ABŞ hakimiyyətinin rusiyalı milyarder Süleyman Kərimova məxsus olduğunu güman etdiyi ələ keçirilən "Amadea" superyaxtasının artıq yeni sahibi var.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamenti 106 metrlik gəmini sentyabrın 10-da başa çatan hərraca çıxarıb və onu adı açıqlanmayan alıcıya satıb.
ABŞ Marşal Xidməti məlumatı təsdiqləyib. Hərracın məbləği açıqlanmayıb. "Amadea"nın dəyəri əvvəlcə 300 milyon dollar dəyərləndirilsə də, lakin son müstəqil qiymətləndirmə onu 230 milyon dollara endirmişdi. ABŞ səlahiyyətliləri "Amadea"nı mümkün qədər tez satmağa can atırdılar, çünki yaxtanın saxlanması vergi ödəyicilərinə ekipaj, yanacaq və sığorta üçün ayda təxminən 1 milyon dollara başa gəlirdi.
Yaxta Kərimova qarşı sanksiyalarla əlaqədar ABŞ-nin tələbi ilə 2022-ci ilin mayında Ficidə ələ keçirilib və daha sonra yedəklə San Dieqoya aparılıb. 2025-ci ilin iyun ayında Nyu-York federal məhkəməsi "Amadea"nın satışını təsdiqləyib.
Almaniyanın Lürssen gəmiqayırma zavodu tərəfindən inşa edilən yaxtada altı göyərtə, üzgüçülük hovuzu, cakuzi, iki spa, helikopter meydançası, kinoteatr, konfrans zalı, idman zalı, şərab anbarı və omar çəni var. Onun mərkəzi hissəsində əllə boyanmış və 24 karat qızılla bəzədilmiş unikal Pleyel royalı var.