Ru
16:08 / 26 Avqust 2022

Tarixi qələbənin yaratdığı məsuliyyət...

45850
Azərbaycan xalqı öz mənəvi dəyərlərinə bağlı, bu dəyərləri yaşadan, qoruyan və gələcək nəsillərə ötürən xalqdır. Mənəvi dəyərlərimizin gələcəkdə də qorunmasını təmin etmək üçün gənc nəslin milli ruhda tərbiyə olunması çox vacibdir. Milli mənlik şüuru inkişaf edən, mənəvi dəyərlərimizə sadiq, vətənpərvər ruhda tərbiyə olunan gənc nəsil dövlətin və xalqın etimadını da layiqincə doğruldur. Bu baxımdan gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyət qarşısında duran əsas vəzifədir.

Ümumilli Lider Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.





Heydər Əliyev deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".


Bu gün ölkədə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Vətənə və dövlətə sadiq vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən bütün lazımı addımlar atılır. Bu məsələ daim diqqət mərkəzindədir.


Prezident İlham Əliyev qeyd edib ki, bu gün gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır:




“Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir”.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyir ki, müstəqilliyimizin qorunması, eləcə də xalqımızın özünəməxsusluğunu təmin edən adət-ənənələrimizin, milli dəyərlərimizin yaşaması böyük dərəcədə gənclərin necə tərbiyə almalarından asılıdır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması hər kəs qarşısında duran başlıca vəzifələrdən biridir:





“Milli mənlik şüuru hər bir millətin özünüdərkidir. Bu anlayış özündə insanın Vətənə, torpağa bağlılığı, xalqın bir nümayəndəsi olaraq mövcudluğunu ehtiva edir. Hər bir milləti ayaqda saxlayan onun özünüdərki, milli mənlik şüurunun yüksək olmasıdır. Bu gün Azərbaycan xalqını güclü edən, Vətən müharibəsində qələbə qazanmağı təmin edən məhz milli mənlik şüuru oldu. Milli mənlik şüurunun formalaşmasında təbliğat mühüm rol oynayır. Qan, gen nə qədər rol oynasa da, bu, kifayət deyil. Bu hissin oyadılmasına, gücləndirilməsinə hər zaman ehtiyac var”.



C. Məmmədov hesab edir ki, təhsil sistemində də vətənpərvərliyin təbliğinə mütləq yer ayrılmalıdır: “Bu gün ali təhsil müəssisələri, məktəblərin üzərinə böyük məsuliyyət düşür ki, bu fəaliyyəti həyata keçirə bilsinlər. Ayrıca fənnin olmasına ehtiyac olduğunu düşünmürəm. Zərurət yaranarsa, bu barədə düşünmək olar. Tədris sistemində ayrı-ayrı fənlərin tərkibində, dərsliklərdə vətənpərvərliyin təbliğinə yer ayrılır. Sadəcə, davamlı fəaliyyət olmalıdır. Təbliğat görüşlər, konfranslar, müzakirələr yolu ilə daha da gücləndirilməlidir. Hesab edirəm bu, elə bir məsələdir ki, fasiləsiz təbliğat getməlidir. Yalnız bu halda qarşıya qoyulan məqsədə nail olmaq mümkündür”.


Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun sözlərinə görə, ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olnaması Təhsil Nazirliyi üçün prioritet məsələlərdən biridir:




“Azərbaycan Ordusunun döyüş meydanında yazdığı qəhrəmanlıq tarixini gələcək nəsillərin daha rahat öyrənmələri üçün dərsliklərə dəyişikliklər edilir. Artıq ötən ildən bununla bağlı işlərə başlanıb. Tarixi qələbəmiz təhsilin məzmununda öz yerini tutmaqdadır. Bu proses mütəmadi davam etdiriləcəkdir. Dərsliklərin yazılması, çap edilməsi xeyli vaxt, əmək, maliyyə tələb edən prosesdir. Bu gün bütün dərslikləri birdən-birə dəyişdirmək, təkmilləşdirmək mümkün deyil. Lakin bizim kağız dərsliklərlə yanaşı, elektron dərsliklərimiz də vardır ki, kiçik və operativ düzəlişləri həmin versiyalarda etmək mümkündür. Artıq bu istiqamətdə işlərə başlanılıb. Vətən müharibəsində qələbəmiz elə bir mühüm hadisədir ki, mütləq hər bir sinif otağında öyrənilməli, müzakirə obyektinə çevrilməli və inkişaf stimulu olmalıdır. İnkişaf stimulu haqqında xüsusi danışmaq lazımdır. Bu qələbə bizi sevindirməklə yanaşı, çiyinlərimizə məsuliyyət də qoyub. Bu məsuliyyət əzəli torpaqlarımızı qoruyub saxlamaq qeyrəti, düşmənin xaraba qoyduğu əraziləri rahat yaşayıb işləmək üçün qurmaq əzmi deməkdir”.


V. Yaqublu bildirib ki, ötən müddət ərzində dərslik müəllifləri, nəşriyyatlar “Qələbə dərsləri” adı altında müxtəlif siniflər və müxtəlif fənlər üzrə mövzular hazırlayıblar. Bunlar xüsusi dərs mövzularıdır və həmin dərs mövzuları Təhsil İnstitutunun elektron səhifəsində yerləşdirilib. Həmçinin bu barədə məlumatlar məktəblərə çatdırılıb.


Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması, Vətəninə, dövlətinə, milli mənəvi dəyərlərinə bağlı olması hər mənada dövlətin xeyrinədir. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər:




“Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Milli mənlik şüuru, milli özünüdərkin mahiyyəti ondan ibarətdir ki, insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Bugünki Azərbaycan gəncliyi Vətəninə, millətinə, dövlətinə bağlıdır. Vətənin hər qarışı üçün canından, qanından keçməyə hazırdır”.


M. İbrahimqızının sözlərinə görə, 44 günlük Vətən müharibəsində gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçdilər, ölümü gözə alaraq döyüşlərə atıldılar və ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan gəncliyinin Vətən müharibəsində möhtəşəm qələbəmizin əldə edilməsində göstərdiyi misilsiz qəhrəmanlığı Prezident İlham Əliyev çıxışlarında dönə-dönə dəyərləndirərək, bunu onların vətənpərvərlik ruhunda tərbiyəsi ilə əlaqələndirib. Preziden deyib: “Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu amillərin vəhdəti bizim Şanlı Qələbəmizi şərtləndirdi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda Vətənini, dövlətini sevən gənclik bizim ən böyük və dəyərli sərvətimizdir.



Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.





Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər