İki gündür erməni mediası və sosial şəbəkə istifadəçiləri Ermənistan-Azərbaycan sərhədində və Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində “atəşkəsin pozulmasından” bəhs edirlər.
Bakupost.az Yenipress.az-a istinadən xəbər verir ki, bu hay-küyün içərisində olduqca ciddi informasiya təbliğatı hiss edilir. Ermənistan Müdafiə Nazirliyi türkoloq Varajun Geqamyanın sosial şəbəkə hesabında paylaşdığı və erməni mediasının tirajladığı məlumatı qəti şəkildə təkzib edir, bildirir ki, Azərbaycan Ordusu Zəngəzur və Göyçə istiqamətində qətiyyən irəliləməyib və sərhəddə də hər hansı insident baş verməyib.
Ermənistan MN sərhədlə bağlı öz ekspert-mütəxəssisinin yaydığı məlumatı rəsmən təkzib edir, ancaq Qarabağın rus sülhməramlılarının məsuliyyət zonasında olan hissəsi ilə bağlı heç bir açıqlama vermir.
Bunu rus sülhməramlılarının himayəsi altında fəaliyyətlərini davam etdirməyə çalışan separatçı tör-töküntüsü “cavablandırır”. Ötən gün erməni mediasının hər iki xəbərindən biri bu və ya digər separatçı ünsürün Qarabağdakı “atəşkəs” barədə açıqlaması idi: ilk olaraq heç bir atəş açılmadığını bildirdilər, daha sonra fikirlərini dəyişdilər, “Azərbaycanın provokasiyaya cəhd etməsi” barədə cəfəngiyyat yaydılar, sonra rus sülhməramlılardan imdaddiləmələr başladı və iddia edildi ki, ruslar müdaxilə edib və vəziyyəti nəzarət altına alıb, daha sonra isə rus sülhməramlıların böyründə yerləşən qanunsuz silahlılardan birinin yaralandığı haqda səs-küy saldılar.
Bu gün də eyni ovqatla davam edirlər və Qarabağdakı “insident” haqda yalnız separatçı tör-töküntülərinin açıqlamalarını verirlər.
Aydın bir ssenaridir: “daha ciddi” imicə malik “mənbə” sərhəddə hərəkətlənmə olduğunu bildirir və erməni mediası həvəslə bunu tirajlayır, Ermənistan MN isə “təkzib” edir, amma Qarabağla bağlı Ermənistan MN bir cümlə də açıqlama vermir. Əvəzində separatçılar dayanmadan Qarabağda vəziyyətdən danışırlar.
Məkrli plandır, erməni ideoloqlar aktiv şəkildə Qarabağda separatçı rejimin mövcudluğu haqda rəy yaratmağı genişləndirməkdədirlər: media “Qarabağdakı özünümüdafiə dəstəsindən” yazır, separatçıların “müdafiə naziri”, “qərargah rəisi” danışır və bütün dünyaya “strukturların” mövcud olduğunu göstərməyə çalışırlar.
Digər tərəfdən isə Ermənistan XİN və digər rəsmilər xarici ölkə nümayəndələri ilə “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını” müzakirə edir və bu zaman ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən qeyri yolun olmadığı xüsusi vurğulanır.
İnformasiya savaşı gedir və İrəvan 44 günlük müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə aradan qaldırmaq uğrunda böyük əmək sərf edir, o cümlədən 10 noyabr 2020-ci il kapitulyasiyasının bəndlərinə əməl etməmələrinin səbəbini “izah etməyə” zəmin hazırlayır.
Ötən gün Azərbaycan XİN rəhbərinin ABŞ Dövlət katibinin müavini ilə danışması və erməni hərbi birliklərinin Qarabağdan dərhal çıxarılmalı olduğunu bildirməsinin də səbəbi budur. Böyük ehtimalla, Karen Donfridin telefon zəngində məqsəd erməni təbliğatının yaratdığı rezonans olub və rəsmi Bakı da birmənalı mövqeyini ortaya qoyub: 10 noyabr 2020-ci il bəyanatının bəndlərinə əməl edilməlidir, Ermənistanın hərbi birlikləri 2 ilə yaxındır ki, Azərbaycan ərazisindən çıxmır və s.
Prosesdə Azərbaycana sezilən qədər siyasi və diplomatik təsir cəhdləri hiss edilir. Görünən fakt isə odur ki, əgər 2020-ci ilə qədər Rusiya Ermənistanın arxasında gizlənib, Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etmişdisə, hazırda Ordumuz 7 rayonu, üstəlik Xocavəndi (Hadrut) və Şuşa şəhərinin və Suqovuşanın özünü işğaldan azad edib. Ümumilikdə işğalda olan 17 min kv.km-dən hazırda Ordumuzun ayağı dəyməyən təxminən 3,2 min kv.km-ə yaxın hissə qalıb. Bu hissəni isə ruslar artıq ermənilərin arxasında gizlənməklə deyil, birbaşa nəzarətə götürməyə çalışırlar. 2025-ci ildə sülhməramlı missiyanın başa çatacağı və uzadılmayacağı ehtimalı gündəmə gəldiyi üçün Rusiya sülhməramlı kontingenti müxtəlif oyunlar qurur: erməni qanunsuz silahlı dəstələrinin səngər qazmasına, mövqe tutmasına dəstək verir, üstəlik, Rusiya Müdafiə Nazirliyi vaxtaşırı olaraq Qarabağdakı separatçı tör-töküntüsündən “rejim” kimi bəhs etməyə cəhdlər göstərir.
Bir nümunə 20 iyulda baş vermişdi: qanunsuz erməni silahlılar Xocalıda döyüş mövqeyi yaratmaq üçün səngər qazmağa cəhd göstərmişdilər və Azərbaycan Ordusu xəbərdarlıq atəşi açmağa məcbur olmuşdu. Olay yerinə gələn rus sülhməramlılar isə qanunsuz silahlıları ərazidən uzaqlaşdırmaq əvəzinə onlara qalxan olmuşdular və ermənilərin səngər qazması üçün şərait yaratmışdılar.
Daha bir məqam da var: Ermənistan ciddi şəkildə silahlanır, orduda islahatlar aparır və 44 günlük müharibədə acınacaqlı məğlubiyyətin nəticələrini aradan qaldırmaq üçün çalışır.
Beləliklə, İrəvan bunları edir: siyasi və diplomatik cəbhədə Minsk Qrupunu diriltmək və “münaqişəni” yenidən mənasız danışıqlar üzərinə keçirmək, Qarabağdakı separatçı tör-töküntüsünü toparlamaq və onların “fəaliyyəti” görüntüsünü yaratmaq (bunun üçün Ermənistan büdcəsindən separatçılara indiyə qədər ən böyük məbləğ – 290 milyon dollar ayrılıb və bura erməni diasporun göndərdiyi yardımlar və ianələr aid deyil), Qarabağdakı hərbi birliklərin çıxarılması adı ilə muzdluların “müdafiə qüvvələri” kimi Azərbaycan ərazilərinə yerləşdirmək və onların mövqe tutmasına rus sülhməramlılar aktiv yardımı ilə nail olmaq, həmçinin separatçıların “mövcudluğunu” nümayiş etdirmək üçün böyük informasiya təbliğatı, lobbi fəaliyyəti, diaspor işini genişləndirmək.
Azərbaycan dövləti isə informasiya təxribatının qarşısını almaq üçün daxildə fəaliyyətini genişləndirsə də, informasiya savaşı aparmır, əvəzində siyasi, diplomatik, iqtisadi və hərbi üstünlüyündən maksimum istifadə edir. Bakı hazırda Avropanın qaz sınağında etibarlı, güvənilən tərəfdaşlardan birinə çevrilib və bundan istifadə edərək, Qarabağda yenidən münaqişə yaradılmasına cəhd göstərən qruplara qarşı fəal iş aparır, eyni zamanda konkret vaxt verilib: Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazisindən çıxmalıdır.
Bakı dəqiq hesablayıb: əgər Ermənistan ordusunun birlikləri Qarabağdan tam şəkildə çıxarsa, separatçı tör-töküntüsünün “müdafiə qüvvələri” adı altında gizlənmək mümkün olmayacaq. Çünki Qarabağa köçürülüb gətirilən və yerləşdirilən ermənilərin sayı da bəllidir, onların arasından seçilib “müdafiəyə” göndərilənlər də.
Digər tərəfdən, rəsmi Bakı qışa qədər yeni Laçın yolunu təhvil vermək, Laçın şəhərini və köhnə yolun üzərindəki kəndləri nəzarəti altına almaq, eyni zamanda Zəngəzur yolunun açılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə çalışır və bu işdə Azərbaycan yalnız Rusiya ilə deyil, artıq ABŞ başda olmaqla, Avropanı da yanına almaqdadır.
Ordumuz isə hər an, hər şeyə hazırdır və bunu daim nümayiş etdirir.