Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:21 / 28 Noyabr 2024

Toyuq və quş əti niyə bahalaşıb? - Ekspertlər səbəbləri açıqladı

2137

Azərbaycanda toyuq və quş ətinin qiymətinin artması istehlakçıların narazılığına səbə olub. Onlar onsuz da baha olan qiymətlərin daha da artmasından narazıdırlar.

Qeyd edək ki, əvvəllər 17, 18 manata satılan hinduşka əti indi 19-20 manata təklif olunur.

Bəs broyler təsərrüfatlarının çox olmasına baxmayaraq, qiymət artımının səbəbi nədir? Bu tendensiya mal və qoyun ətinin qiymətində də müşahidə olunacaqmı?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı Akif Nəsirli mövcud vəziyyəti ölkədə broyler təsərrüfatları arasında rəqabətsizliklə izah etdi:

"Azərbaycanda kifayət qədər toyuq ferması var, lakin onlar rəqabətli deyil. Broylerlər bir neçə inhisarçının əlindədir. Yəni təsərrüfatlar çox olsa da, sahibkarlar azdır. Ona görə də onlar istədikləri vaxt pərdəarxası razılaşmaya gedib qiymətləri suni şəkildə tənzimləyə bilirlər. Artıq Azərbaycan bazarı broyler sindikatının qərarından asılı vəziyyətdədir. Ola bilsin ki, o fabriklərdə kəsimə gedən toyuqların sayı azalıb. Bundan istifadə edib bazara məhsul çıxışını, təklifi azaltmaqla qiyməti bahalaşdırırlar".

Ekspert həmçinin qeyd edib ki, bunun qarşısını almaq üçün bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlara "yaşıl işıq" yandırılmalıdır.
Akif Nəsirlinin fikrincə, toyuq ətinin qiymət artımı mal və qoyun ətinin qiymətinə müəyyən təsir göstərə bilər, lakin bu təsir böyük olmayacaq:

“Mal əti baha olduğuna görə əhalinin böyük əksəriyyəti daha ucuz olan quş ətinə üstünlük verir. Lakin quş əti bahalaşdığı halda, bəzi istehlakçılar quş əti ilə mal əti arasındakı qiymət fərqinin azalmasını görərək, imkanı olanlar quş ətindən imtina edib mal əti alır. Bu da nəticədə mal ətinə tələbatın artmasına səbəb ola bilər. Amma bu, çox kiçik seqmentdir və ciddi təsir göstərməsi gözlənilmir".


Ekspertin sözlərinə görə, daxili bazarda broyler toyuqlarının qiyməti uzun müddət baha saxlanılarsa, bu, idxalın stimullaşmasına gətirib çıxara bilər:

"Hazırkı şəraitdə Türkiyədə broyler toyuğu o qədər ucuzdur ki, ordan idxal etmək Azərbaycanda istehsal etməkdən daha sərfəli ola bilər. Buna görə də bu tendensiyanın uzanması toyuq ətinin idxalını stimullaşdıracaq ki, bu da yerli sahibkarların ziyanına olacaq. Ona görə dədüşünmürəm ki, qiymət artımı uzun müddət davam edəcək."

İqtisadçı ekspert Asif İbrahimov isə bildirdi ki, hazırda ölkədə ümumi inflyasiya müşahidə olunur. Bununla yanaşı, qiymət artımı xüsusilə toyuq ətində daha kəskin hiss edilir .Mal ətində isə bahalaşma periodik olaraq müşahidə edilir:



“Azərbaycanda bir çox quşçuluq təsərrüfatları mövcuddur. Bununla yanaşı biz quş ətini idxal da edirik. Buna xarici faktorun da təsiri var. Məsələn, biz daha çox hazırda müharibə gedən Ukraynadan idxal edirdik. Bundan başqa, yemin bahalaşması da qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərdən biridir. Həmçinin, təsərrüfatlarda çalışan işçilərin sosial təminatında da dəyişikliklər baş verir. Orda çalışanlar bu gün 345 manat minimum əmək haqqına nəzərən maaş alırlarsa, yanvardan sonra 400 manat minimum əmək haqqına uyğun əmək haqqı alacaqlar.Yəni hər hansı məhsulun, xidmətin yekun qiymətini formalaşdıran ən vacib element onu ərsəyə gətirən xərclərdir. Xərclər də nə qədər çox olarsa, yekunda məhsulun qiyməti də bir o qədər çox olacaq”.

Lalə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar