Ru
00:23 / 04 Fevral 2023

Anar Hüseynov: "Təkan" layihəsi regionlardakı gənc idmançıların inkişafına dəstək olacaq

34046

Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov ötən il əldə olunan nailiyyətlər və cari il üçün perspektivlər barədə AZƏRTAC-a müsahibə verib.


Bakupost.az həmin müsahibəni təqdim edir.


- 2022-ci ili Azərbaycan Ağır Atletika Federasiyası üçün necə qiymətləndirərdiniz?

- Uğurlu olduğunu düşünürəm. Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının ümumi yığıncağı keçirildi və yeni komanda olaraq fəaliyyətə başladıq. İlkin planımız koronavirus pandemiyasının bu idman növünə vurduğu zərbədən yaranan fəsadları ən qısa müddətdə aradan qaldırmaq, ölkədaxili yarışlara start vermək və onların əsasında bütün yaş qrupları üzrə yığma komandaları formalaşdıraraq beynəlxalq yarışlarda iştirakını təmin etmək idi. Artıq həmin çətinliklər arxada qalıb, boşluqlar aradan qaldırılıb, Azərbaycan ağır atletikası tam gücü ilə inkişafa doğru irəliləyir. Paris Olimpiya Oyunlarına hazırlığa start vermək, lisenziya yarışlarında layiqli iştirak etmək istəyirik.

- Uzunmüddətli strategiyanız nədən ibarətdir?

- Bu işə də elə ilk gündən başladıq. Hədəfimiz yeni nəsil ağırlıqqaldıranların yetişdirilməsi, regionlarda ağırlıqqaldırma infrastrukturunun qurularaq kütləviliyin artırılması, günlük yox, sabit və davamlı qələbələrin əldə edilməsi üçün təməl qoyulması və dopinqlə mübarizənin ən yüksək səviyyəyə çatdırılması idi. Bu yolda da xeyli irəliləyiş əldə etmişik. Regionlara səfər etdik, hər şeyi öz gözümüzlə görüb addımlar atdıq. Yüksək səviyyəli idmançının yetişdirilməsi böyük bir prosesdir və bunun üçün öncə lazımi infrastruktur qurmalıyıq. Cəmi 8 ay ərzində Goranboy, Gəncə, Samux, Tovuz, Qazax, İsmayıllı, Qax, Balakən, Sabirabad və Zəngilanda yeni ağırlıqqaldırma zalları istifadəyə verildi.

- Kütləviliyin artırılması üçün hansı layihələr həyata keçirilib?

- Bir çox işlər görmüşük. Onların arasında ən əsası regionlarda yeniyetmə və gənc nəslin idmana cəlbidir. Mütəxəssislər qrupumuz müxtəlif rayon və şəhərlərdə, kəndlərdə olan orta təhsil məktəblərinə səfər edir, orada xüsusi dərslər zamanı ağırlıqqaldırma idman növünün təməl biliklərini tədris edir, sağlam həyat tərzinin müsbət tərəfləri barədə məlumat verir, sonra isə şagirdləri ağırlıqqaldırma zallarına dəvət edirlər. Orada peşəkar mütəxəssislər məktəblilərə praktiki dərslər keçir, müxtəlif hərəkətləri göstərir, ətraflı məlumat verərək ağırlıqqaldırma ilə məşğul olmağa həvəsləndirirlər. Artıq ölkəmizin qərbində Tovuz, Qazax, cənubunda isə Lənkəran və Lerikdə bu çalışmaları etmişik və ilkin müşahidələrimiz göstərir ki, bu layihə çox böyük effekt verməkdədir. 2023-cü ildə bu işi digər regionlarda da davam etdirəcəyik. Kütləvi çalışmalarımızın uğurlu nəticəsini göstərən daha bir fakt isə dekabrın 21-23-ü tarixlərində keçirilən Azərbaycan kuboku yarışında 9 region - Lənkəran, Gəncə, Sumqayıt, Şamaxı, Qazax, Neftçala, İsmayıllı, Şərur və Bakıdan rekord sayda - 25 qadın atletin iştirakıdır.

- 2022-ci ildə beynəlxalq yarışlarda hansı uğurlar əldə edilib?

- İlin ən mötəbər yarışı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları idi ki, biz də orada uğurlu çıxış edə bildik. Qadınlarda Nazilə İsmayılova, kişilərdə isə Dadaş Dadaşbəyli toplam 4 medal - 1 gümüş və 3 bürünc medalla fərqləndilər. Bununla yanaşı, Polşanın Raşin şəhərində yeniyetmələr arasında Avropa birinciliyində komandamız uğurlu çıxışı ilə yadda qaldı. Turan Əliyev, Qasım İsmayılov və Ravin Alməmmədov ümumilikdə 7 medal – 1 qızıl, 3 gümüş, 3 bürünc və bir Avropa rekordu ilə tarixi nəticəyə imza atdı. Albaniyanın Dürres şəhərində keçirilən 20 və 23 yaşlı gənclər arasında Avropa birinciliyində 9 medal – 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan komandamız bu nəticə ilə yaşı 20-yə qədər gənclər arasında medal sıralamasında 4-cü yeri tutdu və kubokla mükafatlandırıldı. Bizim üçün ilin son beynəlxalq yarışı isə Ankarada keçirilən məşhur atlet Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş turnir idi. Oradan da əliboş dönmədik. Aktivimizdə 6 medal – 4 bürünc və 2 gümüş medal oldu ki, bu da çox yüksək nəticə kimi qəbul edilir. Ümumilikdə, 2022-ci ili 26 medalla başa vurduq. Düşünürük ki, bu, yaxşı nəticədir və bizim üçün başlanğıc nöqtəsidir və 2023-cü ildə bundan da yaxşı çıxış etmək niyyətindəyik.

- Bu il ağırlıqqaldıranlarımızın hansı yarışlarda iştirakı gözlənilir, digər hansı işlər görüləcək?

- Beynəlxalq arenada bütün yarışlarda iddialı olmaq istəyirik. Yeniyetmə, gənclər və böyüklər arasında Avropa və dünya birincilikləri və çempionatlarına qatılacağıq. Bununla yanaşı, 2024-cü il Paris Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan müxtəlif yarışlarda iştirakı planlaşdırırıq. Bunların arasında Kuba və Qətərdə keçiriləcək Qran-Pri yarışlarını fərqləndirə bilərik. Ölkə daxilində də keçiriləcək yarışların sayının artırılması nəzərdə tutulub. Ötən il yaradılan 20-dən çox yeni ağır atletika klubunun iştirakı ilə yeni Klublar Liqasına start veriləcək, ağırlıqqaldırmaya böyük maraq təmin ediləcək.

- Yanvarın 17-də “Təkan” layihəsinin təqdimatı oldu. Bu platformanın hədəfləri nədən ibarətdir?

- “Təkan” ölkəmizdə ağır atletikanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə könüllü dəstək verilməsi mexanizminin daha əlçatan edilməsi məqsədilə yaradılıb. Hədəfimiz Azərbaycanda bu idman növünün populyarlaşmasına nail olmaq, ölkəmizin bütün regionlarından müxtəlif yaş qrupları üzrə ağır atletlərin yetişməsinə təkan verməkdir. Bununla yanaşı, missiyamız gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın inkişafında ictimai əməkdaşlığın nümunəvi modelini yaratmaq, ağır atletikanı sağlamlıq və pedaqoji tərbiyə prosesinin əsas komponentlərindən birinə çevirmək, “Firavan, sülhsevər, insan ləyaqətinə hörmətlə yanaşılan bir dünya qurmaq” ideyası ətrafında inkişaf edən Olimpiya Hərəkatına töhfə verməkdir. “Təkan” vasitəsilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə, fəaliyyətinə dəstək verə bilər. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz dəstəyini vermək imkanı qazanacaq. Xalqımızı ağır atletikanın inkişafı üçün bu layihədə iştirak etməyə dəvət edirik.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər