Ru
13:29 / 29 Avqust 2022

Cəngəllik qanunları daha ədalətlidir - Əqrəb, ilan yeyən səyahətçi ilə MÜSAHİBƏ - FOTO-VİDEO

60963

Vəhşi təbiətdə yaşayan və sağ qalmağa çalışan macərapərəst insanlara çox az-az rast gəlirik.


Bu gün onlardan birini - Azərbaycanın cənub qapısı Astarada yaşayan Saleh Baxşıyevi sizlərə təqdim edəcəyik.


Bölgələrimizi qarış-qarış gəzən, onun gözəlliklərini təqdim edən səyahətçi Saleh Baxşıyev 20 fevral 1992-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub, orda boya-başa çatıb. Orta təhsilini bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Bölmələrində xidmət edib. Saleh Baxşiyev digər səyahətçilərdən fərqli olaraq daha çox Azərbaycanda insan ayağı dəyməyən yerlərə səyahət edir.



S. Baxşıyevin Bakupost.az -a müsahibəsi:



- Saleh bəy, səyahət hobbinizdir, yoxsa işiniz?


- Əvvəl başlayanda hobbi kimi başlamışdım. Amma indi həm hobbi, həm də işim olaraq davam etdirirəm. Hobbimi işimə çevirmişəm. Əsas işim təbiətdə sağ qalmaq, heyvanları müşahidə etmək, insan ayağı dəyməyən yerləri kəşf edib sosial şəbəkə üzərindən insanlara tanıtmaqdır.






- Siz insanların az-az getdiyi və ya heç getmədiyi, vəhşi, yirtici heyvanların olduğu meşələrə, dağlara səyahət edirsiz. Bu, çox təhlükəlidir. Sizdə bu istək necə yarandı?


- Məktəb illərindən təbiəti çox sevirdim. Bu, məndə coğrafiyaya maraq yaradırdı. Hərbi xidmətdə olanda isə günlərimiz dağlarda keçirdi. Orda komandirlərimiz bizə ekstremal şəraitdə davranış qaydalarını öyrədir, biz də bunu real şəkildə icra edərək, sağ qalmağa çalışırdıq. Bu, ən sevdiyim tapşırıqlardan olduğu üçün xidmət yoldaşlarımla daha çox biliyə sahib olmağa çalışırdıq. Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrdən bizə ezam olunan “Vova” ləqəbli zabitlə daha çox zaman keçirir, bildiklərini bizə öyrətməyi üçün çoxlu suallar verirdik. Sevə-sevə bizə yaşadığı çətinliklər, üzləşdiyi çətin sınaqlar haqqında danışır, öz təcrübəsindən nələrisə göstərir və öyrədirdi. Xidmətimi başa vurduqdan sonra mən boş qalmayıb ara-sıra dağlara səyahət edirdim. Bir gün belə qərara gəldim ki, dağlara, meşələrə gedərkən, oraları öz kameramla çəkim, bildiklərimi, öyrəndiklərimi izləyicilərimlə paylaşım. Düşünürdüm ki, həm maarifləndirici iş görmüş olaram, həm də insanlarda təbiətə maraq yaradaram. Yəni çıxsınlar təbiətə, təmiz hava qəbul etsinlər. Həm də nə qədər xariciləri izləyəcəklər, qoy özləri də bir şeylər kəşf etsinlər, səyahətdən həzz alsınlar. Məncə, mən buna nail oldum.





- Günlərlə ac qalır, bəzən ilan, əqrəb tutub bişirirsiz. Hamının qorxduğu heyvanları siz rahatlıqla əldə edirsiz. Sanki vəhşi təbiətlə bir bağınız var və nəyisə kəşf etmək də istəyirsiz?

- Ümumiyyətlə, təbiətdə olan heç bir canlıya zərər verməyi sevmirəm. Bu ilan belə olsa. Amma bəzən məcbur qaldıqda onlardan qida olaraq istifadə edir, ac-susuz qalmamaq üçün bacarıqlarımı bu şəkildə inkişaf elətdirirəm.



- Bildiyimiz qədər Astara meşələrində bəbirlər də var. Səyahətiniz əsnasında rastınıza çıxıbmı?


- Çox təəssüf ki, özü ilə rastlaşmaq nəsib olmayıb. Amma getdiyi marşrutlarla dəfələrlə gedib, fototələlərin quraşdırıldığı yerlərin ətrafında ayaq izlərini müşahidə etmişəm.





- Bəs, səyahət zamanı hansısa qorxulu anlar yaşamısızmı?


-Təbiət öz gözəlliyi ilə bəzən insanın ağlını başından alır. Bu gözəlliyin vəhşi tərəfi hansısa yırtıcının şikarı olmaqdır. Əgər təhlükəsizlik qaydalarını bilməsək, özümüzü həlak etmiş olarıq. Səyahət zamanı böyük təhlükə ilə rastlaşmamışam. Bu ondan irəli gəlir ki, səyahət zamanı əraziyə uyğun düzgün hazırlıq edib yola çıxmışam. Təhlükəli və ya təhlükəsiz marşrut seçərkən, məsuliyyətli olmuşam. Amma təhlükəli anları lentə almaq üçün kameram daim hazırdı. Bir gün bəbir, ya da ayı ilə üz-üzə gələcəyimə əminəm.


İnsan təbiətdə tək qalanda daha çox ətrafa diqqət edir. Təsəvvür edin, meşənin dərinliklərində tək-tənhasız, köməyinizə gələcək heç kim yoxdur. Bildiklərim, öyrəndiklərim məndə özgüvən yaratdığı üçün qorxulu və təhlükəli anlar olanda vəziyyətdən çıxmağı bacarıram.



- Səyahət etdiyiniz meşələrə baxanda bəzən Amazon cəngəllikləri xatırlanır. Hansının qanunları daha ədalətlidir? Bizim sivilizasiyanın, yoxsa cəngəlliyin?


- Harda qanunlar düzgün icra edilir, orda ədalət var. Məncə cəngəlliyin qanunlari ədalətlidir, çünki orda hər bir canlı öz "tapşırığını" yerinə yetirir. Sakit zamanlarda təbiətdə olan nizamı müşahidə edərkən bu qənaətə gəlmişəm.


- Astarada hamının gedə bilmədiyi, əlçatan olmayan, yaxid çox az adamın getdiyi hansı yerləri kəşf etmisiz?


- Elə yerlər çoxdur. Bu işlərə başlayanda çox yerin videogörüntüləri yox idi. Məsələn, möhtəşəm Şi (Şiçr) şəlaləsi. Astaranın ən böyük şəlaləsidir. Hündürlüyü 61 metr olsa da, heç kimin ondan xəbəri yox idi. Ora bir neçə yerdən yol tapdım, çətin də olsa, ilk heyəti özüm apardım və hələ də gediş-gəliş üçün bəs qədər təcrübəli bələdçi yoxdur. Əsl cəngəllik və vəhşi təbiət kimi bax oranı göstərmək olar. Hətta o, yolu gedərkən, heç kimin bilmədiyi əlavə 2 şəlaləni də görmək olar.


- Bu yəqin ki, səyahətsevərlər üçün də maraqlıdır, dağ, meşə səyahəti üçün hansı ləvazimatları götürmək vacibdir?


- Hər şey ayaqdan başlayır, ayaqqabı və çanta möhkəm, sukeçirməz olsa, o, halda daha çox yerləri gəzəcəklər. Məncə, bu iki ləvazimatin ən yaxşısını alsınlar. Qalanı istəyə və imkana görədir.



- "Forest School" vasitəsilə məktəbliləri təbiət və onun sirləri ilə tanış edirsiz. Narkomaniyanın gənclər arasında yayıldığı bir dövrdə sizin bu addım hər kəsə nümunədir. Bəs "Forest School" bu gün necə fəaliyyət göstərir?


- Hazırda “Forest School” Azərbaycan komandası ilə əməkdaşlıq edirəm.“Forest School Azərbaycan"ı gənc və istedadlı dostumuz Fəqan Hüseynov yaradıb. Mütəmadi olaraq ay ərzində bir neçə dəfə Azərbaycanın müxtəlif bölgələrində düşərgələrimiz olur, orda onlara təbiətdə sağ qalmaq və bunun kimi mövzular haqqında təlimlər keçirik. Bu təlimlərdən zövq alır, möhtəşəm komandamızla daha böyük işlər görməyə çalışırıq.




- “Forest School” vasitəsilə gənclərə nələri çatdırırsız?


- Bura bir çox işlər daxildir. Məsələn, ekstremal vəziyyətdə sağ qalmağı, təbiətdə vaxt keçirməyi, heyvanları, bitkiləri, orda olan bütün canlıların bizim dünyamız üçün vacib olduğunu öyrədirik. Bunları bilən insan təbiətə zərər vermədən ondan faydalana bilər.

- Gələcək arzu və planlarınız haqqında nələr deyə bilərsiz?


- Planlarımız çox, hədəflərimiz böyükdür. Dünyanın ən vəhşi cəngəlliklərində özümüzü sınamaq, insan ayağı dəyməyən yerləri gəzmək, vəhşi heyvanları müşahidə etmək, onların nadir görüntülərini əldə etmək üçün günlərnən pusquda qalmaq və bu yolda öyrəndiklərimizi sevə-sevə izləyicilərimizlə paylaşmaqdır. İnşallah, nəsib olar. Azərbaycanda sağ qalmaq oyunları keçirmək və insanları əyləndirərək maarifləndirmək hədəflərimdəndir. Azərbaycanda təkcə Yutub üzərində deyil, eyni zamanda nə vaxtsa açılacq “Bəlgəsəl” kanalından zəngin təbiətimizlə bağlı proqramları izləyəcəyimizə, sağ qalmaq yarışlarını canlı olaraq ordan seyr edəcəyimizə ümid edirəm.


- Sağ qalmaqnan bağlı maarifləndirici videolar hazırlayırsız. Heç dərslərinizdən faydalanan olub?


- Bəli, dəfələrlə olub. Hətta Vətən Müharibəsində bir hərbçi qardaşımız Cəbrayıl istiqamətində müasirədə olduğu zaman mənim hazırladığım videodakı qaydadan istifadə edib. Həmin videoda ekstremal şəraitdə suyun əldə olunma qaydasından bəhs olunur. Həmin hərbçi mənim çəkdiyim videonu izlədiyi üçün əlaltı vasitələrdən istifadə edərək su tapıb. Döyüş bitdikdən sonra paylaşdığım videoya rəy yazanda çox sevinmişdim. Hazırda çox videolarım məhz ekstremal şəraitlə, insan olmayan yerlərdə, eyni zamanda meşələrdə təhlükə ilə qarşılaşan zaman görüləcək tədbirlərlə bağlıdır. Əksər dağ səyahətçiləri və adi insanların bundan faydalandığını görürəm. Bu barədə insanlar sosial medianın rəy bölümündə öz fikirlərini bildirirlər.


- İzləyicilərimizə tövsiyəniz...


- Təbiətə şəkil çəkdirmək, yeyib-içmək üçün getməyin. Təbiətə səyahət edərkən, oranı öyrənməyə çalışın. Əmin olun ki, səyahətdən zövq alacaqsınız. İnanıram ki, gələcəkdə səyahətseverlərin sayı daha çox olacaq və səyahətin əsl mahiyyətini dərk edib, təbiətə zərər vermədən çox yaxşı zaman keçirməyin möhtəşəm olduğunu anlayacaqlar.





Ayan
Fərid
Baku Post

Şərhlər
  • Mehemmedaga Axundzade

    Uğurlar sənə mənim əziz qardaşım sağ qalmaq üzrə təlimlərin və video roliklər vasitəsi ilə insanlara bizlərə izləyicilərinə ötürdüyün dəyərli maariflənidirici bilgilər üçün çox təşəkkürlər səndən fərqli yolla öyrənmək xoşdur Azərbaycanın əsasda Astaranın bir çox bölgələrini işıqlandırıbsan səyahətlərinlə kəşfə davam uğur səninlə olsun SALEH BAKSHIEV ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər