Ru
12:37 / 26 İyul 2021

“Yatan kimi müharibə yenidən başlayır” – Nazirlikdə vəzifə alan qazi ilə VİDEOMÜSAHİBƏ

14785
Məlum olduğu kimi, iyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Bir neçə gündür yeni kollektivdə fəaliyyətə başlayan Ruslanı iş başında ziyarət edib onunla həmsöhbət olduq.

- Ruslan, istərdim ilk olaraq prezidentlə görüşünüzdən bəhs edək. Hansı hissləri keçirdiniz həmin an?


- Döyüşlərdə iştirak edən hər bir əsgər öz sərkərdəsi ilə üz-üzə gəlmək arzusundadır. Mənim də arzularımdan biri idi Ali Baş Komandanla görüşüb, onunla əl sıxışmaq. Amma mən onu qeyd etmək istəyirəm ki, Ali baş komandanla tək öz adımdan deyil, bütün döyüş yoldaşlarım, qazi qardaşlarımın adından görüşüb, əl sıxışdım. Mənim üçün Ali Baş Komandanla görüşüb, həmsöhbət olmaq böyük qürur idi. Çünki 30 il gözlədiyimiz addımı atmaq üçün bizə meydan verən liderdir. Bilirsiniz ki, ölkə başçımız hər zaman sülh tərəfdarı olub və xalqına da həmişə sülhü aşılayıb. Amma elə məqamlar var ki, döyüşsüz mümkün olmur. Müharibə çox dəhşətli şeydir. Mən heç bir xalqa, millətə müharibə arzu etmirəm. Amma haqsızlığa qarşı döyüşmək hər bir Azərbaycan vətəndaşının xarakteridir. Biz də Ali Baş Komandanın əmri ilə öz xarakterimizi nümayiş etdirmək üçün meydana atıldıq.



- Müharibədən əvvəl çalışdığınız sahə tamamilə fərqli sahə idi. Necə gedir yeni işə adaptasiya olma prosesi?

- Bəli, müharibədən əvvəl çalışdığım sahə ilə hazırda çalışdığım sahə çox fərqlidir. İxtisasım aşpazlıqdır. Müharibədən əvvəl çox məşhur otellərindən birində Mətbəx şöbəsinin sədri vəzifəsini icra etmişəm. Azərbaycan Milli Kulinariya İdarə heyətinin üzvü olmuşam, hazırda da oranın fəxri üzvüyəm. Kulinariya sahəsində keçirilən bir çox yarışlarda iştirak etmişəm. Burdakı iş prosesini hələ ki öyrənirəm. Çox gözəl kollektiv var.

Fəaliyyət göstərdiyim şöbə Qarabağ qaziləri və şəhid ailələri üzrə şöbədir. Mənim üçün bu işi icra etmək qürurdur. Elə anlar olur ki, qazi qardaşlarımı, yanımda şəhid olan döyüş yoldaşlarımın valideynlərini, ailəsini görürəm. Mənim vəzifəm tək onlara xidmət etmək deyil. Həm də təsəlli verməkdir. Onların problemlərinə şəxsi problemim kimi yanaşıram. Mən bura gələndə özümə söz verdim ki, vətəndaşların hər birinə səmimiyyətlə, vicdan və ədalətlə xidmət göstərəcəm. Bu, həm də mənim onlara minnətdarlığımdır. Ümid edirəm, vaxt gələcək Azərbaycanda evsiz və işsiz qalan şəhid, qazi ailəsi qalmayacaq.

- Müharibə başladı və könüllü döyüşə yola düşdünüz. Evin tək oğlusunuz bildiyim qədərilə. Ailəniz bu addımınızı necə qarşıladı. Sizin qapıdan çıxanda onlara son sözünüz nə oldu?

- Müharibə xəbərini alar-almaz Səfərbərlik idarəsinə müraciət etdim. Lakin 35 yaşım və üç övladım olduğuna görə etiraz etdilər. Dedilər, səni saxlayaq ikinci mərhələyə. Döyüşlər artıq başlamışdı və sosial şəbəkədə şəhid və yaralılarımızı görürdüm. Müharibəni televizor arxasından izləməyi özümə sığışdırmadım. Bilirdim ki, Azərbaycan ordusu çox güclüdür və müharibə ikinci mərhələyə çatmadan torpaqlarımız azad olunacaq. Ona görə də mən ikinci dəfə Baş Səfərbərlik İdarəsinə müraciət etdim. Elə oldu ki, orda məni könüllü əsgər olaraq qeydiyyata aldılar və sentyabrın 30-da döyüş bölgəsinə yola düşdüm. Qapıdan çıxanda anama sözüm bu oldu ki, nəinki torpaq, ərazi bütövlüyü, həm də 92-93-cü illərdə əsir düşən ana-bacılarımızın namusunun təmizlənməsi günüdü və mən o meydanda yaralanan, şəhid olan oğullardan artıq deyiləm. Bu döyüşdə hər bir Azərbaycan oğlu özünü meydanda görməli idi.



- Müharibənin dəhşətini şüurlu hər insan dərk edir. Amma biz müharibəni izləyən tərəf idik. Siz isə içində idiniz. Bir az döyüş yolunuzdan danışaq...

- Döyüş yolum Suqovuşanda keçib. N saylı hərbi hissədə Xüsusi Təyinatlı bölüyündə xidmət etmişəm. Müharibədən çox danışmaq istəmirəm. Çünki döyüş kənardan baxanda asan görünür. Amma meydanda tamamilə başqadır vəziyyət. O meydan, bir qabdan yemək yeyib, gecələr soyuqda qucaqlayıb yatdığın qardaşını itirdiyin meydandır. Düzdür, onlar şəhiddir, alidir. Necə ki, Qurani-Kərimdə deyilir “Onlar Allah qatında diridilər”. Amma bizim üçün onların şəhidlik anına şahidlik etmək çox çətin idi.

- Müharibədən danışmaq sizə çətindir, anlayıram. Amma sizin yaşadıqlarınız həm də bir tarixdir. Bu tarixi hər bir azərbaycanlının bilməyə haqqı var.

- Müharibədə, həm qardaşını itirmək, həm də ruhdan düşmədən döyüşmək çox çətindir. Anlar olurdu ki, səndən kömək istəyən yaralı, ölüm ayağında olan döyüş yoldaşına kömək edə bilmirsən. Bunun psixoloji cəhətdən necə böyük sarsıntı olduğunu sözlərlə izah etmək mümkün deyil. Mən öz döyüş yolumdan danışmaq istəmirəm. Hesab edirəm ki, müharibədən yaralanıb, amma sağ qayıdan döyüşçülərin öz döyüş yolundan danışması doğru deyil. Çünki biz şəhid qardaşlarımızın şahidləriyik. Bizim mövzumuz yalnız onlar olmalıdır. Bizim necə döyüşdüyümüz haqqında isə başqaları danışa bilər. Mən sizə şəhid olan döyüş yoldaşlarımızdan danışmaq istəyirəm. Hansı ki, onların çoxu mənim gözümün qarşısında şəhid olub. Lökbatandan Ataməli qardaşımız var idi. Onun vətənə olan sevgisini təsvir etməkdə çətinlik çəkirəm. Ölümün üstünə yeriyirdi rəsmən. Şəhid olanda barmağından üzüyünü çıxarıb Əzimzadə Emin adlı başqa bir döyüşçü yoldaşımıza vermişdi ki, ailəsinə çatdırsın. Onun balaca bir qızı var. Son sözü bu oldu ki, qızıma deyərsiniz mən onu çox istəyirəm.



Elə olurdu günlərlə piyada yol gedirdik. Çünki bir mövqeyi almaq üçün yol qət etmək lazım idi. Bizim qət etdiyimiz yollar da düzənlik deyildi. Dağlıq ərazilər idi. Üç, bəzən beş gün yol gedirdik. Elə olurdu suyumuz bitirdi. Təsəvvür edin Suqovuşanda, ayağımızın altından su axırdı biz o suyu içə bilmirdik. Hədəfdə idik. Başımızı görən kimi erməni minomyotla vururdu. Amma ona baxmayaraq, miqdarı az olan suyu biz 36 nəfər əsgərin arasında bölürdük. Çox qəribə idi, hərəyə düşən o bir udum su ilə suzuluğumuz yatırdı. Allah bizə o gücü verirdi.

