Ru
11:40 / 09 İyun 2022

Mirşahinin məndəki rəsmi və ya köhnə dostluğun... şarjı

10658



















Bahəddin Həzi


Başını divara vuracaqsansa, bir gerçəyi əvvəlcədən mütləq qəbul edəcəksən (ən azı bilməlisən): başın dağılmaq ehtimalı divarın dağılmaq ehtimalından çoxdur. Məmləkətdə hərənin qarşısına bir divar illah ki, çıxdı-çıxacaq. Hər kəs öz divarının bu üzündə yaşayır.


...Bu keçdiyimiz həftəsonu kitab yarmarkasına gedəndə o mənzərəni yenə gördüm: gənc yazıçılar öz “divar”larının o üzündən kəllə atırlar. Milyonlarla oxucu kütləsi isə divarın bu üzündə! Cəmiyyətinin kitabdan qorxması yazıçının qarşısındakı ən hündür və zəhmli divardır. Kəllə atanlar da var, Ziqmund Freydin məşhur psixoloji təmrinindəki o doğru cavabı tapanlar da (yəni kərpic-kərpic sökənlər də). Hərçənd bizim içimizdəki bibliofobiya divarını söküb bitirənə qədər (ki, indilik “Sizif cəhdi” kimi görünür) ömürlər bitər.

O həftəsonundakı kitab yarmarkasında öz kitablarını satan gənc yazıçılar modern Məhəmməd Hadi taleyini yaşayırlar. Məharətlə cəsarəti, cəsarətlə də səfaləti... ayıraraq “birləşdirən” o möhtəşəm sərhəd dirəklərindən asılı vəziyyərtdə! Sözün həm birbaşa, həm məcazi mənasında.

Və...

Tanıtıma ehtiyacı olmayacaq qədər məşhur tele-jurnalist (əslində talecə jurnalist) Mirşahinin yazıçılara müraciətini və öz qızmaqaramı o gün bir daha xatırladım. Düşünürsən: öz üsyankar istedadının meyxoş meyvələrini yarmarka piştaxtasına çıxarmış, Lev Tolstoyun təbirincə desək, taleyin məğlub elədiyi bu mikroMəhəmməd Hadilərdənmi qələbə vəsfi istəmişdi Mirşahin?!

Siz də xatırladınız: bir müddət bundan qabaq Mirşahin yazıçıları qələbədən əsər yazmağa çağırdı. Yazıçılar da bu çağrışa hay verdilər; bir az da hay-küy janrında.

Yox, Uilyam Folknerin “Hay-küy və qəzəb” romanı səviyyəsində bir şedevr deyildi bu. Ancaq gerçəkdən də hay-küy və qəzəb vardı.

Yazıçılar Mirşahinin gözlədiyi əsəri yazmadılar. Ancaq Mirşahinə cavab yazdılar.

Dediyim kimi, o zaman mən bu haqda bir cızmaqara elədim. Ancaq axıra çatdırıb dərc edə bilmədim. Başqa mühüm olaylar oldu, bu yazı yarımçıq qalmışdı hələ...

İlk cümləsi beləydi: "Yazıçımız Şuşadan Xankəndinə boylana bilir. Bəs Xankəndindən Şuşaya baxmaq... necə hissdir?! Onu bilmir hələ".

Bəri başdan deyim: yuxarıda yazdığımdan da göründüyü kimi, yazıçıları başa düşürəm. Ən azı anlamağa çalışıram. Həm də bu, təkcə yazıçıya, şairə aid deyil; elə biz jurnalistlərdə də var. Özümdə onu dəfələrlə yaşamışam, yaşayıram da.

Açığı deyim, elə hadisələr, elə mövzular var ki, istəsəm də dərhal yaza bilmirəm. Ona görə də buna: "Toydan sonra nağara" da deyə bilərsiniz. Daha amansız olsanız: "Daldan atılan daş" deyəcəksiniz. Hər ikisi də hərlənib-fırlanıb mənim, Ədəbiyyatın və Mirşahinin bostanına düşəcək.

Olsun! "Güclü adamlar öz xarakterini ona atılan daşlardan hörür" - kim deyibsə, yerində deyib.

Bir də axı neynəyim?! Şah tənbəliyəm, ya da erkən qocalıqdandı yəqin; bütün olanlara anında reaksiya vermirəm.

Bir yazımda hamımızın bir az balıq olduğumuzu demişdim, ancaq yeri gələndə kirpi kimi yumulmaq da var. Yeri gələndə ox atmaq da...

Kənardan gələn təsir nədənsə məndə müqavimət mexanizmini işə salır. Yazmaq həvəsim olmur. Bir mətləb mənim içimdə "özbaşına", daha doğrusu, "özxoşuna" şəkillənməsə, yaza bilmirəm.

Bəlkə elə bu da ən xas neqativimdir.

Mənim düşüncəmə görə, yaradıcı qanunların zamana görə qüvvəsi yoxdur. Gerçək sənət - zamanla dəyərini itirən deyil, dəyərini artırandısa...

Nə bilim! Düzü, sosial sifariş - sosial da olsa, yenə bir sifarişdir. "Zamanın hökmü", ya dövrün məntiqi diqtəsi deyib keçə də bilərik. Ancaq Zamanın ən ədalətli hakim olduğunu kim dedi?! Zamanın hökmündən narazı qalan o qədər adam var ki! Məntiqin diqtəsinə gəlincə, diqtə - diktat normal ədəbiyyat yaratmağa deyil, olsa-olsa, diktant yazmağa yetər. "Şedevr" sözünü manevr kimi qavrayar. Hər diktatın arxasında sərt, ya da yumşaq - bir zorun iradəsi var. O iradə yiyəsinə "diktator" da deyərik. Bilmirəm, nə qədər uğurlu ifadə oldu. Ancaq... Diktator təkcə siyasi olmur. Mənəvi diktatura da var.

Mirşahin bəlkə bir anlamda haqlıdır. Bir az əvvəl Lev Tolstoydan misal çəkdim. Həmin o Tolstoy hər cür müharibənin əleyhinəydi. Ancaq bu, ona "Hərb və sülh" yazmağa mane olmadı; gənc zabit Rostovun öz "müzəffər ali baş komandanı" Birinci Aleksandra qürurlu heyranlığından iki qalın cildlik bədii xalı toxuyub qraf Tolstoy.

Nəticədə Birinci Aleksandr da müharibə əmri vermişdi, elə deyilmi?! Həm də bu, Birinci Aleksandrın birinci hökmü də deyildi və məğzi Napoleonu Rusiya torpağından qovmaq idisə belə, hər bir halda döyüş əmri idi. Ancaq bu əmrin, yəqin ki, ən böyük “bədii qələbə”si "Hərb və sülh" olmuşdu. Bugün Rusiyada Çar tituluna dartınan neçəncisə Vladimirin hökmdar kumiri Birinci Aleksandr Tolstoya deyil, İmperiyanın ordusuna əmr etmişdi. Ancaq... müharibəni sevməyən, müharibə istəməyən "ədəbi sərkərdə" – Lev Tolstoy o müharibənin mükəmməl rəsmini çəkmişdi. Həm də gənc zabit Rostovun “natura”sından.

Bizim ədəbiyyatın çəkdiyi rəsm varmı?

Bilmirəm. Ancaq bunu ədəbiyyatdan istəyən Mirşahinin özünün rəsmi...

Hə, var!

Onu bəzən efirdən "tanımaqda çətinlik çəksəm də", həyatda çoxdan və bəlkə də çox yaxşı tanıyıram. Ona görə Mirşahinin məndəki rəsmi bəlkə birgə tələbəlik kasıblığından, xoşbəxt arzuların bədbəxt siyasi romantizmində qol-qola sürüklənmiş olmağımızdan, bir az da qələm doğmalığından yoğrulmuş dostluq şarjıdır.

Bildiyiniz Mirşahin jurnalistikada yazdığını yazıb, danışdığını danışıb, çəkdiyini çəkib. Jurnalistika da Mirşahindən çox "çəkib". Bir zaman Mirşahin xalqı çəkib göstərirdi, indi xalq Mirşahini çəkib göstərir. Öz tərəzisində!

Real TV həm də Mirşahini real göstərən, ya da real Mirşahini göstərən tərəzidir. Mirşahin xalq yazıçılarından müharibə romanları istəməzdən çox qabaq, xalq elə Mirşahinin özünü bir ədəbi hadisə, bədii obraz kimi çoxdan yazıb. Yaradıb. Bəzilərinin gözündə o, dünən ANS-in müsbət qəhrəmanı idisə, bu gün Real "mənfi" qəhrəmandır. Ədalətin göz ölçüsünün son "mənfi"sindən baxarsan, elə görünər.

Ancaq mən Mirşahinə baxanda hələ də itirilməmiş Heminquey görürəm. Ernest Heminqueyin çoxlu müharibə romanları var; adam hərbi reportyor idi, sonra içində yaşamış olduğu müharibəni ədəbiyyata gətirdi. Ya da müharibədən özüylə ədəbiyyat gətirdi. Amma o da sonda "Əlvida, silah" dedi.

Heminquey də istəsəydi, İllinoysdakı o xudmani idilliyasında elə bizim Anar kimi intim intriqanın romanını yazar, erkən və asan şöhrətin "altıncı mərtəbəsində" yaşayıb xoşbəxt ölərdi. Ancaq... "ədəbi seçimi" müharibə oldu.

Doğrudur, mən Heminqueyin "Hindu qəsəbəsi"ni bütün müharibə romanlarına dəyişmərəm. Orda da ölüm və qan var. İnsan ağrıları var. Ancaq bunlar ölüm ağrıları deyil, doğum sancılarıdır. Axan qan isə sevginin kimyasıdır....

Kimsə Heminqueyi "Qoca və dəniz"dən tanıyıb. O müharibə ədəbiyyatı dənizindəki qocanı. Ancaq mənim üçün Heminquey "Hindu qəsəbəsi"ndə yaşayan... möhtəşəm bir ölüdür. Markesin hekayəsindəki o "Dünyanın ən gözəl ölüsü"...

...Hindunun qadını dünyaya uşaq gətirir, amma körpə tərs gəldiyinə görə, həkim onu bətndən kəsib götürür. Qadın ağrıdan qışqırır. Hindu komanın bir küncündə başını bürüyüb çarpayıda büzüşmüşdü. Sevdiyinin ağrısını özünün bütün hüceyrələrində hiss edirdi. Və... bir nöqtədə hindu kişi ona oğul hədiyyə etmək üçün bədəninin dəlik-deşik, və kəsik-kəsik edilməsinətab dözə bilməyən qadının ağlasığmaz ağrısına tab gətirmədi və öz xəncəri ilə öz boğazını kəsdi...

Ernest Heminquey o “Hindu qəsəbəsi”ndə ağrıdakı sevginin, sevdidəki ağrının unudulmaz və silinməz rəsmini çəkmişdi. Mənim aləmimdə o hindu müharibədə döyüşüb həlak olan əsgərdən geri qalmayan bir qəhrəmandı. Sevgi şəhidi deyək...

Mirşahindəki Heminqueyə gələcəm az sonra. Ancaq bizim savaşdan şedevr gözləntisinə qayıdıram. Və bu söhbətin dirəndiyi çıxmaza: bəlkə də yazıçı humanizmi müharibə həqiqətinin tragizmi ilə toqquşur. Bəlkəsiz. Yazıçılar bu problemi əsrlərlə öz içində həll edə bilmir. Ya da elə yazıçının içindəki öz cövhəri, mənəvi kvintesensiyası budur bəlkə.

Yazıçı deyiləm hələ, ona görə bilmirəm. Ya da artıq yazıçıyam deyə... bilmirəm.

Bildiyim: qələbələrlə sonlandırdığımız “doğma” müharibənin ədəbiyyatı hələ gəlib çıxmayıb, ancaq ədəbiyyatın müharibəsi çoxdan gedir...

...O yazıçılar Mirşahinə cavab olaraq yazdıqları əsərlərin uzun bir siyahısını ortaya qoydular. Məncə, elə bu siyahı əsərlərin özlərindən daha maraqlı ədəbi materialdır. İki kəlməlik bir roman: Yazıçılar və siyahılar! Başlığı həm də mətnidir...

Bilirsinizmi, yaradıcı adamların çoxu çox siyahılarda “öldü” getdi. İçi elə bizqarışıq.

Ev siyahıları, bağ siyahıları, təltif siyahıları, nəşriyyat siyahıları, səyahət siyahıları, rəyasət siyahıları, təqaüd siyahıları və... “Fəxri Xiyaban” siyahıları.

Hər kəs bir şəkildə bir siyahılara düşməyə çalışdı və çalışır. Çünki... Siyahıya düşmüsənsə, varsan, siyahıdan düşmüsənsə... Düşmüsən. Yoxsan. Ya da yox kimi varsan. Alber Kamyudakı kimi: "Hə ilə yox arasında" kəlləmayallaq getmisən.

Deyəsən biz görmək istədiyimiz, ya da oxumaq istədiyimiz ədəbiyyatı da, lap publisistikanı da o siyahılarda çoxdan və çox dərin dəfn etmişik. Elə isə keçmiş olsun!

Ancaq keçmişdən, həm də çox yaxın keçmişdən bizə boylanan bir gerçək də var: Mirşahin özü bu müharibədən daha maraqlı bədii əsər yazardı. Ya da yazar. Heminquey kimi, İsmayıl Şıxlı kimi müharibəni özü içəridən görüb gəlib axı. Paytaxtın mərkəzindəki "Avrotəmirli" lüks dibçəkdə tumurcuqlamış ürkək “ədəbi generaltetdən” hansı bədii qələbə çələngi gözləyəsən ki?! Bilmirəm.

Bir də yazıçını da qınamayaq: qələbədən yazmaq istəyir, baxır ki, sanki müharibə bitməyib. Sülhdən yazmaq istəyir, hələ sülh yoxdur. Müharibədən yazmaq istəyir, artıq döyüş yoxdur.

Yazıçının öz daxilində də müharibə gedir. Ya da, nə bilim, bəlkə də: "Heç bir humanist hətta öz xalqının qələbəsi ilə bitən müharibəni də vəsf etməz, istəməz" kimi mənəvi arqumentə tutunublar.

Yəqin ki, elədir. Yəqin heç bir humanist istəməz.

İstəməyinə bəlkə istəməz də. Təsvir etmək... Vəsf etmə, təsvir et.

Hə! Bunu da müharibəni içəridən görənlər yazar. Axı indi ədəbiyyat gerçək hekayənin sənətidir; özündən uydurduğun deyil, təxəyyül hadisəsi deyil, Zamanın belindən, tarixin bətnindən gələn “yaşanmışlıq təəssüratıdır”.

Mirşahinlə o nöqtədə razıyam ki, qalib ordudan, lap elə qalib sərkərdədən yazacaqsan. Ədəbiyyata və əbədiyyətə bunu borclusan! Hərçənd qalib olmayana heç "sərkərdə" deməzlər. "Sərkərdə" deyiriksə, qalibdir, demək. Ancaq ordunun sərkərdəsidir, ədəbiyyatın deyil. Ədəbiyyata da zaman tanıyacaqsan; "ədəbi yat!", "ədəbi qalx!" əmrləri verə bilməzsən.

Bu, bir sapa düzülmüş muncuq sırası deyil, əlində təsbeh kimi oynadasan. Ordu başqa. Ordu nizamın sistemidir; əmrə müntəzirdir. Ədəbiyyat isə, əksinə, yaradıcı nizamsızlığın olaydır.

Yadınızdadır, Qədir Rüstəmov hələ Ağdamın Ağdam vaxtında Aqil Abbasdan soruşmuşdu: "Qağa, o necə olur, iki yazıçı bir roman yazır?!"

İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə" romanını nəzərdə tutmuşdu...

Qərəz ki, cəmiyyətin bütün hücrələrini sapa düzə bilməzsən; nizama gələ bilməmək ədəbi varlığın, hər cür yaradıcı xislətin stixiyasıdır.

Mirşahin deyir ki, Şuşa boyda hadisədən yazmaq lazımdı. Doğru deyir. Amma yenə də amma var: üstündən az zaman keçib axı. Bədii təxəyyül bir yana, heç publisistik təfəkkür belə Şuşanın boyunacan böyümədi hələ. Bəlkə ədəbiyyata zaman tanıyaq. Ki, zamanla ədəbiyyatı tanıyaq; nəbzini yoxlayaq, lap elə ayağının, başının ölçüsünü alaq... Ən başlıcası, ürəyinin döyüntüsünü dinşəyək. Ürək yanmasa, gözdən yaş çıxmaz. Bu savaşı bitirməyimizə, bu savaşda çoxlu can itirməyimizə yanmayan bir ürəyin quru cismindən nə umaq?!

Bir də ki...

Sərkərdə - qalib də olsa, hər bir halda tarixi şəxsiyyətdir. Yəni tarixin şəxsiyyətidir. Bu şəxsiyyətin bir az da tarix olmağa ehtiyacı var. Gerçəkdən Tarixinki olmağa ehtiyacı var. Tarixi şəxsiyyətin tarixini yazacaqsansa, şəxsiyyət kimi - doğrusu ilə, yanlışı ilə yazacaqsan. Gerçək obrazını yaradacaqsan. Sən bu şəxsiyyəti Zamandan qıraqda, tarixdən fərqli yazacaqsansa, nə xeyri? Adamı tarixdə yazacaqsan. Tarixi adamın boyuna biçməyə çalışmayacaqsan. Biz bu cür yanlışı çox yaşamışıq; bu "film"lərə çox baxmışıq. Düzü nədirsə, odur. Heç nəyi şişirtmədən, heç nəyi gizlətmədən...

Əvvəl də dediyim kimi: üstünü örtdüyümüz həqiqətlərin sonradan altını çəkirik, elə deyilmi?

Bu arada.

O həqiqətlərdən biri də düşmən əsirliyindən dönmüş Kəlbəcərli keçmiş əsirdir. Mirşahin deyir ki, o, yenə də əsirdir, bu dəfə başqa maraqların. Bilmirəm, bəlkə də əsirlik adamın ruhuna hopub. Ancaq bu əsrdə kim əsir deyil ki?! Hərə bir yaxşının, ya da pisin əsiridir. Əgər "yaxşı nədir, pis nədir?" ritorik dilemmasını içimizdə həll edə bilmişiksə...

Mən o Kəlbəcərli keçmiş əsirə müharibənin qurbanı, ayaqüstə gəzən faciə kimi baxıram. Ancaq onun öz içində hələ davam edən müharibə var və onu cəmiyyətin "süfrəsinə" daşıyır.

Bax, bu Kəlbəcərli əsir də gerçəyin ədəbiyyatıdır. Özündə bütün janrları birləşdirir; dram, faciə, tragikomediya, hətta komediya...

"Komediya" sözündən niyə diksinirsiniz ki?! Heç yas yerində gülməmisiniz?! Elmin dediyinə görə, insanı yasda dəli gülmək ona görə tutur ki, gülüş hormonları kədər "istehsalı"na cavabdeh olan bədən kimyasının qaynaqlarını bloklaya bilsin. Dərddən oynayan görmədinizmi heç?! Bəlkə bu Kəlbəcərli də elə bir dərdin əsiridir ki, oynamağı da ondanmış! Hə, deyirsiniz ki, onu kimsə oynadır...

Bu ayrı bir şey. Dəqiq bilmədiyim şeydən danışmayacam.

Sadəcə, ehtimal edirəm ki, toplumun dərd hormonları "qabaranda" öz orqanuzmindəki “xoşbəxt hüceyrələr” o dərdi bloklayacaq.

Onsuz da tarixin hər dövründə hər ağızdan bir avaz gəlib. Yaxşı gələn avazların hamısı Quran deyildi ki!

Bəlkə adamları susdurmaqdan çox danışdırmaq yaxşıdır. Susqunluq qəzəbin saxlancıdır. Zamanında yazıçı Kəramət Böyükçöl danışdıqlarına görə tutulanda da yazmışdım ki, Sözü qandallaya bilmərik axı; hər sözdə bir kəramət var, hər Kəramətdə bir söz var. Adamın özünü azadlıqdan məhrum etmək olar, sözünü ki edə bilməzsən...

Bəlkə də mən çox loyal baxıram bu məsələlərə, hətta özüm də bir az nihilist kimi görünürəm. Bəlkə elə Mirşahin bu yerdə doğru olanı edib: keçmiş əsirin sözünü ən yuxarı qadağa balı ilə... kəsib.

Kəsə bilibsə...

Hər halda dil kəsməkdən ki yaxşıdır. Hələ kəllə demirəm...

P.S. Etiraf edək ki, bütün başqa yaradıcı adamlara münasibətdə olduğu kimi, Mirşahini də eşitmək istəməyən xeyli adam var. Ancaq dinləməyə məhkum olanlar bəlkə daha çoxdur. Həm bəyənmək üçün, həm də lap elə bəyənməmək üçün də dinləmək lazımdır axı. Mirşahin ona qulaq asmağın, dinləməyin özünəməxsus mədəniyyətini, hələ üstəlik “antimədəniyyət”ini - bir növ vərdişini xeyli adama aşılayıb. Onu sevən və sevməyən hər kəsə...

Bir də ki jurnalisti kim, niyə sevsin, Allah xatirinə?!


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər