TƏBİB-in İlkin Səhiyyə Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsili olmadığına dair səsləndirilən iddialar əsassızdır. Qeyd edirik ki, Rəşad Çobanlı 2010–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsində təhsil alıb və “həkim” ali peşə-ixtisas dərəcəsi əldə edib.
Bu barədə Bakupost.az-a TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunur ki, 2015–2017-ci illər ərzində o, yerli və beynəlxalq idman yarışlarında tibbi xidmət üzrə mütəxəssis kimi fəaliyyət göstərib, 2017–2020-ci illərdə isə Azərbaycan Milli Anti-Dopinq Agentliyində tibb və antidopinq xidmətləri üzrə beynəlxalq dərəcəli mütəxəssis qismində çalışıb:
"Rəşad Çobanlı 2017–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Səhiyyənin idarəedilməsi üzrə MBA proqramını bitirib və təhsil dövründən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində əmək fəaliyyətinə başlayıb. O, Agentlikdə 2018–2022-ci illərdə müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib və 2022-ci ildən Analitika və statistika şöbəsinin müdiri olub.
2020-ci ildən etibarən AMEA İqtisadiyyat İnstitutunda doktorantura təhsilini davam etdirən Rəşad Çobanlı, həmçinin 2021–2025-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə ali təhsil alıb.
Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində 2023-cü ildə TƏBİB-də İlkin Səhiyyə Departamenti yaradılıb və Rəşad Çobanlının çoxşaxəli təcrübəsi nəzərə alınaraq departament rəhbəri təyin olunub.
Yuxarıda sadalanan faktlar Rəşad Çobanlının tibbi təhsili ilə bağlı iddiaların əsassız olduğunu təsdiq edir", - TƏBİB-dən bildirilib.
***
12:46
TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.