Ru
10:50 / 17 Dekabr 2019

“Azərbaycanda gənclər arasında ciddi imzası olan qadın yazıçı yoxdur”– Çingiz Əliloğlu (MÜSAHİBƏ-VİDEO)

12411


"4 İLDİR, AĞRIYIRAM... "

“Ömrünün çoxunu yaşamış bir adam, nə verəcək bu millətə?”

“Vaxt olub bir həftəyə 1 kitab yazmışam”

Azərbaycanın tanınmış şairi, Əməkdar Mədəniyyət İşçisi Çingiz Əlioğlunun BakuPost-a eksklüziv müsahibəsi:


Çoxdan idi görmürdüm. Zəng edib məqsədimi bildirəndə yenə o ağırtaxtalı səsiylə “gəl, söhbət edək”, dedi. Görüşdük. Min il öncənin və min il sonranın Çingiz Əlioğlusudur ki var. Bu ölkədə çoxları öz şeirini yazmadı, yaza bilmədi. Şair Çingiz Əlioğlu isə şirin türkcəmizin adamın cızdağını çıxardan xaslığıyla öz şeirini yaza bildi. O, təkcə şeirinə öz dilcə(miz)də sözlər gətirmədi, həm də öz ruhca(mız)da dil gətirdi.

Söhbətimiz boyunca onun özünü hesaba çəkən sarsılmaz simasında ədəbiyyatımıza qarşı hüdudlar aşan ümidlərim bir daha artdı. İmzasını çoxdan təsdiq etsə də, çağdaş şeirimizin ən tanınmış və ən yaradıcı simalararından biri kimi heç indi də yazı–pozu işinin şirinliyindən geri qalmır. Həm də ilk kitabının adından qalma NİKBİNLİK sözü bütün çalarlarıyla, tutumuyla yalnız şeirlərinə bəlli taleyində işıq kimi yanır. Mən onunla həmyaşıd, həm dost kimi söhbət elədim. Daha öncəki nəslin nümayəndəsi olaraq mühakimə xarakterli ab - havayla keçdiyi yolun yorğunluğundakı uğuruna kölgə salmaq üçün deyil.

- Salam, Çingiz müəllim. Necəsiniz? Nə var, nə yox ?

- Mən lap yaxşıyam. Səninlə görüşəndən sonra özümü daha yaxşı hiss edirəm. Sən bayaq dedin ki, mənimlə görüşüb - görüşməyəcəyini götür - qoy edirmişsən. Nahaq yerə tərəddüd edirmişsən. Mən sənin imzana bələd olduğum və şəxsiyyətinə hörmət etdiyim üçün, səninlə görüşə hər zaman hazıram.

- Minnətdaram iltifatınızdan dolayı. Sadəcə narahat etməmək baxımından idi bu tərəddüd. Mən bir daha hiss elədim ki, Çingiz Əlioğlu min il əvvəlin, min il sonranın Çingiz Əlioğlusudur. Ona bu dünyanın heç bir rüzgarı, dalğası, gücü təsir edə bilməz. Çingiz müəllim, sizə gələndə masanızın üzərində bir yığın qəzet gördüm.

- Bəli.

- Yenə də mütaliənizdən qalmırsınız, deyəsən. Dünyada gedən proseslər, hadisələr, olaylarla bağlı son zamanlar yaddaşınızda ilişib qalan, sizdə narahatlıq doğuran hansısa bir məqam varmı?

- Var, əlbəttə. Ancaq sevindirici məqamlar da az deyil. Hər halda biz bu ölkədə yaşayırıq. Bu xalqın övladıyıq. Xalqımızın, ölkəmizin düçar olduğu bu bəla da bizim hamımıza tanışdır. Mənə isə olsun ki, artıq dərəcədə tanışdı. Çünki mən Qarabağlıyam. Bir tərəfim Şuşadan, bir tərəfim Füzulidəndir. Mən bu barədə danışanda, tərəddüt etməyə başlayıram. İstər - istəməz başlayıram müəyyən daxili sıxıntılar keçirməyə. Bunun da səbəbləri var. Ancaq bunula belə, mən vaxtı ilə ilk kitabımı nahaq yerə “Nikbinlik”adlandırmamışam.





- Bu gün sizi görəndən sonra ilk kitabınızın adını xatırlayanda, bir daha inandım ki, adlar bizə çox şey deyir. Bizim gələcək taleyimizi müəyyənləşdirir.

- Doğru deyirsiniz. Mən ilk kitabımın adını “Nikbinlik”, ikinci kitabımın adını “VAĞZALLAR, YOLLAR”, üçüncü kitabımın adını isə “Soraqladı Sevgi Məni” qoydm. Beləcə, kitablar başladı çıxmağa. İndi mənim müxtəlif dillərə tərcümə olunmuş kitablarımla və dilimizə elədiyim tərcümələrlə birgə 80-ə qədər kitabım çıxıb. Təbii ki, söhbət kəmiyyətdən çox, keyfiyyətdən gedir.



- Hər halda Çingiz Əlioğlu imzası bu ədəbiyyatın içində göz yumulası, üstündən sükutla keçiləsi bir şair imzası deyil. Yeniliyə açıq, modern şeirin gözəl çalarlarını yaradan nümunələrlə öyünməyə haqqınız var. Mən söhbətimizn əvvəlində qəzetdən, xəbərlərdən söhbət saldım. Bax, Şuşadan danışdınız. Bir az da söhbət uzansa gedib çıxacaq, Zəngəzura, Dərbəndə, Borçalıya, Təbrizə kimi. Bu adların, coğrafiyanın qapsamında Çingiz Əlioğlu nələr düşünür, nələr hiss edir. Çünki bizim yazarlar həm də ZİYALI anlayışındakı haqqı - sayı yerinə gətirən fədailərdir.

- Bu gün fiziki imkanlarla götürəndə Çingiz Əlioğlu 30-40 yaşındakı Çingiz Əlioğlu deyil. Amma mənim ruhum sarsılmır. Mən hesab edirəm ki, biz bu erməni gapına tez-gec qalib gələcəyik. Bunun üçün çox çətinliklər mövcuddur. Bunun üçün arada Rusiya var. Mənə elə gəlir ki, hər şeyi açıqlamamaq üçün, elə “arada Rusiya var” cümləsini işlətməyin özü kifayətdir. Rusiyanın bu fəlakətimizə münasibətinin necə olması məsələsi hər kəsə məlumdur. İş ordadır ki, bu gün elə bir ordu qurulub, gənclərimizdə elə bir ruhi mənəvi bağlılq yaradılıb ki, Azərbaycanın torpaqla bağlı problemlərində biz hökmən qalib gəlməliyik. Bunu Aprel döyüşləri də sübut elədi. Bilirsənmi, Azərbaycan bütün tarix boynca çox bəlalardan keçib. Azərbaycanın torpağınan bağlı qayğıları, elmlə, yaradıcılıqla, məhsulla bağlı böyük qayğıları olub.

Bu xalq həmişə öz başının üzərindəki qılıncın hənirini hiss edib. Baxmayaraq, biz, heç vaxt da təslim olmamışıq. Amma bunun qayğı və iztirabını çəkmişik həmişə. Sən təsəvvür elə, necə şirnikiblər ki, bizim xalqın yaratdığı məsəllərə, əsərlərə, xalçalara mənimsəyib sahiblənmək istəyirlər. Məni bir dəfə Moskvada xalça sərgisinə dəvət elədilər. Sərginin direktoru və aparıcılardan biri erməni familiyalı qadın idi. Ora mədəniyyət üzrə ateşemiz hörmətli Nigar xanımla getmişdim. Orda nə qədər xalçalarımız İranın adıyla fars xalçaları kimi təqdim edilirdi. Nə qədər Qarabağ, Azərbaycan xalçaları erməni adıyla tanıdılırdı. Çox cüzi bir qismində Azərbaycan xalçaları Azərbaycan adıyla verilmişdi. Bilirsinizmi, buna qeyzlənmək də olar, ancaq sakit durub baxmaq da mümkün deyil. Bütün bunlarla bərabər, orda çıxış elədim və lazım olan sözləri, iradları bildirdim.

- Çingiz müəllim, siz indi sayırsınız, musiqimiz, alətlərimiz, xalçalarımıza necə sahib çıxmalarını. Ancaq dərd ondadır ki, onlar bizim xalqın yetişdirdiyi böyük şəxsiyyətlərə də sahib çıxırlar. Çox qəribədir. Mən anlamıram, sən sevmədiyin, özünə düşmən bildiyin millətin milli sərvətini, mənəvi dəyərlərini necə özünün adına çıxmağı rəva bilirsən? Bu son dərəcə təzadlı məsələni anlamaq olmur.
- Erməni iştahı böyük olur. Çox iştahlı yırtıcıdır erməni iştahı. Dişi canavar kimidir erməni. Onların içində mənim dostlarım olub. Elə indi də var. Ancaq bunlar ayrı - ayrı şeylərdir. Sözün böyük mənasında xalqı götürəndə, o bəzi şəxsləri var ki, xalqı özləri kimi dişi canavarlara çeviriblər. Xalqın beynini, əxlaqını tamamilə pozublar. Münasibətləri pozublar. Onlar haqqında danışmaq olduqca çətindir.



- Bir də Çingiz müəllim, Azərbaycan deyəndə, istər-istəməz funksionallığı olan bir bütövlükdən söhbət salsaq, gərək Güney Azərbaycandan, Orta Asiyadan, hardasa Uyğurlardan da danışaq.

- Uyğurlar 25 milyondur.

- İndi düşünün, Çin hakimiyyəti illərdir, Uyğurlara olmayan zülmləri edir. Heç faşistlərin əl atmadığı uyğurlara qarşı iyrənc, əzici üsullara əl atırlar. Bax, bu baş verənlər dalğa misali sizin şair həssaslığınızdan nə dərəcədəkeçir?

- Mənim bu haqda bir çox şeirlərim də var. O dalğa məndən keçməsə, o şeirləri yazmazdım, yaza bilməzdim.

- Əzbərinizdə də yoxdur?

- Mənim heç bir şeirim əzbərimdə yoxdur. Bu, çətin sualdır. Bir neçə qatı olan sualdır. İndi mən durum bir türk oğlu kimi bu barədə danışım, bu bir ayrı şeydi. Bir Azərbaycan şairi kimi danışım, bu da bir ayrı şeydi. Çin deyirsiniz, 25 milyon insanı var ki, bizimlə bir dildə danışır. Mən Pekində 9 gün olanda onlardan, uyğurlardan yanıma gəliblər, görüşmüşük, söhbət eləmişik. Çin özü o qədər böyükdür ki, 25 milyon deyəndə deyirsən nədir ki? Ancaq 25 milyondan söhbət gedir.

- Heç Qafqazı silkələsən, 10-15 milyon olar, ya yox.

- Bəli, Çindəki 25 milyon insan az rəqəm deyil. Onların yaşantıları, başına açılan oyunlar, çətinlikləri də ayrı bir məsələdir. Onlar əzab çəkirlər.

- Görünür, tarixdən də gəlmə nələrsə var...

- Bəli, tarixdən də gəlmə çox şeylər var. Bu günə kimi xalqlar içərisində boy verib yaşayıb səslərini ucaldıblarsa, demək yaşayacaqlar. Çinin özündə də indi müsbət təmayüllər, meyillər çoxlamağa başlayır. Orda da demokratiya nə olduğunu yaxşı bilənlər var. Hər halda inanmaq, inanmaq lazımdır.



- Arazın o tayındakı soydaşlarımızın problemləri də az deyil. Çinin bir başqa variantını İranda görmək olar. Bir zamanlar xəyal edirdik ki, bu türk ölkələri bir araya gələcəklərmi, gələ bilərmi? Aradan illər keçir, indi bu yaxınlaşmalar lap üst düzeydə baş verir. Sanki xəyallar az qalır gerçək olsun. Bu məsələlər sizə nə şəkildə şövq verir?

- Bu gün əgər R.T.Ərdoğan hörmətli prezidentimizin adını çəkirsə, bizim prezidentimiz Ərdoğan cənablarına “mənim əziz qardaşım” deyə müraciət edirsə, bundan gözəl, duyğulu nə ola bilər ki? Bu tamamilə yeni bir səviyyədi, yeni bir gözəllikdi. Bütün bu gəlişmələr tədricən olur. Yavaş - yavaş, öz yoluyla qaydasıyla. Türkiyə də balaca ölkə deyil. 82 milyon əhalisi var. Orda da hamı Ərdoğan demir. Müxtəlif fikirli, düşüncəli, ideyalı insanlar da var. Onların hamısı Tayib Ərdoğan desəydi, bu qədər qarışıqlıqlar, qarşıdurmalar olmazdı. Məncə, hər halda bütün işlər xeyrə doğru gedir. Bu ilk növbədə ölkə rəhbərinin iradəsindən asılıdır. İstər Türkiyədə, istərsə də bizdə olsun, olduqca ardıcıl işlər aparırlar. Biz görməsək də, böyüməkdə olan nəsil görəcək.

- Narahat olmayın, bizlər də görəcəyik.

- İnşaallah.

- Nəsil demişkən, Çingiz müəllim, sovetlər sonrası zaman elə biləsən ildırım sürətilə bir yerdən başqa bir yerə məsafə qət etdi. Bizi bir yerdən başqa bir yerə götürüb atdı. Yeni bir nəsil yetişir. O nəslin bir parçası da Azərbaycanda yetişir. Bu ölkədə yetişməkdə olan gənc nəslə nələrisə həvalə etmək olarmı?

- Olar.

- Nəyə dayanaraq söyləyirsiniz?

- Əvvəla bizim nikbin olmaqdan başqa bir yolumuz yoxdur. Öz ömrünün çox hissəsini yaşamış bir adam, nə verəcək bu millətə, bu xalqa, bu ölkəyə? Gəncliyə inanmaq lazımdır. Cavanlara bel bağlamaq lazımdır. Bu insanlar hər zaman hər yerdə mötəbər olacaqlar, möhtədil olacaqlar. Səhv də buraxacaqlar. Ancaq hər zaman xalqa məhəbbətlə yanaşacaqlar. Ölkəni, xalqı, dövləti hər vaxt müsbət istiqamətə çəkib aparacaqlar. Bu qaçılmaz bir həqiqətdir.



76 yaşım var. Bundan sonra nə qədər yaşadım yaşadım da. İndi mən paslanmış, nəm çəkmiş, nəmişlik yığmış, duyğuları xalqa, camaata təlqin eləməklə nə qazanıram? Ən əsası xalq nə qazanır. Xalqa getməli olduğu yolların ən aydınını, işıqlısını, çətinini göstərmək lazımdır. Həm də göstərmək lazımdır ki, sən burdan getməlisən. Gərginlik yaratmaq lazım deyil. Bax, onda biz hansısa müsbət şeylər əldə etmiş olacağıq.


- Bilirsiniz də, bu coğrafiyada hər şeyin ilk ağırlığını, ağrısını ədəbiyyat çəkib, ədəbiyyat dilə gətirib. Öncəliklə ədəbiyyat. Bizdən öncə bir sistem oldu. Siz də o sistemdə yaşadınız, yaratsınız. O tarix bizim ümumi tariximizin bir parçasıdır. O dövrün qəribə mövzuları vardı. Oktyabr, Kremil, Lenin, Qızıl Ulduz və s... o mövzularda heç yazmısınızmı, yaxud bu mövzularda yazmağa sizi vadar edən, təkid edən olubmu? ( Bu yerdə Çingiz müəllimin üzündə qəribə bir sakit gülüş necə cövlan elədisə, məni də uğunmaq götürdü. Bu gülüşmələr nəydi qəfil, haqladı bizi)

- Danışım da. Lenin 100 illiyi olmalıydı zənn edirəm. Məni “Azərbaycan” jurnalının baş redaktoru çağırdı yanına. Mən də getdim. Onu da deyim ki, mən onun özünü də, yoldaşını da uşaqlıqdan tanıyırdım. Tənqidçi idi. Sonra komitənin sədr müavini oldu. Fikirləşdim ki, məni xeyir ola bura çağırıblar. Dedi ki, biz sənə cavan və istedadlı bir şair kimi etimad göstərib istəyirik ki, Leninin 100 illiyi münasibəti ilə silsilə şeirlər yazasan. Biz də onu jurnalın ilk səhifələrində verəcəyik.

- Əkrəm Əylisinin dövrü olmasın?

- Yox, yox. Əvvəl idi. Baxdım ona, matım - qurtum qurudu. Birinci onu soruşdum ki, niyə mən, niyə mən yazmalıyam axı? Yəni bu mövzunun şairləri var da. Bu, işıq haqqı, olmuş söhbəti. Bir - iki şair adı çəkdi. Dedi, onları bilirik, ancaq bizə cavan nəsil lazımdı. Sizin kimi gənc nəslin nümayəndəsi. (Həqiqətən burda Çingiz müəllimi bir uğunma götürdü ki, gəl görəsən: -x.t.) dedim, filankəs müəllim, mən sizə çox minnətdaram, siz məni yön bilmisiniz. Ancaq mən buna hazır deyiləm. Dedi, necə yəni hazır deyilsən? Dedim, mən bu mövzuya hazır deyiləm. Onun üçün gərək gecə - gündüz araşdıram, materiallara baxam, kitablar var ki, onlarla tanış olam. Dedi ki, sən necə istəsən o materialların hamısıyla səni tanış edərik. Hansı mənbə, kitab, material lazım olsa, onu sizin üçün təşkil edərik. Dedim ki, başa düşün, mən bu işə özümü heç cür mənəvi olaraq hazır görmürəm.

- Beləcə dediniz? Bəlkə Əkrəm Cəfərdi?

- Yoooo.

- Məmməd Arif, Cəfər Xəndan...

- Yox, onlar da deyildi. Tənqidçiyidi. İndi adını deyəcəm. Cəlal Məmmədov. Dediklərinin heç biri “Azərbaycan” jurnalının baş redaktor olmayıb. Nə isə, indi də sağ olan, o zamanın bir cavan şairini çağırdı, ona bu təklif edildi, o da şeirlərini yazıb gətirdi və jurnalda da çap elədilər.



- Demək o “gənc və isrtedadlı şair” yazdı?

- Hə, yazdı. Söhbət ondan gedir ki, o şair dostum olumşudu, dostum olub hər halda, elə sıx əlaqə saxlamasam da. Səmimiyyətdən bəhs etdin, al, bu da sənə səmimiyyət.

- Bunları başa düşdük. Hər halda sovet dövrü deyilirdisə, bu dövrün partiya və hökumət tərəfindən təşkil etdiyi mövzular vardı. Üzüm, pambıq, neft, oktyabr kimi mövzular aşıb - daşırdı.

- Bunlar mənim mövzularım deyil, Xanəmir.

- Ustad, bu söhbəti sizlə edirəm. Bəlkə də başqasıyla bu mövzuları söhbətə çevirməzdim.

- Bəli.

- Qəribəsi olan odur ki, sizə təklif olunan, sizin rədd elədiyiniz o təklifi sizin bir yaşıdınız sevə - sevə qəbul eləmiş, üstəlik də, bəlkə bu təklifdən dolayı nəzir-niyaz da vermiş ola bilir.

- Mənim ilk çap olunmağım deməli, 1976-cı ildə “Gənc Qələmlər” kitabında şair İlyas Tapdığın verdiyi “Xatirələr” şeirim, sonrakı ədəbi aləmə təqdimatım isə Rəsul Rzanın mənim haqımda yazdığı məqalə ilə bir yerdə “İSTEDAD+ DÖZÜM+ZƏHMƏT” yaszısıyla “ Ulduz” jurnalının 1978-ci ildə, 4-cü sayında çap olunub. Birinci şeir də “İstedadı yetirənlərin nəğməsi” şeiridir. İstedadı kim yetirir? İstedadı xalq yetirir. Demək bu şeir xalqın nəğməsidir. Ustalıq da odur. O şeir balaca bir şeir idi:

Biz alovun qüdrətiyik
Bir ovuc küldə gizlənmişik.
Biz sükunətik
İçimizdə bir dəlisov qışqırıq var!
Ancaq bilirik,
Ölərik
Qışqırsaq...
Biz mayayıq, -
Qıcqırıb qıcqırıb dahilər yaradırıq.
Biz daima yığılıb açılan bir yayıq
Hər açıldıqca yaradıcılıq səmasına
Dahilər
tullayırıq
Biz sirrik
Biz kəşfik
Bacarıqlı əllərdə
Düşüncəli beyinlərdə
Açılmağa tələsirik!

(Yanvar.1968.)

- Bir az da manifest təsiri bağışladı. Yaradıcılıq yolunuzun konsepsiyasıdır sanki.

- Bütün yaradıcılıq yolumun konsepsiyasıdır bu balaca şeir. Bu şeir 70-80 min tirajla çıxan “Ulduz” jurnalında çap olunub.

- Beləcə böyük ədəbiyyata yolunuz başladı. Sözsüz ki, Rəsul Rzanın da yazdığı o ön söz bəlkə də sizi çox şeylərdən qorudu, mühafizə elədi. Bir məsələni sizinlə danışmaq istədim nədənsə. Olduqca məşhur bir şair tanıyırdım. Sovetin şıdırğı vaxtında Leninə şeir həsr eləmişdi. Sovet dövrü dağıldıqdan sonra şeirdə Leninin adını çıxarıb bir başqa ad yazaraq çap eləmişdi şeiri.

- Sən onun adını deməsən də, mən təxminən bilirəm kimdən danışırsan.

- Yəni demək istəyirəm ki, ədəbiyyatımıza bu şəkildə zərbə vurmaq həmişə olubdur, indi də var. Ən qəribəsi budur ki, eyni adamlar o dövrdə də, bu dövrdə də hələ də qalır, o xislətlərindən əl çəkmirlər. Ədəbiyyata bu cür yanaşmaq nə dərəcədə doğrudur?

- Bilirsənmi, ədəbiyyat belə kiçik ölçülərlə ölçülən bir nəhəng deyil. Ədəbiyyat son dərəcə zəngin, dolğun, son dərəcə öz içindən böyüyən bir anlayışdı, bir siqlətdi, bir yaradıcılıq steziyasıdır. Ona görə də hansısa öz maraqları səviyyəsindən baxan adamlar yox kimidirlər. Bu günləri o adamlar üzdə olsalar belə, əsas deyillər. Ədəbiyyatda əsas olan şey başqadır.


- Sizi demək olar ki, oxumuşam. Həm şeirlərinzilə, həm də ədəbiyyat üzərinə yazdığınız yazılarla, kitablarla, fikirlərinizlə tanışam. Bir də sizinlə bağlı yazılan yazılarla tanışam. Sizdə izimlərlə əlaqəli bir problem olubmu? Yaxud izmlərdən bir vasitə kimi istifadə etmisinizmi? Yaxud da hansısa bir cərəyanı yaradıcılığınızda əsas olaraq götürmüsünüzmü heç?

- Mən 25 yaşında olan Çingiz deyiləm. Niyə 25 yaşında? Çünki bu yaşda mənim ilk kitabım çap olunub. Bu gün isə mən çox fərqliyəm. Amma eyni zamanda o əsas şeylər ki, var, onlar məndə qalır. Poeziya həddindən artıq böyük bir sirdir. O vaxt ki, bu sirrin kələfi keçir sənin əlinə, o vaxt çox təəssüflənirsən. Mənim bir həftədə bir kitab yazdığım olub. İndinin özündə belə mən şeir dəftərimi açanda görürəm ki, mən o Çingizdən cismani cəhətdən uzaq olsam da, ruhən belə sən deyən uzaq deyiləm. Bilirsən, mən dil cəhətdən də olduqca diqqətliyəm.

- Çox həssassınız, zəngin söz bazanız var. Hər şey sayrışır. Hər şey diridir. Poeziyada bu qədər söz yaddaşı, olduqca maraqlıdır. Bu bəlkə də genetik yaddaşla bağlıdır. Bu kitabla, mütaliə ilə oluşan bir məsələ deyil. Hər şairdə bu qədər dil zənginliyi tapmaq çətindir.

- Tamailə doğrudur. Məsələ burasındadır ki, mənim kitablarımın təxminən 2 faizi bu evdədir. Məndə 1000-ə qədər rəssam işi var.

- Zəngin kolleksiyanızın olduğunu bilirəm...

- Bunların içində cəmi 2 işi pulla almışam. Hansı ki o rəssam böyük rəssam idi. İndi rəhmətə gedib. Mən o pulu ona görə ona verirdim ki, heç olmasa bu dəzgahın qabağında dayanıb. İndi o işlər mənim o biri evimdədir. Nizami kinoteatrı ilə üzbəüz olan evimdədir.

- Demək istəyirisniz ki, o kitablarınız da ordadır.

- Mən bura 4 ildir köçmüşəm və mən 4 ildir ki, ağrıyıram. Mən indi evin üst qatına qalxıb ora boşdu, kitab qoya bilmirəm hələ. Ancaq qoyacam. Demək istəyirəm ki, mənim həddən artıq böyük oxu yatırım var. Bütün bunlarla bərabər, Azərbaycan dilinin qaynadığı bir örnəkdən, bir bulağın gözündən su içmişəm. Bu dil Qarabağ dilidir.



- Maraqlı olan odur ki, dilinizdəki sözlər modern şeir örnəkləriylə sizin poetik dilinizdə olduqca gözəl görsənir.

- Təşəkkür edirəm.

- Bir də Çingiz müəllim, sizə elə gəlmirmi ki, biz sovet dövründən aralansaq da, sanki çağdaş şeirimizə, ədəbiyyatımıza qəribə bir sosial dil hakimdir. Dil söhbətini ona görə saldım. Ola bilsin gözəl imzalar var, olduqca intellektual şeirlər yazılır, yüksək səviyyəli ədəbi - bədii - poetiq zövqlərimiz əksər yeni gənc nəslin yaradıcılığında özünü göstərsin. Ancaq o dediyim sosiallıq da bu yazıların dilindən əl çəkmir. Bu, mənim fikrimdir. Bunun kökündə nə durur, Azərbaycanda gedən ictimai-siyasi proseslərmi, dünyada gedən proseslərmi?

- Əlbəttə, Azərbaycan dilinin çağdaş mənzərəsi o qədər də ürək açan deyil. Xüsusən də, poeziyada. Cavan şairlərin çoxu xalqa dırnaq arası yaxın olan dildə yazırlar. Amma xalqın dili, əsil dili, doğma dili tamam başqadır. Azərbaycan dilində yazılan şeirin əsil simasını görmək üçün təəssüf ki, indi çox az şairlər var ki, daha çox dünyasını dəyişmiş şairlərin yaradıcılığına müraciət etməli olursan. Mən indi yaddaşımla bağlı müəyyən narahatçılıqlar keçirirəm. Mən Şaiq Vəlinin, Akif Səmədin adını çəkmək istərdim.

- Bəs Murad Köhnəqala?

- Murad sevdiyim şairlərdəndir. Ona da şeir həsr eləmişəm. Yəni bunların şeirləri təmiz Azərbaycan dilindədir.

- Şaiq Vəli, bilirsiniz də, rəhmətə gedib.

- Mən onu yüksək qiymətləndirirəm.

- Eldar Baxışın şeirləri necəydi?

- Çox yaxşı idi, olduqca yaxşıydı. Amma ondan da yaxşı olanı vardı.

- İmperiyanın tərkibindən qopan, öz müstəqilliyini elan edən xalq necə azad oldusa, bu xalqın ədəbiyyatı, sizcə, müstəqil ola bildimi? Ən azından zehniyyət, təfəkkür, mövzu baxımından. Belə götürəndə bizim ədəbiyyat özgür, müstəqil ədəbiyyatdırmı?

- Çox məsuliyyətli sualdır. Bu sualın cavabını vermək də hələm - hələm hər oğulun işi deyil. Bu gün təəssüf ki, o dediyimiz azadlıq, müstəqillik ədəbiyyatımızda özünü yetərli qədər göstərə bilmir. Azərbaycan ədəbiyyatının özünəməxsus mövzuları, hətta personajları belə (tutaq ki Cahandar Ağa obrazını, yaxud İ.Əfəndiyevin əsərlərində olan monomental obrazları səsinə qoşa biləcək ) yeni obrazlar yetişməyib ədəbiyyatda. Müasir ədəbiyyat hələ özünü axtarmaqla məşğuldur. Müasir ədəbiyyat deyəndə, mənim üçün, Anar da, Elçin də var. Bir neçə yazar var, onları qırağa qoyuram. Bunlar artıq özünü tapmış, özünü təsdiq eləmiş yazarlardır. Ancaq cavan yazarların içərisində özünü tapmış, təsdiq eləmiş elə bir imzaya rast gəlmirəm.


- Yəni özünü təsdiqləmiş imzalarımız yoxdur, deyirsiniz?

- Bəli. Mən hələ görmürəm. Ümumiyyətlə, qadınlar poeziyada..... (burda çox fikirləşdiyi, dayandığı üçün, müdaxilə edirəm: - x.t.)

- Deyirsiniz ki, poeziyada qadınlar çoxalmağa başlayıb. Danışın, burda pis bir şey demirsiniz ki...

- Mən çalışıram bir qədər söhbəti müsbət atmosferdə eləyək.

- Məncə, siz nə danışsanız, ədəbiyyatın xeyirinədir.

- Amma ədəbiyyatda bu gün qadınlar 35-40 yaşdan üzü bəri hələ yetişmiş bir sima görə bilmədim. Bu qadınlarda ayrı cürə, kişilərdə başqa cürə baş verir. Bu faktdır.

- Ola bilərmi ki, bu, dövrlə bağlı bir gerçəklikdir. Əvvəlki dövrdə bilirdin ki, bir sistem var. O sistemin adı vardı. Bugünkü dövrün isə konkret bir adı yoxdur. Adı olmayan bir sistem də mümkün deyil. Adı olmayan bir prosesin içərisində sənət, incəsənət, ədəbiyyat necə özünü tapar, tapa bilər?

- Əgər adı olmayan bir prosesin içərisində biz bunu axtarsaq, rast gəldiyimiz şeylərin ancaq adı olmayan nəsnələr olacaq. Bax orda gördün kitabın üzündəki şəkli Finlandiyanın rəssamı çəkib. Azərbaycan qadınının geyimidir. Bax dediyimiz o yaş çərçivəsində bu səviyyədə oturuşmiş işlər tapmaq çətindir. Ümidverici imzalar var. Təsdiq olunmaq isə ayrı şeydir. Adlar da çəkə bilərəm, lap nə olsun ki?

- Bəli, indi bir moda minib adlar çəkmək.

- Bəli.

- Sizə yazıblar da bir zamanlar, ön söz, uğurlu yol. Siz hansısa gənc yazara ön söz, uğurlu yol yazmısınızmı?

- Yazmışam. 3-4 nəfər olar.

- Bunu bilmirdim.

- Tofiq Qaraqayanının kitabına yazmışam.

- Müəllim, o sizdən yaşlıdır ki.

- Doğru deyirsən?

- Zarafat edirəm, ancaq o sizdən sonrakı nəslin nümayəndəsidir. Sonrakı gənc nəsildən söhbət gedir.

- “Uğurli yolu” bizim vaxtımızda tanınmış şairlərdən yazmasaydılar, səni kimsə yaxına buraxmazdı. Mən Camal Yusifzadə rəhmətliklə o vaxtı iki rus şairinə Oktay Şamil üçün yazı yazdırdıq. Çoxlu imzalar var ki, onlar ədəbiyyatımıza utanğaclıq gətirən deyillər. Sadəcə olaraq adları yadımdan çıxıb.

- Eybi yox. Narahat olmayın. Yadınıza düşəndə deyərsiniz.

- Yadıma sala bilmirəm adları.

- Sizin kitabların estetik baxımdan, tərtibat olaraq ayrı bir gözəlliyi də var. Sizin kitablardan ürəyinizcə olan hansı mükafatları, təltifləri qazanmısınız?

- Təbii ki, “ÇƏRÇİVƏ” şeir kitabı Moskvada keçirilən beynəlxalq sərgi və müsabiqədə “Qran-Pri” mükafatını mənim kitabım aldı. 2015- ci ildə mənim 5 kitabım çap olundu. Bu kitabın birini də Belarusiyada çıxıb. Burdakı şeirləri Belarusiyanın ən görkəmli şairləri tərcümə ediblər.

- Təbrik edirəm.

- Bu kitab isə Moskvada “Xdojestvennıy literatura” nəşriyyatında çap olunub.

- Bu “Qran - Pri”ni alan kitabınızın mükafatı ən ürəyinzcə olan mükafatdır, deyirsiniz?

- Bəli. Çünki o “Qran - Pri” mükafatını aldı. Mükafatın məbləği rus pulu olaraq 1 milyon rubl idi. Bu da o vaxtkı kursla 33 min dollar pul edirdi.


- Pulu aldınızmı?

- Əlbəttə ki.

- Əsas budur...
Bu arada Çingiz müəllim əlində tutub o möhtəşəm mükafata layiq görülmüş kitabını vərəqləyir və hansısa səhifədən gözünə sataşan həcmcə balaca şeirlərindən birini, “Gen “şeirini oxuyur. Şeiri oxuyub qurtaranda :

- Gənə sözünü bilirsiniz də?

- Təbii. Gənə yapıçanda əl çəkmir ki.
Yaradıcılıqla bağlı qorxunuz yoxdur ki?

- Qəti şəkildə. Bu yaradıcılıq, şeir məsələsi elə bir məslədir ki, əgər qorxacaqsansa, bu dəryaya girməli deyilsən.

Söhbətləşdi: xanəmir telmanoğlu


Çingiz Əlioğludan bir şeir:
Kimlər ki, sənin
Al qanından içiblər.
Daha səndə işləri yox,
Təqsirindən keçiblər

Kimlərə ki, sən
Qan uddurmusan
Rahat yata bilərsən,-
Günahından keçiblər.

Kimlər ki, səni
Min kişidən seçiblər,
əmin ola bilərsən,-
kəfənini biçiblər....

Avqust, 2008.



Şərhlər
  • Akif Hasanov

    Gözəl şair və gözəl insan, allah can sağlığı versin.

  • Aləmzər Əlizadə

    Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu görkəmli şair olmaqla yanaşı həm də böyük şəxsiyyətdir

  • Fazil

    Yaxşı müsahibədi. Oglu Ormanla baqli sula vererdiz gerek

  • Eldar Həsənov

    Çingiz müəllim kişi adamdı. Allah cansağlığı versin

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər