Ru
14:53 / 15 Dekabr 2021

Ramiz Kərəm - Öz nəfəsi olan şair

4441

Xeybər Göyyyallı



İSTEDADLI ŞAİRİN ƏBƏDİYYƏTƏ QOVUŞMASININ BİRİNCİ İLDÖNÜMÜDÜR

R. Kərəm əbədiyyətə qovuşandan sonra kiçik oğlu Ormanla vaxtaşırı telefon danışığımız olurdu. Ona atasının arxivində nələrinsə olacağını əminliklə deyirdim. Orman bir dəfə böyük bir dəftərçə olduğunu bildirmişdi. Son dərəcə səliqəli, sistemli yazılmış həmin əlyazma ( əlyazmanın redaktəyə belə ehtiyacı yoxdur) “Sizə Ataxaldan danışım” sərlövhəsi ilə başlanır. Əlyazmada R. Kərəmin doğma kəndi haqqında xatirə, müşahidə və təəssüratları yer alıb. Həmin əlyazmadan R. Kərəm barədə yazı prosesində olan kitabda kifayət qədər geniş istifadə etmişəm...

2021-ci ilin yayında Ormandan R. Kərəmin arxivində daha nələrin olduğunu soruşdum. Orman yeni bir şeir dəftərçəsini tapdığını söylədi. Cibdə gəzdirilən dəftərçə idi. Həmin dəftərçənin içərisində ağ kağızlarda dəftərçədəki şeirlərin ilk nüsxəsi də yazılmışdır. İlk əlyazma nüsxəsi ilə sonradan dəftərçəyə yazılmış nüsxə arasında bir-iki kiçik düzəlişi nəzərə almasaq, deyə bilərik ki, heç bir fərq yoxdur. Dediklərimin doğru olmasının gerçək təsdiqi üçün hər iki nümunəni- ilk əlyazmanı və sonradan dəftərçəyə yazılan nüsxəni əyani formada yaxın gələcəkdə işıq üzü görəcək kitabda oxucuların diqqətinə təqdim edəcəyəm.

“Ramiz Kərəm.

3-cü kitabdan sonra yazılmış şeirlər.

Yeni şeirlər. 2020.”.

Bu qeydləri R. Kərəm üçüncü kitabından sonra başladığı şeir dəftərçəsinin ilk səhifəsində öz əlləri ilə yazıb. Şeirlərin altında onların yazılma tarixi də qeyd olunub. “Mən də bir az göründüm” şeiri ilə başlayan dəftərçədə otuz altı şeir vardır. Şeir dəftərçəsi 26 sentyabr- 07 dekabr 2020-ci il arasını əhatə edir. İki aydan bir az artıq müddətdə, lap dəqiq desək, 70 gün içərisində R. Kərəm düz otuz altı şeir yazıb. Əminəm ki, bu dediklərimi hazırlıqlı oxucu statistika meyarlarından dəyərləndirmir. Onu da deyək ki, bir çox tanınmışlardan fərqli olaraq, R. Kərəm “şair işləmirdi”.O, duyğulananda, emosiyaları dilə gələndə, İlahidən süzülüb gələndə yazırdı. Ramizi yaxından tanıyan, uşaqlığı və gənclik illəri bir yerdə keçən, onun yazı manerasına yaxından bələd olan Gəray Göyyurd da xatirələrində qeyd edir ki, R. Kərəm bir müddət kağız-qələmdən uzaqlaşıb, hansı səbəbdənsə şeir yazmayıb. R. Kərəm “şair işləməyib”, ancaq əsl şair olub. Onun geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmamasının, bəlkə də, ən böyük səbəbini elə “şair işləməməsi”ndə axtarmaq daha doğru olardı. R. Kərəmin ömrünün son 70 günündə yazdığı 36 şeir də onun əsl poetik istedadının gerçək

təsdiqidir. R. Kərəm əbədiyyətə qovuşmamışdan bir az əvvəl bəzən bir gündə iki-üç şeir yazıb , bəzən isə bir neçə gün şeir yazmayıb.

R. Kərəmin ömrünün son günlərində yazdığı 36 şeirindən üçü Azərbaycanın Qarabağ müharibəsindəki qalibiyyətinə, altısı həmin müharibədə şücaət göstərərək həlak olmuş şəhidlərə ithaf edilib.

Ramizin bütün şeirləri poetik siqləti ilə seçilir və diqqəti cəlb edir. Son şeirləri isə mövzu və mündəricəsinə, estetik idealın poetik ifadə formasına görə daha çox fərqlənir. Onun Azərbaycanın qalibiyyətinə həsr edilmiş “Zəfər şeiri”və “ 8 Noyabr” şeirləri Zəfər Günündə oxucuların diqqətinə çatdırıldığından bu məqamda həmin şeirlər haqqında söz açmağı məsləhət bilmədik.

R. Kərəmin bütün şeirləri insanı düşündürür, duyğulandırır. Bu duyğu və düşüncə daha çox dünyada əbədi olan kədərdən qidalanır. Onu yaradıcılığında bu kədər xəfif deyil, əksinə, açıq-aşkar duyulur, hiss olunur, çünki Ramiz o kədəri qəlbində-beynində daşıyırdı, içində yaşadırdı:

Yaralarım qanadı,

Qurtararmı bu göynək?!

Mən qaçdım dərd əlindən,

Dərd oldu mənə köynək.

Qapandı kirpiklərim,

Çaylar hardan axası?!

Bu köynəyi kim biçib,

Niyə yoxdu yaxası?!

“Qürbətdə ölənin ruhuna” adlanan bu şeir 1989-cu ildə yazılıb. Elə bu məqamda iki bəndini nümunə gətirdiyimiz bu şeirin yaradıcılıq texnikası haqqında da fikir söyləməyimiz yerinə düşərdi. Adından da göründüyü kimi, dərd-qəmə bələnmiş bu şeir bayatı (ağı) ölçü-biçisində- 7-lik ölçüsündə qələmə alınıb. Məlumdur ki, bayatı (ağı) zaman-zaman dərd-qəmin ifadə forması olub. Şairin də bu poetik formanı seçməsini təsadüfi saymaq olmaz.

R. Kərəmin son 36 şeirinin içərisində bir-iki şeir istisna olmaqla , demək olar ki, yerdə qalan hamısında dərin bir kədər notu var. Son şeirləri də R. Kərəmin bir daha istedadlı və həqiqi şair olduğunu təsdiqləyir. Əvvəllər qeyd etdiyim kimi, R. Kərəm əsl ədəbiyyatın nə olduğundan kifayət qədər xəbərdar idi. Ramiz incəsənətin və onun onurğa sütunu olan ədəbiyyatın missiyasının yarandığı gündən “dünyanıdərk”, “insanoğlunun mənəvi burulğanlardan xilası”, “olum-ölüm arasındakı sual və axtarışlar” olduğunu çox gözəl bilirdi. Təkcə bilirdi demək doğru olmazdı, əslində, o həmişə bu duyğu-düşüncələrlə yaşayırdı. Özü daha dürüst, daha poetik deyir:”Söz yolu dərd keçidi”di. R. Kərəm bütün hissiyyatı ilə yaxşı bilirdi ki, sələflərini uca söz möhtəşəm etmişdir.

Həqiqi ədəbiyyatın missiyasından xəbərdar olduğundan özünün də ədəbi gücünü yaxşı bilirdi. R. Kərəm özü də nə yazdığını yaxşı bilirdi, elə bunu bildiyi üçün bəzən təvazökarlıqla ədəbi iddiasını da ortaya qoyurdu:

Bu yollarda mən də bir az göründüm,

Hər addımda qaranlıqlar süründü,

Gah yüyürdüm, gah dırmandım, gah endim,

Bir az yoxuş, bir az eniş, bir az düz.

R. Kərəm ədəbiyyata gəldiyi gündən ədəbi sözü urvatlı tutub, sözə ləyaqətlə yanaşıb. Son dərəcə təvazökar xarakterə malik olan R. Kərəm, əslində, ədəbiyyat karvanında özünün yazdığı kimi “ bir az görünməyib”, bu karvanda səsi eşidilən, ünü duyulanlardan olub. Son şeir dəftərçəsində 26.09.2020.-ci ildə qələmə alınmış, “Mən də bir az göründüm” adlı poetik nümunə, əslində, təvazökarlıqla şairin ömür-gününə bir “göz qırpımıdır”.

Qeyd etdik ki, R. Kərəmin son şeirlərinin də canını-qanını, ruhunu qəm-kədər təşkil edir. Otuz altı şeirdən altısı sonuncu Qarabağ savaşının getdiyi günlərdə qələmə alınıb.”Şəhid məktubları” adlanan silsilə şeirlərin hər biri özündə böyük bir poemanın ideya-estetik yükünü daşıyır. Mən bu məqamda həmin şeirlərdən birini qoyub, digərindən nümunə gətirməyə çətinlik çəkirəm.”Şəhid məktubları” silsiləsinin hər bir şeiri özlüyündə əsl poetik nümunədir. 18.10.2020-ci ildə qələmə alınmış “Daşlara yazılmış şəhid məktubu” şeirinə diqqət kəsilək:

Mənim əhvalımı soruşma , ana ,

Yalan danışıram sən soruşanda .

Deyirəm rahatdı , abaddı hər yer ,

Şuşa da , Ağdam da , Suqovuşan da .

Cəbhədə gecələr ayrı cür olur ,

Ölüm var hər yarpaq xışıltısında .

Hər yanda , hər şeydə ölüm nəfəsi ,

Hətta küləklərin pıçıltısında .

Səndən gizlədirəm olub - qalanı ,

Qırmızı gül açıb sinəm , demirəm .

Otlara qan düşür şeh əvəzinə ,

Bu qanın yiyəsi mənəm , demirəm .

Bir azdan bir daş da dikələr orda ,

Taxılar o daşa bir dəstə çiçək .

Burda gələn ölüm qəfildən gəlir ,

Qonur çiynimizə şahlıq quşutək .

Bir daş dikələcək qırmızı lentli ,

Kimsə dəsmalını yuyub- sərəcək .

Mənim daş yuxuma orda həmişə ,

Qırmızı yaylıqlı bir qız girəcək .

Bayraqlar , köynəklər qırmızı rəngdə ,

Bura sevgilərin bitdiyi yerdi .

Ölümü seçdim mən bu qovğalarda ,

Sağ qalmaq şansını Vətənə verdim .

Mən özüm bilirdim bura haradı ,

Bilirdim gəlmişəm hansı niyyətə .

Anam , salamat qal , Vətən , xoşca qal ,

Daha mən gedirəm əbədiyyətə .

Ədəbi mətn, xüsusən də poeziya yaradıcı şəxsin “mən”in ifadəsidir.

R. Kərəm son şeirlərində özünün də tezliklə əbədiyyətə qovuşacağına nəinki sətiraltı işarə vurur, əksinə, açıq-aşkar bəyan edir. Düzdür, insan daim son gününü-aqibətini-ölümünü fikirləşən varlıqdır. İnsanoğlunun özünü dərk edən gündən daim ölüm və ölümdən sonra başverəcəklər haqqında düşündüyü danılmaz bir həqiqətdir. O ki qaldı R. Kərəm kimi duyğulu, hissiyyatlı insan ola.

Məni özünüzə dərd eləməyin,

Mən çıxıb gedərəm dərdim içimdə.

Mən çıxıb gedərəm özgə bir yerə,

Yerim boş görünər kəndin içində.

Bu misralar R. Kərəmin xeyli əvvəl yazdığı bir şeirdəndir. Onun son şeirlərində daha da tündləşdirilmiş qəm-kədər notu ilk şeirlərindən gələn estetik idealını tamamlayır. R. Kərəm talenin son əmrinin gələcəyini duyduğundan əvvəlcədən özünün son sözünü deyir- 20 oktyabr 2020-ci ildə “Vəsiyyət” şeirini yazır :

Sadə düzəltdirin qəbir daşımı,

kasıb uşağının paltarı kimi.

Başdaşım anamın qaloşuna,

atamın çəkməsinin ayaqlığına oxşasın bir az.

Həm də doğum və ölüm tarixim,

bir də balaca bir şəkil,

üstünə yerləşə biləcək ölçüdə.

Lap şəkilsiz də olar.

Bir də üstündə

çardaq-filan olmasın,

hərdən gün düşsün,

hərdən də yağış yağsın,

yollar-yamaclar kimi.

Həm də utanmasın ruhum

çardaqsız olanlardan.

Quşlar su içməyə cam düzəltdirin,

gül-çiçək qabları gərəkli deyil.

Sadə düzəltdirin qəbir daşımı,

dağların döşündəki

qayalar kimi sadə.

Çox vaxt əsl poetik nümunənin ədəbi-bədii təhlili onun siqlətinə çox ciddi ziyan vurur. Bütün ədəbi-bədii parametrləri yerində olan, yüksək sənətkarlıqla yazılmış ədəbi mətnləri sadəcə oxumaq kifayət edir. Əsl poeziya nümunəsi olan bu şeirin də təhlilə zərrəcə ehtiyacı yoxdur. Belə ki, şeirin özü hər şeyi deyir. Ancaq bu məqamda, yadımdan çıxmamış, bir məsələni yazmağı çox vacib saydım. Dəyərli oxucular da şahiddir ki, mən R. Kərəm haqqında danışanda və yazanda təvazökar sözünü çox işlətmişəm. R. Kərəmin son şeirlərindən olan “Vəsiyyət” şeiri ilə tanış olandan sonra “təvazökar” sözünü onun yaradıcılığı barədə də işlətmək qərarına gəldim. Həqiqətən də, onun şəxsiyyəti kimi, poeziyası da təvazökar və səmimidir. Elə bu şeiri oxuyan oxucu da R. Kərəmin necə təvazökar insan olduğunu təsdiqləyər. R. Kərəmin poetik üslubu da sadə, təvazökar və səmimidir. Onun

poeziyasının böyüklüyü də bu sadəlikdən, təvazökarlıqdan və səmimiyyət qidalanır. R. Kərəmin bir insan və bir istedadlı şair kimi ucalığı, yüksəkliyi elə bu təvazökarlığında və səmimiyyətində idi.

R. Kərəmin son iki əlyazmasından- ”Qadasını almarammı o kəndin?!” və “Balaca bir işıq” adlanan şeirlərindən də söz açmaq istərdim. R. Kərəm paytaxtda yaşasa da, bütün varlığı ilə doğma kəndi Ataxala bağlı idi.

Ala quzu anasını əməndə,

Qara qazlar Qarasuda çiməndə,

Uşaq olmaq eşqi oynar sinəmdə,

Qadasını almarammı o kəndin?!

Qalın dərə, Xurdacalar, Daşgölü,

Danışmazmı Xırmanımın daş dili?!

Talvar mənə öyrətmişdi quş dili,

Qadasını almarammı o kəndin?!

Dilək qaya ruzi üçün diləkdi,

Daşı sütun-sütun, lələk-lələkdi,

Zəhmət çəkib, tər tökənə köməkdi,

Qadasını almarammı o kəndin?!

Əzgillidən Uzunyola çıxanda,

Fındıqlıdan gedib fındıq yığanda,

Qalaçadan hər tərəfə baxanda,

Qadasını almarammı o kəndin?!

Armudludan o tərəfdə Gölyeri,

Gölyerinin sağı-solu gül yeri,

Hər qarışı qızıl yeri, ləl yeri,

Qadasını almarammı o kəndin?!

Hara getsək, harda olsaq, ay Ramiz,

Ataxaldı ocağımız- pirimiz,

Ayağıdı baş qoyacaq yerimiz,

Qadasını almarammı o kəndin?!

R. Kərəmin digər şeirləri kimi, bu şeiri də Göylərin diktəsi ilə yazılıb. Ramiz vaxtilə yüyürüb -qaçdığı, gəzib- dolaşdığı yer-yurdu göz önünə gətirir, əbədi olaraq baş qoyacağı son məkanı anır, ocaq-pir bildiyi doğma Ataxalını son dəfə yüksək sənətkarlıqla vəsf edir.

R.Kərəm sonuncu şeirini 07.12.2020-ci ildə yazıb. “Bir balaca işıq” adlanan həmin şeirdən bir daha görürük ki, onu bu dünyaya şeir və işıq bağlayıb. Danılmaz həqiqətdir ki, insanoğlunu bu dünyaya cismən və ruhən çox nəsnələr bağlayır. Ancaq o da var ki, hamını bu dünyaya eyni mənəvi tellər bağlamır. İnsan var ki nəfslə, insan var ki nəfəslə bu dünyaya bağlanır. İnsan var zülmətdən güc alır, insan var işıqdan. Dünya və insan üçün nəfəs və işıq çox şey yox, bəlkə də, hər şeydir. Nəfəs işıq, işıq da elə nəfəsdir. Nəfəs demişkən, onu da qeyd edək ki, R. Kərəm öz nəfəsi olan şairdir. R. Kərəm kimi ruh adamları bu dünyaya nəfəslə- ruhla, nurla-işıqla bağlanır. Özünün yazdığı kimi,”Bəs eləyir bu dünyanı sevməyə nur üzlü bir uşaq,bir parça şeir və balaca bir işıq”. Şeirdəki hər üç obraz-uşaq, şeir və işıq bu işıqlı dünyanın özüdür:

Məni bu dünyaya

bir az uşaqlar bağladı,

bir az da şeirlər.

Dərdi danışanda adam

yüngülləşir deyirlər.

Danışdım kağızlara

yadda qaldığı kimi,

kağızların üstündə dərdlərin əksi qaldı,

elə olduğu kimi.

Hər dəfə danışanda

balaca bir işıq gördüm

baxdığım məchulluqda.

İşıqlar çağırdı məni,

yol getməyə bir az da.

Bəs eləyir

bu dünyanı sevməyə,

nur üzlü bir uşaq,

bir parça şeir

və balaca bir işıq.

Bu şeir Göylərdən R.Kərəmə süzülüb gələn sonuncu işıq-sonuncu şeir oldu. Düz yeddi gündən sonra -15 dekabr 2020-ci ildə R. Kərəm bu işıqlı dünya ilə vidalaşdı və ürəkdən-candan sevdiyi doğma kəndi Ataxala qovuşdu.

Mən R. Kərəmin bundan sonra populyarlıq qazanacağına, şöhrətlənəcəyinə yox, ancaq ədəbiyyatımızda əbədi qalacağına əminəm. Populyarlıq və şöhrət qazanmaq zaman işidir, gündəm məsələsidir. R. Kərəmi gənclik illərindən tanıyan biri kimi deyirəm ki, o, şöhrət üçün yazmırdı. O, əlinə qələm aldığı gündən ömrünün sonuna kimi şöhrətlənmək barədə düşünmədi və heç vaxt da buna cəhd göstərmədi, əksinə, həmişə bundan- populyarlıq və şöhrətdən qaçırdı. O, gündəm yazmırdı ki, populyarlıq qazansın, şöhrətlənsin. Onu da tam əminliklə demək olar ki, R. Kərəmin poeziyası hər hansı bir epoxaya tabe olan deyildir. Onun şeirləri zamanın testinə məruz qalmayacaqdır. Zaman öz örtüyünü R. Kərəmin poeziyasının üstünə sala bilməyəcəkdir. Çünki onun şeirləri gündəm- üstqurum şeirləri deyildir. Onun şeirlərinin alt qatında fikir, duyğu-düşüncə oturuşub. R. Kərəmin poeziyası bütün ədəbi-bədii parametrlər və estetik ideal baxımından zamanın fövqündədir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər