Ru
20:00 / 11 May 2022

Kurikulum ləğv edilsin, edilməsin? - Tələskənliyə yol verilib

2070
“Bu gün kurikulumun ləğvindən danışmaq obyektiv mövqe hesab oluna bilməz, baxmayaraq ki, onun tətbiqi cəmiyyət üzvləri tərəfindən heç də birmənalı qarşılanmayıb, müxtəlif mübahisələrə, narazılıqlara, polemikalara, fikir ayrılıqlarına səbəb olub”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.


Ekspert bildirib ki, kurikulum sisteminə keçiddə tələskənliyə yol verilib:

“Narazılıqlara qaldıqda isə, bunu danmaq ədalətsizlik olardı. Yəni, kurikulumun mahiyyəti, onu zəruri edən tələblər, ənənəvi təhsil proqramlarından fərqi, bir çoxlarımız tərəfindən lazımi səviyyədə anlaşılmayıb, kurikulum meydana gələndən onunla bağlı narazılıqlar istər müəllimlər, istər valideynlər tərəfindən açıq və ya gizli formada özünü büruzə verib. Çünki biz bu kurikulumlara keçəndə, əslində, tələskənliyə yol verdik. Bununla bağlı lazımi izahat işləri aparılmadı və bu səbəbdən də məsələnin mahiyyəti bir çoxları tərəfindən elə bu günün özündə də başa düşülməz olaraq qalır, valideynlərin böyük əksəriyyəti bu sistemdən narazılıq edir, onun heç bir işə yaramadığını qeyd edirlər.

Kiçik bir xatırlatma da yerinə düşər ki, kurikuluma keçiddə tələskənliyə yol verməyimizi Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri də zaman-zaman etiraf ediblər”.




Ekspert əlavə edib ki, vəziyyətin normal hala gətirilməsi üçün istər Təhsil Nazirliyi, istərsə də DİM tərəfindən müvafiq və davamlı işlər görülür:


“Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarda, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsində edilən mütəmadi dəyişikliklərin, buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə keçidin şahidi oluruq. Bu müddət ərzində kurikulumlarla bağlı yeni nəsil dərsliklər hazırlanıb, müəllimlər üçün müxtəlifistiqamətli əlavə metodiki vəsaitlər nəşr olunub, məktəbəqədər təhsil proqramı (kurikulum, 3-6 yaş) yenilənib, tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiq edilib. Məqsəd tam orta təhsil səviyyəsinin təmayül siniflərində tədris prosesinin səmərəli təşkilini təmin etməkdir. Başqa sözlə, kurikulum təkmilləşir, yenilənir və bu davam edəcək.


N. İsrafilov hazırda təhsil sahəsində islahatların həyata keçirildiyini vurğulayıb:

“Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranıb və bundan sonra da yaranacaq. Bu baxımdan geniş ictimaiyyəti maraqlandıran və narahat edən istənilən məsələnin gündəmə gətirilməsi, ümumi ictimai rəyin öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanıb, əlaqədar qurumlara təqdim edilməsi heç vaxt gec deyil”.


Millət vəkili Ceyhun Məmmədov isə düşünür ki, hazırkı dövrdə “kurikulum sistemi tamamilə effektiv deyil” söyləmək düzgün deyil:




“Müxtəlif narahatlıqlar var. Amma hesab edirəm ki, hansısa bir sistem fikirləşməmişdən əvvəl belə qərar vermək olmaz. Azərbaycanda kurikulum sisteminin ləğvi ilə bağlı məsələyə müxtəlif yanaşmalar var. Əgər kurikulum sistemi ləğv olunacaqsa, yerinə hansı sistem gələcək? Ona görə də hesab edirəm ki, ekspertlərin iştirakı ilə bu məsələnin təhlili həyata keçirilməlidir. Bu, çox önəmli və vacib məsələdir. Narazılıqlara gəldikdə isə elə bir sistem yoxdur ki, ondan hamı razı olsun. İstər indiki kurikulum sistemi, istərsə də digər sistemlərlə bağlı narahatlıqlar olacaq. Yeni hansısa daha effektiv bir sistem olmalıdır ki, daha sonra hansısa addımı ataq”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər