Ru
15:30 / 10 Fevral 2023

Dəhşətli işgəncələr görmüş türkman siyasətçi ilə müsahibə: "Füzulinin azad edildiyini eşidəndə ağladım"

33335
Əli Zeynal Kərkükdə doğulub. 23 yaşında - 1993-cü ildə Səddam Hüseyn rejimi tərəfindən Turançılıq ideyasının yaydığı üçün həbsə atılıb, İraq xüsusi xidmətinin təcridxanasında saxlanılıb. Dəhşətli işgəncələrə məruz qalıb, dırnaqları çıxarılıb, dəfələrlə elektroşoka verilib, təhqiramiz hərəkətlərə məruz qalıb. Türkiyənin casusu olmaqda və xəyanətdə günahlandırılan Əli Zeynal 1995-ci ildə BMT-nin Səddam Hüseyn rejimi ilə razılığı əsasında, əfvə düşüb və azadlığa çıxıb. 1996-cı ildə Şimali İraqa gələrək “Türkman Eli” Partiyasına qoşulub, Səddam Hüseyn rejiminə qarşı mübarizəni davam etdirib.



Türkman millətçisi, İraq Nazirlər Komitəsinin Kərkük bölgəsi üzrə siyasi həbslər bürosunun hüquqşünası Əli Zeynalın mübarizə yolu və üzləşdiyi çətinkliklərlə bağlı daha ətraflı Bakupost.az -a müsahibəsində oxuya bilərsiz:


- Adım Əli Zeynaldır. Atamın adı Hüseyn idi. Kərkükdə, Bəylər məhəlləsində doğulmuşam. Atam da, rəhmətlik babam da orada doğulublar. Babam1892-ci ildə anadan olub. Bir vaxtlar Osmanlı ordusu sıralarında Ərzurumda döyüşlərdə iştirak edib. Babamınəmisi oğlu isə Çanaqqala döyüşündə həlak olub. Bundan əlavə, Türkiyənin Antantaya qarşı qurtuluş savaşında xalqımın böyük rol oynadığını bilirəm.

Evdə həmişə türkməncə danışırdıq. Daha artığını deyim, bizim dil öz ləhcəsi ilə Azərbaycan dilinə ən yaxındır. İraqda Kərkükdən başqa Mosul və Ərbil də türkmən şəhərləridir. Ümumilikdə üç milyona yaxın insanıq. Amma türkmənlərin çoxu Kərkükdə yaşadığı üçün bizə türkmən deyil, Kərkük xalqı deyirlər.

Biz türkük və bildiyimə görə hələ də Omanda, Suriyada, Yəməndə, Liviyada türklər yaşayır. Uşaq vaxtı babamdan soruşurdum ki, biz hardan gəlmişik, axı ərəb deyilik, niyə burada yaşayırıq? Babam deyirdi ki, türklər yer üzündə dünyanın hər yerinə səpələnmiş çoxsaylı xalqlardan biridir. “Narahat olmayın, bir gün biz də türk qoşunlarının köməyi ilə zülmdən azad olacağıq” - tez-tez bunu da deyirdi. Bunu ona görə deyirdi ki, o vaxt bizim xalq çox sıxışdırılırdı. 1917-ci ildə Osmanlı dövləti İraqdan çəkildikdən sonra ingilislər bizi osmanlıların varisi kimi görərək, türk elektoratına qarşı məqsədyönlü siyasət yürüdüb. Bu gün türk qardaşlarımızın, onların dövlətlərinin get-gedə qüdrətlənməsinə sevinməyə bilmərik. Türkiyədən başqa, bunlar Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstandır. Sovet İttifaqı dağılandan sonra bütün bu qardaşlarımız müstəqil dövlətlər qurdular və öz müstəqilliklərini möhkəmləndirməyə doğru irəliləyirlər.

Biz bu qədər zülmə rəğmən ərəb və kürdlərlə assimilyasiya olmamışıq. Kim olduğumuzu həmişə xatırlamışıq. Övladlarımız öz doğma türk dilimzdə danışırlar. Xalqımız öz milli kimliyi uğrunda çətin mübarizədə böyük fədakarlıqlar göstərib:

1. 1924-cü ildə ingilislər Kərkük türklərinə qarşı soyqırımı etdilər.
2. 1946-cı ildə Qayur bağı deyilən yerin yaxınlığında bu dəhşət təkrarlandı.
3. 1959-cu ildə türkmənlərə qarşı kürd kommunistləri tərəfindən qırğın törədildi.
4. 1980-ci ildə Səddam Hüseyn rejimi türkmən millətçilərinin liderlərini edam etdi.
5. 1991-ci il martın 28-də Altın Körpü adlanan yerdə kərküklər yenidən soyqırımına məruz qaldı.
6.1996-cı il avqustun 31-də Ərbildə Səddam Hüseynin təhlükəsizlik xidməti millətimizin 40 fəalını edam etdi.

2014-cü il də çəkilən bu fotoda dostum, böyük qardaşım Nihat Akkoyunlu (sağda birinci) da var. O, 1980-ci ildə həbs olunub, 2000-ci ildə azadlığa çıxıb. Nihat Turanı təbliğ etməkdə və Türkiyə xeyrinə casusluqda ittiham olunurdu. O, 2015-ci ildə 83 yaşında vəfat etdi.



- Siz də eyni ittihamlarla İraq zindanlarından keçmisiz. Bu barədə nə deyə bilərsiniz?

- Coğrafiya fakültəsində təhsil aldığım universiteti bitirdikdən sonra ölkənin bütün gəncləri kimi hərbi xidmətə getdim. Hərbi xidməti başa vurduqdan 7 ay sonra İraqın təhlükəsizlik xidməti tərəfindən saxlanıldım. Buna səbəb mənim Turanla bağlı fikirləri yaymağım idi. Səddam Hüseyn ölkənin milli ideyasını bəyan edərək bildirmişdi ki, İraqda cəmi iki böyük xalq var - ərəblər və kürdlər. Bizim haqqımızda isə söhbət belə getmirdi. Bizə dedilər ki, ya ərəblərə, ya da kürdlərə boyun əyməlisiz. Biz belə düşünmürdük. Kərkükdə demək olar ki, bütün şəhər toponimləri türk dilindədir. Səddam tədricən bu adları ərəbcəyə çevirməyə başladı. O bizim tarixi torpağımız olan Bəylər məhəlləsinin adını dəyişib Meysenun etmək istədi. Biz bundan çox narazı qaldıq, etiraz etdik. Ona görə də təqib və təzyiqlərə məruz qaldıq.

Başqa misallar da var: 1991-ci ildə Şimali İraqda - Ərbil, Süleymaniyyə və Dok şəhərində BMT-nin təhlükəsizlik zəmanəti ilə Səddam Hüseynin rəhbəri olduğu hakim Bəəs Partiyasına qarşı müxalifət partiyaları yaradıldı. Mən də ora tez-tez gedir, partiya üzvləri ilə görüşür, bir çox məsələləri müzakirə edirdik, mübahisələrimiz olurdu. Bundan sonra bir gecə evimi mühasirəyə aldılar və mən milli təhlükəsizlik orqanları tərəfindən həbs olundum. Səhər məni Kərkükdən Bağdad həbsxanasına apardılar və orada "Qırmızı otaq" deyilən yerə yerləşdirdilər.

Bu, ölüm kamerası idi. Eni-uzunu 2 və 2,50 metr olan bir otaqda 7 nəfər idik. Orada təkcə türklər deyil, Səddam rejiminə nifrət edən ərəblər və kürdlər də vardı. 8 ay həmin “Qırmızı otaq”da qaldım. Onu edam otağı da adlandırırdılar. Bu, həyatla bir araya sığmayan mürəkkəb işgəncələr və təhqirlərlə dolu, sonu olmayan dəhşət idi. Çoxları işgəncələrə dözə bilməyib öldülər.

Səkkiz aylıq cəhənnəmdən sonra mühakimə olundum, amma heç nə etiraf etmədim. Məni İraqın şimalında müxalifət partiyaları ilə görüşlərdə, onlara məlumat ötürməkdə, gənclər arasında təbliğat işləri aparmaqda günahlandırırdılar. Amma xəyanət etmədim, heç nəyi boynuma almadım. Allaha şükür ki, söhbət etdiyimiz hər kəs sağ qaldı, bəziləri Türkiyəyə qaçdı. Görünür, bu əzabları yaşamaq qismət idi. Əbu Qüreyb həbsxanasının siyasi məhbuslar şöbəsində 5 il ağır məhbusluq həyatım oldu. Bu həbsxanadakı işgəncələrə dözə bilməyən xeyli insanımız dünyasını dəyişdi. Yaxınları hələ də onların harada dəfn olunduqlarını bilmirlər. Orada casusluqda günahlandırılan və 1979-cu ildən həbsdə olan, 20 ilə yaxın cəza alan insanları gördüm. Söhbət 93-94-cü illərdən gedir.

Yaxınlarım görüşə gələndə məni tanımırdılar. İşgəncələrdən sonra mənim çəkim cəmi 55 kilo idi. Həbs olunanda isə 75 kilo idim. 1995-ci ildə BMT Səddam Hüseynlə insan hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağladı və həbsxanalarda bəzi güzəştlər başladı. 1995-ci il avqustun 14-də azadlığa çıxdım. Bir müddət Kərkükdə qaldım. Amma yenə də daim məni izlədilər. Ona görə də Şimali İraqa qaçdım və 4 ay orada qaldım. O vaxt orada hər şeyə bizim siyasi partiyalarımız nəzarət edirdi. Sonradan Türkiyəyə qaçmaq qərarına gəldim. Sərhədi keçəndə heç bir sənədim yox idi, yalnız İraqın daxili pasportu var idi. Amma türkmən kimi məni ölkəyə buraxdılar. Beləliklə, Ankaraya getdim. Artıq 1998-ci il idi. Ankara mənim üçün tamamilə yeni bir dünya, yeni bir həyat oldu! Türkiyə mənə qollarını açdı. Doğma türk evim məni sağaltdı. Mənə təqaüd verdilər, Qazi Universitetində yataqxana təşkil etdilər. Orada universitetdə dil kursları keçdim, sonra Ankara Universitetinin İslam tarixi fakültəsini bitirdim. Ankarada yeni insanlarla tanış oldum, xüsusən də çoxlu azərbaycanlı dostlar qazandım. Mən orada Azərbaycan mədəniyyət mərkəzlərində oldum, eləcə də qırğızlarla, bulqar, Kosovo türkləri ilə ünsiyyətdə oldum. Onların mədəniyyəti, həyat tərzi ilə maraqlanırdım. Bu barədə onları həvəslə dinlədim, eyni zamanda öz mədəniyyətimizdən danışdım. Onlar da bizim həyat tərzimizlə, adət-ənənlərimizlə maraqlandılar, mən danışdıqca təəccübləndilər. Məhz o zaman anladım ki, milli mübarizə çox mürəkkəb bir məsələdir. Burada əsas ruh, gücdür. Xalqın üçün çox şey etməlisən. Köklü dəyişiklikləri isə ancaq TƏHSİL, MAARIFLƏNDİRMƏ ilə etmək olar!

Zaman-zaman vətənimə, Şimali İraqa gedirdim. Bura Səddamın təsirindən kənar bir zona idi. Orada müxalif Kərkük qüvvələri fəaliyyət göstərirdi. Mən yığıncaqlara qatılır, kərküklüləri ayıq-sayıq olmaq barədə xəbərdar edirdim. 2003-cü il aprelin 9-da süqut edənə qədər bu dəhşətli rejimə qarşı hər cür mübarizə apardım.

Səddam bizi assimilyasiya etmək üçün çox şey etdi, amma bacarmadı. Birləşmiş Millətlər Təşkilatının köməyi ilə Ərbil qalası muzeyə çevrildi. YUNESKO-nun pulu ilə insanlar öz evlərindən köçürüldü, köhnə evlər, hamamlar bərpa edildi. Və gözəl günlərin birində bu evlərdən birinin üzərindən belə bir lövhə asıldığının şahidi olduq: Erməni Mədəniyyət Mərkəzi. YUNESKO insanların beyninə burada ermənilərin yaşadığı fikrini yeritmək istəyirdi. Bu qala həmişə türklərin olub. Hətta bizdə belə bir deyim var - türk olan hər yerdə qala var. Çünki babalarımız hardasa məskunlaşmamışdan əvvəl orada qala tikiblər. Ərbildə ermənilər 1915-ci ildən sonra Türkiyədən köçürülərək yerləşdiriliblər, qismən İraqda, qismən də Suriyada. Bu torpaqlar onların torpaqları deyil.1917-ci ildə ingilislər onlara hər cür dəstək verərək İraqa yerləşdirməyə başladılar.

Yadımdadır, bir dəfə uşaq vaxtı atamdan soruşdum ki, necə olur, bizim qonşularımız olan ermənilər türkcə bu qədər gözəl danışırlar? Bizim dilimiz Azərbaycan dili kimidir, amma onlar osmanlı ləhcəsində danışırlar. Atam dedi ki, “oğlum, onlar Atatürkün vaxtında bura qaçıblar, türkcə danışsalar da, bizim dostumuz deyillər. Ermənilər bizim dilimizi öyrənirlər, çünki bütün türkləri özlərinə düşmən sayırlar, onlarla daima ehtiyatda olun. Onlar heç vaxt sizin dostunuz olmayacaq”.

Qarabağa gəlincə, bu, şəxsən bizim üçün şərəf məsələsi idi. Orada baş verənlərdən hamımız xəbərdar idik. Qarabağda azərbaycanlılara qarşı olan bütün qəddarlıqları anlayırdıq. Çünki biz öz torpaqlarımızda həm ingilislərin, həm kralın, həm də Səddamın zamanında dəfələrlə oxşar faciələri yaşamışıq.

...2020-ci ildə Bağdaddan Ərbilə qayıdardım, maşında radionu yandırdım və birdən eşitdim ki, Azərbaycan ordusu Füzuli şəhərinə daxil olub! Maşını saxlayıb ağladım! Kərkükə girəndən sonra maşından düşüb insanlara “Qarabağ alındı, Azərbaycan qoşunları Füzuliyə girdi!” dedim. Amma Kərkükdə hələ heç kim heç nə bilmirdi. İnanmadılar, dedim, televizoru açın, bu barədə danışırlar! Biz sizlər üçün çox sevindik və fəxr etdik!

- Amerikanın İraqa hücumu haqqında nə deyə bilərsiniz? Bu barədə nələri xatırlayırsız?


- Amerika 1950-60-cı illərdən bəri İraqı ələ keçirmək planları qururdu. Lakin bir müddət sonra bunu reallaşdıra bildi. Əvvəldən hər şey onların planı üzrə getdi. İran-İraq müharibəsi amerikalıların işi idi, sonra Küveytlə müharibə, daha sonra Şimali İraq parçalandı, cənubda isə İraqın hərbi uçuşları tamamilə qadağan edildi. Bir sözlə, amerikalılar öz strateji planları sayəsində bu bölgədə, bütövlükdə ölkəmizdə tam hökmranlıq etdilər. Fars körfəzində möhkəmlənərək, bu neftli bölgənin tamhüquqlu nəzarətçiləri oldular. Bütün İraq nefti, bütün əldə edilən mənfəətlər onların nəzarətindədir. Amerika qoşunlarının İraqdan çıxarılmasına baxmayaraq, bütün Fars körfəzi regionu onların əlindədir.

- Sizin ən böyük arzunuz?

- Bəli, mənim arzularım var. Mən türk dünyasını bir bayraq, Turan bayrağı altında görməyi arzulayıram. Mən çox istəyirəm ki, bu gün başqa xalqların boyunduruğu altında Çində, Kosovoda, İraqda, Suriyada, Təbrizdə, Ərdəbildə yaşayan türklər bir araya gəlsinlər və necə bir güc olduqlarını dərk etsinlər.
Arzu edirəm ki, elə bir vaxt gəlsin, xalqlarımız maarifdən, təhsildən ən yaxşılarını götürərək yeni, müasir dünya qursun, başqa xalqlar üçün gözəl nümunə olsun.

Allah qoysa, nəhayət, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi tikiləcək, sonra məşhur İpək Yolu fəaliyyətə başlayacaq. Heç kimə sirr deyil ki, Çindən Özbəkistana keçən, oradan Xəzər dənizi ilə regionumuza uzanan yol İranda İpək Yolu deyil, həmişə türklərin yolu, Turan yolu adlandırılıb! Təbii ki, bu gün Qərbi Şərqlə birləşdirmək üçün hardan yola çıxsanız, o yol mütləq Anadoludan keçəcək. İpək Yolu türk torpaqlarından keçir. Bütün türk dünyasının birləşməsi mənim həm arzum, həm də həyatımın amalıdır. İstəyirəm ki, vahid ordumuz, vahid ticarət məkanımız olsun. Bu gün Avropanın vahid ticarət məkanı var, biz niyə onların təcrübəsini təkrarlamayaq?



- Azərbaycanda olmusuz?

- 1997-ci ildə azərbaycanlılarla ilk dəfə Ankarada tanış olanda ölkəniz haqqında çox eşitdim. Azərbaycana səfər etmək istədim, amma pasportum yox idi. Onu əldə etmək üçün imkan da yox idi. Yalnız 2017-ci ilin fevralında Azərbaycana gələ bildim. Bir qrup insanla gəlmişdik. Heydər Əliyev adına hava limanında enən kimi gördüyüm ilk iş ayaq basdığım torpağı öpmək oldu! Allaha şükür etdim ki, arzum gerçəkləşdi. Dəniz kənarında dalğalanan misilsiz, nəhəng bayrağınızı görəndə sevindim, ürəyim şad oldu!

İkinci dəfə isə tək gəldim. Onda vizanı birbaşa Azərbaycanın hava limanında aldıq. Bir çox insanla tanış oldum. 2018-ci ildə millət vəkiliniz Fazil Mustafa ilə görüşdüm. O, jurnalistləri dəvət etdi. Sonra Oktay Qasımov, Anar Əsədli, Aqil Əsgər, Araz Aslanlı, Mahir Qəribovla görüşdüm. Onlara dedim ki, mən İraq türkləri adından gəlmişəm, necə etmək olar ki, xalqımızın nümayəndələri Azərbaycan universitetlərində mühəndis, jurnalist, beynəlxalq səviyyəli siyasətçi kimi təhsil alsınlar, bu məsələni necə qaldıraq? Fazil Mustafa bütün təkliflərimi yazdı və bütün bu məsələləri qaldırmağa çalışacağını bildirdi. Mən həmçinin Kərkükdə Azərbaycan Mədəniyyət Evinin yaradılmasını təklif etdim. Onun vasitəsilə biz həm Kərkük, həm də Bakıda bir çox mədəni və siyasi aspektləri əlaqələndirə bilərik.

Azərbaycana sonuncu dəfə 2020-ci il fevralın 20-də gəlmişdim, fevralın 29-da qayıtdım. Sonra koronovirus başladı. Qalsaydım, daha yaxşı olardı, o zaman Qarabağ müharibəsində iştirak edə bilərdim!

İndi koronovirusdan sonra sərhədlər açılsa və çox arzulasam da, Bakıya gələ bilmirəm. Azərbaycan İraq vətəndaşı olaraq bizə viza vermir. Düzdür, mən İraq vətəndaşıyam, amma mən türkəm və həqiqətən də öz evim hesab etdiyim Azərbaycana yenidən qayıtmaq istəyirəm.

Yeri gəlmişkən, 2022-ci ilin sentyabrında “Turanın qapılarını açırıq” konfransına dəvət aldım. Ankaradan viza ala bilərdim, amma elə oldu ki, şərait buna mane oldu.

Bu müsahibə vasitəsilə mən Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm - bir çox türkmənlər bura gəlmək istəyir. Azərbaycan bizim üçün öz dünyamızın, özümüzün bir parçasıdır. Amma təəssüf ki, viza almağın mümkünsüzlüyü bizi çox kədərləndirir. Nə olursa-olsun, bilin ki, İraqda azərbaycanlılarla eyni olan bir xalq var. Dilimiz, adətimiz, mentalitetimiz, mədəniyyətimiz birdir. Sadəcə, tale bizi ayırıb. Amma elə vaxtlar olub ki, biz bir etno-mədəni məkan olmuşuq. İndi tarixin diktəsi ilə coğrafi xəritənin müxtəlif tərəflərinə səpələnmişik. Buna rəğmən, qəlbimiz birdir, əməlimizlə, addımlarımızla sübut etdik ki, kərküklülər heç zaman təslim olmayan qürurlu bir xalq, türkmən türkləri, sizin qardaşlarınızıq.

Mələk Vəlizadə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər