“Mərhum qələm dostum Sirus Təbrizli haqqında yazdığım kitab yarımçıq qalıb. Tez-tez görüşər və geniş söhbət edərdik - dediklərini lentə alır, bədii cümlələrə çevirərdim. Məndən sirr saxlamırdı”.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bunu yazıçı-jurnalist Ərşad Əzimzadə vaxtilə sabiq deputat Sirus Təbrizli ilə akademik Ramiz Mehdiyev arasında olmuş ixtilafdan danışarkən bildirib.
Onun sözlərinə görə, Sirus Təbrizli bir dəfə ona Ramiz Mehdiyevi Heydər Əliyevə şikayət etdiyini də danışıb:
“Bir dəfə bunları dedi: “Ulu öndər YAP fəallarını vaxtaşırı Prezident Aparatına yığıb fikirimizi öyrənirdi. Bir dəfə dedim: “Heydər bəy, bilirsinizmi burda oturanlarıdan biri gecə-gündüz ayağınızın altını qazır?”. Maraqlandı: “Kimdi o, Sirus?” Səsini içinə çəkərək quzu kimi oturan Ramiz Mehdiyevi göstərib dedim: “Sizin zibilxanadan alıb ölkənin ikinci şəxsinə çevirdiyiniz bu Aparat rəhbəri”. Heydər bəyin cavabı məni çox təəccübləndirdi: “Bilirəm, Sirus. Xəbərim var”. Məəttəl qaldım: “Bilirsə, bəs nə üçün qovmur onu?” Sonralar öyrəndim ki, Ənvəroviçin arxasında Kreml durub. Burdakı Rusiyapərəst qüvvələrin şefi odur”.
Ə.Əzimzadənin sözlərinə görə, Sirus Təbrizlinin dərin nifrət bəslədiyi iki YAP-çıdan biri, daha doğrusu, birincisi Ramiz Mehdiyev idi.
“Deyirdi ki, bunların ucubatından YAP-ı tərk etdim”...
Hər gün, qışın şaxtasında, dənizdə bir dəfəyə 2 saat üzən, sağlam vicudlu Sirus Təbrizli öz bağ evində, müəmmalı şəkildə, “ürək qüsurundan” dünyasını dəyişdi və çoxlu suallar doğurdu”.