- Ölüm qorxusunu necə dəf edirdiniz?

- Bizim Xüsusi Təyinatlıların döyüşə giriş hərəkəti ancaq gecələr olurdu. Mən mülkidən getmişdim deyə ilk vaxtlar düşmənlə üz-üzə gələndə qorxu hissi keçirirdim. Bu hamıda olur. Amma əsas olan odur ki, qorxu hissini qəlbində dəf edə biləsən. O hissi dəf etmək üçün bizim tək yolumuz dua oxuya-oxuya getmək idi.
Bəlkə də sizə qəribə gələcək qızğın döyüş gedən zaman zərrə qədər olsun qorxu hiss etmirdik. Sanki Allah bizim gözümüzdən o qorxu hissini çəkmişdi. Biz erməni postuna çatan kimi “Allahu Əkbər” sədalarımız onları lərzəyə salırdı. Çox qorxurdular təkbirdən. Elə vaxtlar olurdu bir güllə atmadan onları qaçmağa məcbur edə bilirdik.



- Necə yaralandınız, nə hiss etdiniz?

- Oktyabr ayında 530 yüksəkliyində yaralandım. Tank əleyhinə atılan mərmidən yaralanmışam. Qapalı baş-beyin travması almışam. Həm də yüksəklikdən yuvarlandığım üçün diz bağlarım yırtılıb.
Bilirisiniz ki, xüsusi təyinatlı bölük çox nizamlı şəkildə hərəkət edir. Döyüşün zabitlər tərəfindən idarə olunması var. Bizim bölük iki hissəyə bölünürdü. Hücum və atəş-dəstək hissəsi.
Onların dağın başında bir mövqeyi var idi. Məqsədimiz o mövqeyi hədəfdə saxlamaq idi. Biz onların mövqeyini aldığımız üçün onlar bizdən arxada mövqelənmişdi. Bilirsiniz ki, onlar 30 ildir orda qazıntı işləri aparmışdı. Ona görə də onlar öz mövqelərini dəqiq bildikləri üçün dəqiq də atışlar edirdilər. Kordinatları dəqiq bilirdilər. Çünki özləri qazdıqları yerlər idi. Onlar dayanmadan minomyot atırdılar. Var gücləri ilə atəş-dəstək istehkamını dağıtmağa çalışırdılar. Axırda idarə olunan raket atdılar. Həmin an mən həyatımda görmədiyim rəngləri gördüm orda. Qulağım, gözüm tutuldu. Allah rəhmət eləsin, mənim yanımda döyüş yoldaşım Ülvi Kərimzadə şəhid oldu. O dünyasının dəyişəndə mən onun başının üstündə idim. Mən ona gözlərini yumma deyirdim. O isə gülümsəyib mənə, mənim gördüyümü sən görmürsən deyirdi. Döyüşdə, həm daxili güc, həm də taktika lazımdır. Hisslərə qapananda istər-istəməz taktikadan kənar hərəkətlər edirsən. Həmin an mən hisslərə qapıldım və silahı götürüb qalxdım ermənin olduğu vala tərəf. Atışa-atışa gedirdim. Amma bu olmamalı idi. Çünki mən canlı hədəf idim. Döyüş yoldaşlarım məni geri qaytardı.



- Sağlamlığınızın bərpa olunma prosesi necə gedir, hazırda özünüzü necə hiss edirsiniz?

- Müharibə bitsə də fəsadlar əbədiyyən bizimlədir. Düzdü, indi sağlam görünürəm, ancaq tam sağalmamışam. Müharibədən qayıdandan bəri gün ərzində üç saat yuxu yatmıram. Yata bilmirəm. Kəskin baş ağrılarım var. Dizlərimdəki yırtıq hərəkət etməyimə mane olur. Başımı yastığa qoyan kimi mənim dünyamda müharibə yenidən başlayır. Yaşadıqlarımı yenidən yaşayıram. Evdə oturmaq mənim üçün əzablı idi. Özümə qapanırdım.

Çox minnətdaram ki, məni işə götürdülər, burda adaptasiya prosesi daha sürətlə gedir. İnşallah hər şey yaxşı olacaq.

Günel Musa
Baku Post
Şərhlər
  • Elsevər Ömərov.

    Allah səni qorusun. chef

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər