Qiyamətə qədər bu əzabla yaşayın. Sonra cəzanız ədalətli əllərdə olacaq”.

Səma Qasımova
Xəzər Universiteti Dillər və ədəbiyyatlar
departamentinin IV il tələbəsi


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər