Ru
22:43 / 19 Yanvar 2023

20 Yanvarla bağlı müəmmalar: "60 kaset, topladığımız sənədlər yoxa çıxdı" - VİDEO

38430
Bakupost.az -ın "Sabir Rüstəmxanlı söhbətləri" layihəsinin növbəti buraxılışı 1990-ci ilin 20 Yanvar hadisələrinə həsr olunub.

Bu hadisələrin bilavasitə iştirakçısı olan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qanlı hadisələrin məzmunu, mahiyyəti ilə yanaşı bir sıra detalları barədə də danışıb.




Millət vəkili qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinə həm şərəfli bir gün - qəhrəmanlıq tariximizin bir səhifəsi, həm də bir faciə kimi düşüb:

"Mən o günlərin həm faciəvi, həm də qəhrəmanlıq tərəfini görmüşəm. O günlərdə yaşadıqlarımız hamısı gözümün önündən keçir. 20 Yanvar əslində Sovet hökumətinin Azərbaycana dərs vermək istəyindən doğmuşdu.


Azərbaycanda xalq ayağa qalxmışdı. 1988-ci ildən başlayaraq, meydanlar dolub daşırdı. 1988-ci ildə 18 günlük Meydan epopeyasının aparıcılarından biri olmuşam. 1989-cu ildə də mintinqlər davam edirdi. 1989-un sonunda, nəhayət, Moskvanın tutduğu xəyanətkar mövqeni görən dünya azərbaycanlıları Naxçıvanda, Cəlilabadda sərhədləri sökmüşdü. Buna Moskva mətbuatı çox böyük reaksiya vermişdi ki, Azərbaycan xalq hərəkatının üzvləri SSRİ-nin sərhədlərini dağıdırlar, Azərbaycanı SSRİ-dən qoparmaq və müstəqil dövlət qurmaq istəyirlər. Beləliklə, Moskva Azərbaycana bir dərs vermək, gözümüzü qorxutmaqla SSRİ-nin başqa bölgələrində milli azadlıq hərəkatlarının qarşısını almaq istəyirdi".

S.Rüstəmxanlı qeyd edib ki, bu proses əslində 1988-ci ildə də baş verə bilərdi:

"Həmin vaxt da qoşun yeridilmişdi. Amma o vaxt xalq həmin qoşunu sakit qarşılamışdı. Tankların lülələrinə qərənfil taxmışdılar. Əsgərlərimiz ölkənin müxtəlif yerlərindən gələn hərbçilərlə dostlaşmışdılar. Ona görə də meydanda qan tökülməmişdi. 1990-cı ildə isə artıq Bakıda köhnə Sumqayıt hadisələrini təkrar etmək şəraiti yaranmışdı. Çünki Ermənistandan köçürülən 10 minlərlə evsiz-eşiksiz insan gəlib Bakıya dolmuşdu. Bakıda isə erməni və ruslar rahat yaşayırdılar. Ruslar yenə də yaşayır. Amma ermənilər bir tərəfdən bizim torpaqlarımızı ələ keçirmək istəyir, digər tərəfdən də Ermənistandan azərbaycanlıları qovurdular. Üstəlik, bütün dünyaya bəyan edirdilər ki, guya Bakıda erməniləri sıxışdırırlar. Bunun üçün də Moskva "KQB"-sinin əli ilə bir neçə təxribat xarakterli hadisələr törədilirdi ki, qoşunun Bakıya girməsi üçün fakt, bəhanə olsun. Beləliklə, müxtəlif istiqamətdən "səbəblər" toplanmışdı. Amma Bakıda buna ehtiyac yox idi. Mən şəxsən buna qarşı o vaxt sözümü demişdim. Demişdim ki, ölkə rəhbərliyi Azərbayacanı müdafiə etmək istəyirsə, özünün polisi, hərbi hissələri və gücü var, zəhmət çəkib onları sərhədlərimizə göndərsin. Xalq hərəkatına belə bir şans verməklə əslində bizi tora salırdılar. Hədəfə çevirirdilər ki, guya xalq hərəkatı silahlanıb. Ordu Bakıya girəndə bu bəhanəyə haqq qazandırmaq üçün Moskva tərəfindən bir çox evlərin üstünə silahlılar yerləşdirmişdilər, sanki onlar orduya müqavimət göstərir".

Deputat bildirib ki, belə mürəkkəb şəraitdə Moskva öz əlində olan bütün hərbi gücləri havadan, qurudan və sudan Bakıya yönəltdi:

"Sanki bir yad ölkəyə hücum başlandı. Halbuki Bakı İkinci Dünya savaşında faşizmə qarşı mübarizədə SSRİ-ni xilas etmişdi. Buna görə minnətdar olmaq, Bakıya qəhrəman şəhər adı vermək əvəzinə düşmən şəhəriymiş kimi hücum olundu. Hücuma başçılıq edənlər Moskvadan gəlmiş hərb maşının rəhbərləri idi - Yazov, Bakatin, Razumovski və başqaları. Həm siyasi rəhbərlikdən, həm də hərbi rəhbərlikdən gəlib Bakıda 10 gün əvvəldən hazırlıq görürdülər. Yalandan televiziyada Razumovski çıxıb deyirdi ki, ordu yeridilməyəcək, ordu sərhədlərə və Dağlıq Qarabağda SSRİ qanunlarına tabe olmayan erməniləri yerində oturtmaq üçün gəlib. Amma niyyət başqa idi. Niyyət əvvəldən də bilinirdi, əslində. Qorbaçovun hücum taktikası bəlli idi. Əslində Çexoslovakiya, Macarıstan, Almatı, Tiflis, Vilnüs hadisələrindən sonra Bakıya ordunun yeridilməsinə bəhanə yox idi. Amma bu işğalçı rejimə bəhanə lazım deyildi. Onlar bəhanəni özləri uydururdular".


Sabir Rüstəmxanlı qeyd edib ki, 20 Yanvar hadisələri zamanı təxminən bizə məlum olan 146 adam öldürüldü:

"800-ə yaxın insan yaralandı. 1000-dən çoxu itkin oldu. Evlərə girib uşaqları güllələyirdilər. Dənizə tökülən insanlar vardı. Bunların hamısı dəqiqləşdirilməlidir. Son dərəcə böyük bir riyakarlıq edərək hərbi texnikanı insanların üzərinə sürürdülər. O tankların üstündə oturan uzan saçlı, gözləri hədəqəsindən çıxan, vəhşiləşmiş əsgərlərin bir çoxu əslində Quzey Qafqazdan tutulmuş ermənilər idi.

Dəfn günü mən qəbiristanlıqda idim. Şəhidlərin 7-sində də, 40-ında da orda idim. Orada bizim xalqımıza şöhrət gətirən bir çox səhnələrin şahidi olmuşdum. Amerika, Avropa mətbuatı, müxtəlif dünya ölkələrinin qəzetləri açıq yazırdılar ki, bu, “Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir”, “SSRİ-nin dağılmasına start verən hadisədir”, “Sovet ordusunun vəhşilik örnəyidir”, “Xalq bu hücümu qəhrəmanlıqla qarşıladı”, “Şübhəsiz ki, bundan sonra Azərbaycanın müstəqilliyə gedən yolu açıldı” və s. Xarici mətbuat bu cür qiymət verirdi. Ayın 19-da artıq ordunun girəcəyi bəlli idi. Bütün günü Xalq Cəbhəsinin İdarə Heyətində biz bunu müzakirə elədik. Artıq xalqı küçələrdən geri çağırmaq mümkün deyildi. Əksinə, insanlar küçələrə toplaşırdı. Səhər tezdən, saat 5-dən durub yenə gəldim. "Koroğlu", o vaxtkı "Əzizbəyov" metrosunun yanına çatanda küçədəki mənzərə məni dəli elədi. Hönkürə-hönkürə gəlirdim, maşını sürə bilmirdim. Bütün ətraf dağıdılmışdı, sanki aylarla burada savaş olub. Yol boyu ta Bakının mərkəzinə kimi qərənfillər düzülmüşdü. Camaat necə vaxt tapmışdı?! Həmin gün mən təcili Bakı Şəhər İcra Hakimiyyətinə getdim. İstəyirdim, nə qədər insanın həlak olduğunu öyrənim. Xəstəxanaya gedib yaralıları gördüm. BŞİH-də şəhidləri harada dəfn edəcəyimizi müzakirə etdik. Mənim yadımdadır, Ədalət BŞİH-in sədr müavini idi, onunla getdik indiki Şəhidlər Xiyabanına. Mənim təklifim vardı ki, orada dəfn olunsunlar. Maraqlıdır, ora gedəndə gördük ki, bir neçə insan əllərində bel gəlib orada könüllü şəkildə məzar qazırlar".

Sabir Rüstəmxanlı həmin gün Milli Məclisin toplaşdığını, gecədən səhərə kimi müzakirələr aparıldığını bildirib:

"Bu hadisələri araşdırmaq, istintaq aparmaq üçün millət vəkilləri və ictimaiyyət nümayəndələrindən ibarət bir komissiya yaradıldı. Mən o komissiyanın üzvü idim. "Müstəqil Azərbaycan" deputat blokundan ora 3 nəfər seçildi. Mən, Tamerlan Qarayev və Tofiq Qasımov. Biz aylarla bu məsələni araşdırdıq. 60-a yaxın kaset yazılmışdı. Moskvada və burada vəzifə sahibləri ilə söhbətlər oldu. Sənədlər yığılmışdı. Komissiyaya akademik Midhət Abbasov rəhbərlik edirdi. Təəssüf ki, bu məsələ yekunlaşanda o kasetlər, çəkilən kadrlar və topladığımız materialların böyük bir hissəsi yoxa çıxdı. Başa düşmədim, niyə belə oldu".

Müsahibimiz bu gün artıq faciənin göz yaşlarını unutduğumuzu, hadisələrin xalqın yaddaşında qəhrəmanlıq səhifəsi kimi qaldığını deyib:

"Azərbaycan tarixinə yaraşan, bizim millətimizin azadlıq eşqini göstərən, sonraki illərimizə böyük bir ruh aşılayan bir hadisədir. Təbii ki, Azərbaycan xalqı yaşadıqca, 20 yanvar hadisəsi unudulmayacaq. 90-cı ildə Avropaya getdim. Onda burda fövqalədə vəziyyət idi. Bu haqda danışmaq olmazdı. Televiziya susurdu. Avropada çoxlu görüşlərimiz oldu. Almaniyada, Belçikada, Hollandiyada. Orada azadlıq şüarı ilə mitinqlər keçirilmişdi. Avropada yaşayan türk diasporu üzvləri, Güney Azərbaycandan olan soydaşlarımız bu məsələ ilə bağlı böyük yürüşlər keçirmişdi. Onların lentlərini gətirib Bakıda, Azərbaycan Televiziyasında göstərdim. Bildirdim ki, biz təklənməmişik. Həmin hadisələr Berlin divarlarının yıxılması ilə eyni vaxta düşmüşdü. Berlində hələ yıxılmamış divarların üstünə bizim insanlarımız “Azəriyə hüriyyət” yazmışdılar. Həm Azərbaycan, həm də alman dilində".

Millət vəkili o zaman ordunu Bakıya Azərbaycan hökumətinin dəvət etdiyini də vurğulayıb:

"Ordunun bura gəlməsində onların əli vardı. Təxminən ayın 15-i, ya16-sı hansısa məsələ ilə bağlı rəhmətlik Elmira Qafarova Ali Məclisinin sədri kimi məni otağına dəvət eləmişdi. Mən getdim. Qarşımdakı stolun üstündə bir kağız vardı. Baxdım ki, bu, Qorbaçovun sərəncamıdır. Azərbaycanda hakimiyyət dəyişikliyinin qarşısını almaq, sərhədləri təhdid edən qüvvələri yerində oturtmaq, guya hakimiyyəti ələ keçirmək istəyən xalq hərəkatına qanun çərçivəsində yerini göstərmək üçün ordunun Bakıya yeridilməsi barədə sərəncam idi və Qorbaçovun imzası var idi. Amma tarix qoyulmamışdı. Bəlli idi ki, tarixi gözləyirlər. Hazır olan kimi tarixi də yazacaqdılar. Ayın 19-na. Amma 15-i, ya 16-da o məktub Bakıda var idi. Deməli, Azərbaycan hakimiyyəti bunu bilirdi. 23 aylıq bir komendat saatı başlandı. Komendat saatı vaxtı Xalq Cəbhəsində artıq seçkilərə hazırlıq gedirdi. Bu seçkilərdə təbii ki, demokratik qüvvələr üstünlük qazanacaqdı. Bu üstünlük nəticəsində hakimiyyət dinc yolla dəyişdiriləcəkdi. Bütün bunlar bu dəyişikliyin qarşısını almaq üçün törədildi. 23 ay ərzində biz heç yerə tərpənə bilmədik. Müqavimət üçün müəyyən silahların hazırlığı nəzərdə tutulurdu. Mənə elə gəlir, hərbi hazırlıq işləri də gedirdi. Mən o zaman "Azərbaycan" qəzetini buraxırdım. Gəldim ki, qəzetin redaksiyası dağıdılıb. Ən pisi o oldu ki, Dağlıq Qarabağda Azərbaycan hakimiyyətinin fəaliyyəti dayandırıldı. Müvəqqəti hakimiyyət yaradıldı. Və ora Moskvadan göndərilən komissarlar rəhbərlik etməyə başladı. Ona görə mən hesab edirəm ki, emosional şəkildə dediyimiz müsbət tərəflərə baxmayaraq, o itkinin qarşısını almaq lazım idi və mən bunun tərəfdarı idim. Hesab edirdim ki, dinc yolla daha çox şey əldə edə bilərik. Bu gün də o fikirdəyəm".

Əfsanə,
BakuPost
Şərhlər
  • Kərki QARAbağlısı

    Özünüzü yormayın. SSRİ NSnin işçisi AqaBekin xaricdə özbaşına Qarabağ müsahibəsi, nəinki, *satqın* Kremlinin, eləcə də *qərbin biznes* mafiozlarının SSRİnın daşnaq işğalından xəbərdar olduğunu 1987ci ilin fevralından azərbaycanlılara qarşı DQMV və Ermənistandakı terrorlar aşkarca təsdiq edirdi. Azərbaycanın hər bir qurumunda hay-erməni mərkəzlərinin *xəbərçiləri* elə o zamandan bu günə qədər siyasi-hüquqi cəhətdən *oyuq* Azərbaycana qarşı çalışırlar. Heç bir azərbaycanlı, ya Hüquq-mühafizə orqanları isə bu günə qədər bircə terrorçu və cinayətkarın həmləsini, terror istiqamətini göstərməklə cinayətin mühakiməsini, ya şübhəsinin təhqiqatını tələb edib, ya edir? Əksinə, Zəfərli Müzəffər Azərbaycanda daha uzaqdan Azərbaycan dövlətinin *qınına belə toxuna bilmədiyi* yeni terrorçular peyda olurlar?

  • t.ədalət

    Qarabağa Xalq Yardımı komitəsinə daha çox Rusiyaya xidmət edən adamlar yığılmışdı.Bu komitəyə axşamlar gələn Polyaniçko gizli işlər görürdü.Burdakı adamlarda AXC təşkilatına genetik bir nifrət hissi var idi.Sanki xalq hərəkatına qarşı Moskvanın düşmən mövqeyini müdafiə edirdilər.Komitənin məqsədi düşmən ermənilərə qarşı deyildi.Komitə Qarabağda köməksiz qalmış azərbaycanlılara kömək adı ilə Vilayətdə ermənilərin qalıb yaşamasını dəstəkləyirdi.Açıq demək lazımdır Kİ,ermənistandan deportasiya edilmiş azərbaycanlılara heç əhəmiyyət belə vermirdilər.Məsələn,həmin vaxtlarda Şəmkirdə ermənilərin boşalmış evlərinə İrəvandan deportasiya olunmuş azərbaycanlıların yerləışdirilməsini Əhməd Əhmədzadə ciddi surətdə əngəlləyirdi.Bakıda körpə uşaqları ilə binaların giriş qapılarında ac-susuz gecələyən İrəvan qaçqınlarına komitə heç bir yardım göstərmirdi.

  • t.ədalət

    20 Yanvar qətliamının törədicisi Primakov idi.Qorbaçovun sarsaqlığından istifadə edən erməni-kürd geni daşıyan xain Primakov qoşunu Bakıya soxdu.Daha doğrusu,vəhşi ordunun arxadan idarəedicisi Primakov idi.Primakov və onun başına toplaşanlar Bakıda 1920-ci ilin dəhşətlərini yaşatdılar.Onlar daha çox insanın tələf edilməsini planlaşdırırdılar.Lebedin qeydlərində Bakıda onlara bələdçilik edəcək adam Dadaş Rzayev idi.Qarabağa Xalq Yardımı təşkilatına Polyaniçko rəhbərlik edirdi.Dadaş Rzayevi təşkilatda şöbə müdiri təyin etdirmişdi.Görünür,Moskvada Bakı qətliamına hazırlıq aparılmış.Odur ki, "desantnik" Dadaş Rzayevdən istifadə də nəzərə alınıbmış.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər