Texnologiya nəhəngi “Apple” və yapon moda markası “Issey Miyake” birgə yeni telefon aksesuarı təqdim edib. Son yenilik müştəriləri təəccübləndirib – “iPhone” üçün hazırlanmış corab.
Bakupost.az xəbər verir ki, əslində məhsula ““iPhone” cibi” (“iPhone Pocket”) adı verilib, lakin əslində bu, toxunma corabdır və çanta kimi əldə saxlamaq olur.
Qadınlar üçün nəzərdə tutulan və məhdud sayda istehsal edilən “corab” mavi, qəhvəyi, yaxud qara rəng seçimləri ilə 229,95 dollara (390 manat) satışa çıxarılıb. Parlaq narıncı, sarı, bənövşəyi, çəhrayı rəngdə qısa versiyası isə 149,95 dollara (255 manat) satılır. Bu versiyanı qola taxmaq və ya çantaya bağlamaq mümkündür.
İstehlakçılar çox baha hesab etdikləri məhsulu birmənalı qarşılamayıb. Bir çoxları “iPhone” “kisəsi”nin telefon oğrularının işini asanlaşdıracağını deyiblər.
“Oğurlamaq asanlaşır! Möhtəşəm”, “Telefonunuz Londonda qolunuzdan nanosaniyə ərzində götürüləcək”, “Təsəvvür edin, telefonuma corab almışam”, statusları ən çox bəyəni yığanlar arasında olub.
Cavid, BakuPost