"Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ideal ata olmuşam. Kimsə bunu dana bilməz. İş də düzəltmişəm. Gecə toylarından açarlarını vermişəm ki, gedin evinizə. Heç bilməyiblər evləri var. Əslində bir ata övladına bu qədər doğru addım atırsa, maddi imkanlarını səfərbər edirsə, zərərli tərəfləri çoxdur. Oğul övladı özü ayaq üstə olmalıdır".
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib. Müğənni oğulları ilə münasibətindən danışıb:
"Bu, onları çox zəiflətdi. Onlar ayağa qalxa bilməzlər. Onlara Ağadadaş lazımdır. Bir gənc 35 yaşına qədər həyat bazasını yarada bilmirsə, sürünənlərdəndir. Amma 35 yaşına qədər ayağını bərk yerə basırsa, yaxşıdır. Bizimkilər o yaşı keçiblər. Onlar möhkəm yıxılsa, ayağa qalxa bilməyəcək. Bircə, qız nəvəm var, kişi kimidir. Bircə, onda güc görürəm".
A.Ağayev qızı Leyladan bəhs edib:
"Hamı Leylaya (sənətçi açıqlamasında qızının fiziki qüsurlu olduğunu deyib - red.) qarşı yaxşıdır. Bunun arxasında əməl yoxdursa, necə yaxşı olsun? Bunların əməlində boşluq var. Deyirəm, niyə Leylanın yanına getmirsən, nə edirsən? Əgər gecə övladım telefonu söndürüb yatırsa, mənim oğlum deyil. Ona hallalıq da vermirəm. Atan yaşlı adamdır, bəlkə ölüb? Sən oldun kim? Torpağın altında yatan qurd. Niyə telefonu gecə açıq saxlamırsan? Sənin xəstə anan, atan, bacın var".