“Hava Limanında taksi xidmətini AYNA-nın inhisara almağa cəhdi haqqında bir neçə dəfə yazmışdım, hətta Ombudsman Aparatı da çox doğru publik açıqlama verdi ki, AYNA Konstitusiyanı və Rəqabət Məcəlləsinin şərtlərini pozur”.
Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.
“AYNA isə cavab verib ki, “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur, qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.
Deməli, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardır, taksilərə onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir, sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır. Belə ağ yalan insanın əlini üzündə qoyur”, - deyə o qeyd edib.
Natiq Cəfərlinin sözlərinə görə, AYNA-nın digər qurumu “AzParking” MMC şəhərdə parklanmaya görə toplanan vəsaitlə bağlı da açıqlama vermir:
“Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Hörmətli məmurlar, bu kommersiya sirri deyil, dövlət sirri heç deyil, vəsaiti məndən-vətəndaşdan toplayırsınız, zəhmət çəkin, hesabat verin!”
Lalə Novruz, Bakupost