Ru
16:30 / 17 May 2022

Azərbaycanda “repetitor” biznesi: "Müəllimlər "sədaqət andı" içirlər" - Ekspert

4258
“15-20 il bundan öncə yalnız 10- 11-ci sinifdə oxuyan şagirdlər ali məktəblərə qəbul imtahanlarında lazımi nəticə göstərmək üçün repetitor xidmətindən istifadə edirdi. İndi isə yuxarı və aşağı siniflərdən asılı olmayaraq, bütün şagirdlər repetitor xidmətindən istifadə edir”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Ekspert bildirib ki, əgər şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf edər:


“Bu gün şagirdlərin çoxu hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri­rəsmi məktəbə repetitorun yanına gedir. Deməli, rəsmi təhsilin səmərəsizliyi ucbatından şagird istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur. Digər tərəfdən ölkə konstitusiyasına və qanunlarına görə Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır.

Yəni, dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz, hətta dini təhsil belə. Xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir.


Görəsən yüz minlərlə uşağın hansı şəraitdə, kimlərin yanında, hansı formada təhsil almalarından təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirməyə məsul olan Təhsil Nazirliyinin xəbəri yoxdur? Əlbəttə var. Nazirlikdən məsələyə münasibətdə “Məktəblərdə təhsilin keyfiyyətini artırmaq və repetitorluğun qarşısını almaq üçün bir neçə addımlar atılıb. Ümumilikdə isə bu məsələnin dərin, köklü problemləri var. Repetitorluq əslində təzahürdür, nəinki problem. Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək, amma bunun üçün birmənalı olaraq biz təhsildə rəqabət və əməkdaşıq prinsiplərini bir daha müzakirə etməliyik” kimi bəyanatlarla kifayətləniblər”.


Nadir İsrafilov bildirib ki, dünya təcrübəsində “ya və ya” prinsipindən bu və digər şəkildə çıxış yolu tapan xeyli ölkə və kifayət qədər təcrübə var:

“Qonşu Rusiyada şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənişli dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu mübarizə yolu müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır. Digər maraqlı təcrübələr də var. Hər-halda, ilkin olaraq bu təcrübələrdən nisbətən optimal sayılanını seçib, tətbiq etmək tərəddüdlərə son qoymaq yolunda ilk addım ola bilər”.


Ekspertin sözlərinə görə, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərir, “gəlim-görüm” prinsiplərinə “sədaqət andı” içirlər:


“Bu, bir tərəfdən pedaqoji dəyərlərin nə dərəcədə aşındığının, digər tərəfdən isə dağıdıcı “anti-məktəb” prosesinin təşəkkülünün göstəricisidir. Ən təhlükəli olanı isə odur ki, “parlaq gələcək” axtarışında müəllim deyil, repetitor “talisman” obrazında çıxış edir. Sistemləşdirilmış biliklər əldə etmək üçün kompleks təlim­tərbiyə müəssisəsinə, məktəbə, müəllimə deyil, konkret ixtisas üzrə test suallarına hazırlaşmaq üçün əlavə xidmətə, repetitora müraciət ehtiyac meyarına çevrilir. Repetitor institutu da yerində saymır, forma və məzmunca durmadan təkmilləşir. Artıq pedaqoji leksikonumuza daha prestijli və qiymətcə fərqli “bunker repetitoru” anlayışı gətirilib”.


Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər